Binəqədidəki yanğınla bağlı məhkəmədə təqsirləndirilənlərə hökm oxundu

444
Binəqədidəki yanğınla bağlı məhkəmədə təqsirləndirilənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Mynews.az-ın SIA-ya istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədov və A.Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verib.

Xatırladaq ki, dövlət ittihamçısı Fərid Nağıyev ötən gün etdiyi çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Q.Novruzovun 7 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov təqsirləndirilirlər.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Xəbər lenti