Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.
Sayt yazır ki, qəza anından az sonra ərazidən keçənlər icra başçının olduğu maşının foto və videosunu da çəkə biliblər. Qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsizlik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə xilas olublar.
Avtomobildən düşən A.Məmmədovun köməkçisi M.Əliyev dərhal idarə etdiyi maşının nömrə nişanlarını açıb.
Qəzadan sonra dağılıb sıradan çıxan “Qaz-31" markalı maşının sürücüsünü əraziyə gələn təcili tibbi yardım əməkdaşları aparıblar. Sürücünün onurğası zədələnib, bazu sümüyü sınıb. Onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada ilkin tibbi yardım göstərilib, qeydiyyata alınıb. Bundan sonra Alimpaşa Məmmədovun göstərişi ilə gecə yarısı H.Hüseynovu Şəmkir Rayon Mərkəzi Xəstəxanasından çıxarıb Bakıya, özəl klinikalardan birinə aparıblar.
Xəbərə görə, sənədləşmədə qəzaya səbəb kimi “Qaz-31”in sürücüsü göstərilib: “Hadisə yerində olanlar deyirlər ki, əslində “Qaz-31" markalı avtomaşının sürücüsü qəzadan yayınmaq üçün yoldan belə çıxıb, lakin başçının olduğu və yüksək sürətlə hərəkətdə olan maşından yayına bilməyib. Sürücünün özünü itirməməsi həm də onun həyatını xilas edib. Ağır bədən xəsarətləri alsa da, dəhşətli qəzadan o da sağ çıxıb. Hadisə şahidləri deyir ki, Alimpaşa Məmmədovu, övladlarını və köməkçisini dəhşətli qəzadan xilas edən maşının təhlükəsizlik yastıqları olub. Şahidlərin sözlərinə görə, əgər yastıqlar vaxtında açılmasaydı, qəza başçı və onunla birgə nəqliyyat vasitəsində olanlar üçün acı sonluqla bitə bilərdi” deyə sayt yazır.
Qəzadan sonra məlum olub ki, başçı övladları və köməkçisi ilə birgə Şəmkir Su-Elektrik Stansiyasının yaxınlığındakı elit istirahət zonasından, oradakı Kür qəsəbəsindəki restoranlardan birindən gəlirmişlər. Başçı Novruz bayramı ilə əlaqədar tətil günlərində ona baş çəkməyə gələn övladları ilə birgə gəzintiyə çıxıbmış. Qəzadan sonra icra başçısı köməkçisi M.Əliyevin sürücü olaraq xidmətlərindən istifadə etməyi tərgidib. Başçının avtomobili isə hazırda təmirdədir.
A.Məmmədov hazırda qəzada zədələnən “Tayota Land Cruiser” markalı avtomobilə bənzəyən digər nəqliyyat vasitəsindən istifadə etməyə başlayıb. Bakıda müalicə olunan Həsən Hüseynovun sağlıq durumunun orta-ağır olduğu bildirilir.