Bakıda idman zalında kütləvi dava olub. İki idman müəllimi arasında düşən mübahisə kütləvi davaya səbəb olub. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Hadisə Binəqədi rayonundakı məşhur idman zalında baş verib.
İdman zalına kütləvi basqın olub, yaralananlar var. Hadisə gecə Binəqədi rayonu ərazisində yerləşən ''Marafon'' idman zalında baş verib. Dəyənək, balta, beşbarmaqla silahlanan 17 nəfərlik dəstə məşq zamanı zala hücum edib, məşq keçən idmançılara o cümlədən, yeniyetmələrə xəsarət yetirib.
İlkin məlumata görə, insidentə iki məşqçi arasında mübahisə səbəb olub. ''MMA'' üzrə dünya çempionu Əli Nəcəfi eyni zalda işləyən həmkarı Ziyadxan Sədiyevlə məşq saatları üstündə mübahisə ediblər. Əli Nəcəfi Ziyadxan Sədiyevin məşq vaxtını uzatmasına, onun məşq saatını pozmasına etiraz edib. Mübahisədən sonra Əli Nəcəfi yetirmələri ilə məşqə başlayıb və təxminən yarım saat sonra Ziyadxan Sədiyev soyuq silahlarla silahlanmış 17 nəfərlə zala hücum edib. Onlar məşqçi Əli Nəcəfini və onun tələbələrini vurmağa başlayıblar.
Hadisə zamanı zalda yeniyetmə və qız idmançılar da olub. Baş verənlər onları qorxuya salıb. Övladının məşqini izləməyə gələn valideynlərdən biri davaya müdaxilə edərkən zərbəyə məruz qalıb.
Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla bir neçə nəfər xəsarət alıb. 5 nəfər kəsici yaralar, sınıq və əzik xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, xəsarəti yüngül olan daha bir neçə nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha üç nəfər saxlanılıb. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri görülüb.