Qayınata qızına görə kürəkənini polisə verdi ilginc oğurluq işi...

648
Qayınata qızına görə kürəkənini polisə verdi ilginc oğurluq işi...

İşlədiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edir. İki uşaq atası Niyaməddin Əkbərov həm gözətçi, həm də bağban işlədiyi şəxsin 5 min 800 manat dəyərində geyim əşyalarını oğurlamaqda təqsirli bilinərək həbs edilib. Bu işlə bağlı diqqət çəkən məqam odur ki, Niyaməddin Əkbərov qayınatasının şikayəti əsasında şübhəli şəxs kimi saxlanılıb. Qayınatanın kürəkəndən şikayət etməsinin səbəbi isə ailədaxili problemlərlə bağlı olub.

Mynews.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əkbərov Niyaməddin Sahəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi məhkəmə prosesində N.Əkbərova qarşı irəli sürülən ittihamlarla bağlı araşdırma aparılıb.

İlk olaraq dövlət itihamçısı ittiham aktını elan edib.

5800 manatlıq ayaqqabı, gödəkçə...

İttihama görə, Niyaməddin Əkbərov Bilgəh qəsəbəsində gözətçi və bağban işlədiyi bağ evindən oğurluq edib. N.Əkbərov ev sahibi Həsən Şərifovun evindən ayaqqabı, gödəkçə və digər geyim əşyaları oğurlamaqda təqsirləndirilir. Bu əşyaların hamısı da H.Şərifova məxsus olub. Oğurlandığı iddia edilən əşyaların ümumi dəyəri isə 5 min 800 manat olaraq göstərilir.

Məhkəmədə zərərçəkmiş şəxs kimi tanınan Həsən Şərifovun vəkili mülki iddia ilə çıxış edərək dəymiş zərərin ödənilməsini tələb etdiklərini bildirib. Məhkəmə mülki iddianı hazırkı mərhələdə baxılmamış saxlayıb.

Ancaq Niyaməddin Əkbərov ittihamla özünü təqsirli bilmir. Heç bir oğurluq əməli törətmədiyini deyən N.Əkbərov şübhəli şəxs kimi saxlanılmasının səbəbkarının da qayınatası olduğunu məhkəmədə bildirib.

Qayınatanın kürəkəndən şikayəti...

Niyaməddin Əkbərov məhkəmədə ilk olaraq onu deyib ki, oğurluq hadisəsinin baş verdiyi deyilən gün Bakıda olub: “Mən o vaxt Həsən müəllimin ya şəhərdəki evində, ya da Bilgəhdəki bağında olmuşam. Oğurluq olduğu deyilən gün isə dəqiq bilmirəm harada olmuşam. Uzun müddət keçdiyindən xatırlamıram. İttihamda yazılanların da hamsıı yalandır. Heç bir evə girməmişəm, oğurluq etməmişəm. Mən bağda və şəhərdəki evdə gözətçi idim. Bağa gec-gec gedirdim. O da ağacları budamaq, baxmaq lazım olanda”.

Oğuluq əməlini törətmədiyini deyən N.Əkbərova hakim və dövlət ittihamçısı sual verib.

Məlum olub ki, N.Əkbərov şübhəli şəxs kimi Lənkəranda saxlanılıb. Bu zaman onun evindən sadəcə bir gödəkçə tapılıb. İstintaq həmin gödəkçənin bağ evindən oğurlandığını qeyd edib. N.Əkbərov evlərindən çıxan gödəkçənin kimə məxsus olması haqda məhkəmədə danışarkən bunları deyib: “Həmin “kurtka”nın 45 manat qiyməti var. Onu da Bakıda işləyən vaxt “Sədərək” ticarət mərkəzindən almışam. Bu gün də məni həmin bazara aparsalar haradan aldığımı yəqin ki, göstərə bilərəm”.

Məhkəmədə o da məlum olub ki, N.Əkbərov oğurluqda şübhəli bilinib saxlanılmadan əvvəl Bakıdan doğulduğu Lənkərana qayıdıb. Və 6 ay imiş ki, öz ailəsi ilə yaşayırmış.

Hadisənin ən diqqətçəkən məqamı haqda da elə məhkəmə N.Əkbərovun özü danışıb.

“Sən qızımı gətirmisən, mən də...”

N.Əkbərovun dediklərinə görə, onun oğurluq etməsi ilə bağlı polisə məlumat verən qayınatası olub: “Oğurluq hadisəsinin baş verdiyi deyilən vaxt məni də polisə çağırdılar. Həmin vaxt 14-cü polis bölməsinə qayınatamla getmişdik. Məndən izahat aldılar. Mənim oxumaq və yazmağım zəifdir. Mənim izahatımı qayınatam öz əli ilə yazdı. Mən də qol çəkib təsdiqlədim. Nə bilirdimsə, nə görmüşdümsə, onu yazmışdım. Hadisənin nə mənə, nə də qayınatama aidiyyatı yox idi. İzahat verib gələndən sonra xeyli müddət keçdi. Heç bir səs-soraq çıxmadı. Sonradan da nə olduğu ilə maraqlanmadıq.

Mən iki uşaq atasıyam. Ailəmizdə kiçik söz-söhbət olmuşdu. Mən də yoldaşımı aparıb atasının evinə qoymuşdum. Qayınatam zəng elədi ki, “sən qızımı gətirmisən, mən də səndən şikayət edəcəm”. Mənə açıq şəkildə dedi ki, polisə oğurluğu mənim etdiyimi deyəcək və dedi”.

N.Əkbərov onu da qeyd edib ki, iki uşağının anası olan Pərvanə Muradova ilə barışıblar və hazırda öz evlərindədir.

Məhkəmədə şahid qismində təqsirləndirilən Niyaməddin Əkbərovun qardaşı Elvay Əkbərov da ifadə verib.

O da qardaşı kimi eyni məzmunlu ifadə verərək deyib ki, N.Əkbərov saxlanılmamışdan 6 ay əvvəl Lənkərana qayıdıb və ailəsi ilə yaşayıb.

Elvay Əkbərov suallara cavabında bildirib ki, qardaşı saxlanılarkən və polis əməkdaşları evə baxış keçirərkən orada olmayıb. Amma o da təsdiqləyib ki, qardaşından qayınatası şikayət edib: ”Niyaməddinin qayınatası qızının evə qaytarılmasından narazı id. Zəng edib dedi ki, “qızımı qaytarmısan, mən də gedib polisə deyəcəm ki, sən eləmisən”. Sonra da gedib şikayət elədi. Buna görə də Niyaməddini həbs etdilər. Niyaməddin gəncdir, iki uşaq atasıdır. Həyat yoldaşı ilə də barışıb”.

Qayınata məhkəmə gətiriləcək...

Hakim Mayıl Bayramov Niyaməddin Əkbərovun qayınatasının əlavə şahid kimi məhkəmyəə gətirilməsinin vacib olduğunu bildiirb. Növbəti məhkəmə prosesində onun iştirak edəcəyi gözlənilir. Hakim həmçinin zərərçəkmiş Həsən Şərifovun da məhkəmə gəlməli olduğunu bildirib.

Növbəti məhkəmə prosesi martın 27-nə təyin edilib.

Xəbər lenti