Mağazaya girən müştərisini döyməkdə təqsirli bilinən Seymur Fərəcovun cinayət işi üzrə məhkəmə başlayıb.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktını nəticəvi hissəsini elan edib. S.Fərəcov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. O ifadəsində qeyd edib ki, Rasim Babayev mağazaya girən zaman özündə olmayıb:
"Mağazada satıcıydım. Müştəri qismində Rasim içəri girdi. Qarpız almaq istədi. Əmimoğlu Ariflə Rasimə dedik ki, kömək edək. Etiraz elədi. Dedi ki, "kayfdayam özüm seçəcəm". Onun bu cür danışması bizə xoş gəlmədi. Mübahisəmiz düşdü. Başladı söyüş söyməyə. Dedim ağzına gələni danışma. Qohumum rəhmətə gedib dedim, söyüş söymə. Sonra onu necə vurduğum yadımda deyil".
Zərərçəkmiş şəxs qismində dindirilən Rasim Babayev bildirib ki, həmin zaman spirtli içkinin təsiri altında olub. "Kayfda olmamışam. Sadəcə qarpız üstündə mübahisə elədik. Dedilər seçmək olmaz. Orda zərbə məni tutandan sonra özümü itirdim. Bir az içkili idim. Əvvəl mübahisə etdik, sonra dava düşdü. Qarpız seçirdim. Mübahisə də elə bunun üstündə oldu. Bunlar iki nəfər idi. Dedilər sənə qarpız satmırıq. Birinci zərbə arxadan gəldi. Amma ilk zərbədən sonra məni digər vuranların kim olduğunu görmədim. İndi də heç bir şikayətim tələbim yoxdur".
Məhkəmə aprelin 10-da davam edəcək. Qeyd edək ki, hadisə ötən ilin avqust ayının 8-də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Şüşəli bazar"ında baş verib. Həmin bazarda mağazada satıcı işləyən S.Fərəcov mübahisə zəminində Rasim Babayevi döyüb. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun ağır xəsarətlər aldığı məlum olub.