Bakıda polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və xuliqanlıqda təqsirləndirilən 1976-cı il təvəllüdlü Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə polis mayoru zərərçəkmiş Namiq Abdullayev ifadə verib:
"Kafedə dostlarla yeyib-içirdik. Həmin zaman Əhmədyar Məhərrəmov içəri girdi. O, başqa bir masada oturub söyüş söydü, ağzına gələni danışırdı. Kafe mənim qardaşımındır. Oranı da işlədən Kamil idi. Kamil Əhmədyarla mübahisə elədi. Həmin yerə yaxınlaşdım. Mübahisənin səbəbini soruşdum, vəsiqəmi təqdim elədim. Əhmədyarı çölə çıxartdıq. Bu zaman Əli adlı oğlan yaxınlaşdı. Dedi, "qardaşım nə məsələdir". Mən də qəzəbləndim. Dedim, sən kimsən polisin işinə müdaxilə edirsən. Bununla əlbirsən?".
Bu zaman təqsirləndirilən Əli Həsənov polis mayorunun sözün kəsərək bildirib ki, orda nə deyibsə, onu danışsın: "Orda mən sənə qardaşımsan dedim, sən də qayıdıb demədin ki, "qardaş olduğumuzu get anandan soruş?!".
İfadəsini davam etdirən polis mayoru qeyd edib ki, Əli Həsənov dostu Əhmədyarı əlindən almaq istəyən zaman baş zərbəsi vurub: "Dostu Əhmədyarı əlimdən almaq istəyirdi. Mübahisə olanda hiss etdim ki, məni kimsə vurdu. Amma görmədim. Mən kafeyə qayıdıb telefonumu götürmək istəyirdim ki, "102"yə məlumat verim. Çünki o, artıq polis əməkdaşına əl də qaldırmışdı. Qapıda qarşıma dostum Arif çıxdı. Mənə dedi ki, səndən qan axır. Ona qədər hiss etmirdim ki, bıçaqlanmışam".
Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli polis mayoruna sual verib. Dövlət ittihamçısı davanın videogörüntülərinin olduğunu və təqsirləndirilən Əhmədyar Məhərrəmovun döyülərək kafedən çıxarıldığını bildirib. Prokurorun sualına cavab verən Namiq Abdullayev deyib ki, Ə.Məhərrəmova fiziki güc tətbiq etməyiblər:
"Hər iki şəxsi bağışlayıram. Polis kimi əməliyyatlarda iki dəfə yaralanmışam. Olan işdir. Heç bir tələbim yoxdur. Bir də məhkəməyə gəlmək istəmirəm. Qanunvericiliyə uyğun olaraq nə cəza olacaqsa, olsun. Sizdən xahiş edirəm ki, bir daha məhkəmə gəlməyim. 37 yaşım var. Hər dəfə bu hadisəni xatırlayanda psixoloji sarsıntı keçirirəm".
Məhkəmə aprelin 11-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmovla həmin şəxslərə sataşıb. Bunu görən Namiq Abdullayev onun arxasınca qaçıb və obyektinin çıxışında Əhmədyar Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və Namiq Abdullayevi döyüb. Bu münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb. Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.