Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən səkkiz nəfərin hər biri evə buraxılıb.
Mərkəzdən Mynews.az-a verilən məlumata görə, gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.
Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən toyuq dönəri alaraq yediklərini bildiriblər.
Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.
Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
11:41
“Bu günə qədər belə hadisə baş verməyib, heç vaxt şikayət olmayıb”.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, Bakıda kütləvi zəhərlənmə qeydə alınan “Dönər Market”in administratoru Orxan Ağayev deyib.
O bildirib ki, ətin sertifikatı var:
“Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Bütün sertifikatlar var. Birinci belə haldır baş verir. Həmin səkkiz nəfərin dönərdən zəhərlənməsinin sübut olunmasını gözləyirik. Ekspertizanın cavabını gözləyirik. AQTA tərəfindən sertifikatımız var. İki ildən çoxdur fəaliyyət göstəririk, belə hadisə baş verməyib. Əti bizə gətirən şirkət var, biz də onlardan tələb edəcəyik ki, vəziyyəti izah etsinlər.
Koronavirusla bağlı hər həftə müəssisədə dezinfeksiya işləri də aparılır. Ətlərə gəldikdə isə, istəyirsinizsə, özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur. Bu birinci haldır baş verib. Ola bilər həmin vətəndaşlar dönərdən sonra başqa qida qəbul ediblər, bəlkə də ondan zəhərlənmə olub”.
11:26
Bakıda dönərdən kütləvi zəhərlənmənin baş verdiyi “Dönər market”in fəaliyyəti dayandırılıb.
Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yerləşən dönərxananın fəaliyyəti ötən gündən etibarən dayandırılıb.
11:04
Bakıda dönərdən zəhərlənənlərin adları məlum olub.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Zəhərlənən şəxslərin siyahısı:
Cavid Bayramov
Murad Xəlilov
Tünzalə Fəttahova
Həmid Əliyev
Səid Soltanov
Rafiq Mirzəyev
Qüdrət Ömərov
Maqsud Soltanov.
Mərkəzdən bildirilib ki, zəhərlənənlər arasında 16 yaşlı yeniyetmə Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:
“Onlar “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Vəziyyətləri yaxşılaşan Q.Ömərov, M.Xəlilov artıq evə buraxılıblar. Digərlərinin müalicəsi davam etdirilir”.
10:47
Daxili İşlər Nazirliyi (DİN) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub:
“Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır”.
10:42
Bakıda dönərxanalardan birində baş vermiş kütləvi zəhərlənmə iddiası ilə bağlı rəsmi qurumlar hərəkətə keçib.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
10:26
“Zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib.
E.Hidayətoğlu bildirib ki, zəhərlənən şəxslərdən biri evə buraxılıb:
“Səkkiz nəfərdən biri qadın, digərləri kişidir. Zəhərlənənlərin dediyinə görə, dönəri “28 Mall” yaxınlığında yerləşən dönərxanalardan birindən alıblar. Hadisə ötən gün saat 13:00-17:00 aralığında baş verib. Bu adamların xəstəxanaya müraciəti bir neçə saat ərzində artıb. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti orta-ağır, bəzilərinin vəziyyəti isə stabildir”.
10:10
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib:
“İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir”.