Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az xəbər verir ki, o, həyat yoldaşı Tünzalə Mustafayevanı bıçaqlayaraq öldürməyə cəhd etdiyi üçün həbs edilib.
Anar Mustafayev həyat yoldaşına telefondan istifadəyə icazə verməyib. Amma arvadının gizli şəkildə hamamda telefonla danışdığını eşidib və bundan qəzəblənib. O, həyat yoldaşından kiminlə danışdığını soruşub.
“Arvadımı öldürmək niyyətim olmayıb”
Əvvəlcə iş yoldaşı ilə danışdığını deyən Tünzalə Mustafayeva daha sonra qız övladını götürərək evdən qaçıb. Arvadını bir müddət axtaran Anar Mustafayev onu iş yerində tapıb.
O, arvadına qızının gözü qarşısında 4 bıçaq zərbəsi vurub.
Anar Mustafayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Anar Mustafayev özünü qismən təqsirli bilib: “Arvadımı öldürmək niyyəti olmayıb. Əgər bu məqsədim olsaydı, dərhal öldürərdim”.
Anar Mustafayev bildirib ki, Tünzalə Mustafayeva ilə 2001-ci ildə ailə həyatı qurublar: “Birgə nikahımızdan 14, 11 və 10 yaşlarında övladlarımız var. Əvvəl Şamaxıda yaşamışıq, sonradan Bakıya köçmüşük”.
“Gördüm ki, telefonla danışır”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, paytaxtda fəhləlik edərək ailəsini dolandırıb: “Son vaxtlar səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə Qobu tərəfdə olan daş sexlərindən birində işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə gördüm ki, dayanacaqda telefonla danışır”.
Anar Mustafayev qeyd edib ki, həmin vaxt həyat yoldaşını telefonla danışdığı yerdə tutmaq istəyib: “Buna görə ona tərəf qaçdım, lakin ona çata bilmədim. Tünzalə işin maşınına minərək getdi. Həmin gün axşam evə gəldim. Bu zaman onun gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Soruşdum ki, kiminlə danışırsan? Əvvəlcə dedi ki, iş yoldaşı Günayla danışır. Danışdığı adamın səsini eşitmişdim, kişi səsi gəlirdi. Belə yalan uydurdu ki, telefonu Günayın əri açıb. Onun əlindən telefonu aldım”.
“Üç uşaq atasıyam”
Anar Mustafayevin sözlərinə görə, həmin günü Tünzalə qızını da evdən götürərək qaçıb: “Bir müddət arvadımdan və qızımdan xəbər tuta bilmədim. Tünzalənin atasına zəng etdim. Bunu onlara dedim. Onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Hər kəsdən, bütün qohumlardan Tünzaləni soruşdum, gördüm deyən olmadı”.
Anar Mustafayev qeyd edib ki, bir neçə gündən sonra Tünzalənin işlədiyi sexə gəldiyini öyrənib: “Onu görmək üçün sexə getdim. Evdən çıxanda da cibimə bıçaq qoydum. Heç bir kişi bu xəyanəti bağışlamazdı. Cibimə bıçaq qoydum ki, birdən orda üstümə təcavüz edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım orada idi. Onun yanında bunu etməzdim. Mən Tünzalənin yanına çatanda elədiklərinin izahını soruşdum. Mənə dedi ki, Taleh adlı kişi onu alıb saxlayacaq. Özünə arvad edəcək. Bu sözlərdən sonra beynim çöndü. Özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum. Öldürmək fikrim yox idi. Sadəcə qorxutdum. Əgər onu öldürmək istəsəydim elə hamamda ilk dəfə tutanda bir saniyənin içində boğub öldürərdim. Bıçaqla vuranda da məni heç kim sakitləşdirmədi. Özüm ondan əl çəkdim. Belə niyyətim olsa idi, sona qədər işimi tamamlayardım. Hansı kişi olsa, bunu edərdi. Məni Şamaxıda hamı tanıyır. Mən özümə, ailəmə hörmət edən adam olmuşam. Məni buna məcbur etdilər. Sonradan öyrənmişəm ki, Tünzalə evdən qaçandan sonra Gəncəyə Taleh adlı şəxsin arxasınca gedib. Gecə saat 10-da avtovağzalda olanda ona polis əməkdaşları yaxınlaşıb. Orada olmalarının səbəbin soruşanda Tünzalə deyib ki, guya Taleh adlı şəxs bunu Gəncədə işləməyə çağırıb. Tünzalə guya Bakıda kafedə 15 manata işləyirmiş, Taleh isə ona Gəncədə 30 manata iş tapacaq. Sonra qayıdıb Bakıya gəlib”.
Məhkəmə iclası aprelin 7-də davam edəcək.
teleqraf.com