15 yaşlı qızı qaçırıb evlənmək istədi, başına iş açdı Biləsuvarda CİNAYƏT

1072
15 yaşlı qızı qaçırıb evlənmək istədi, başına iş açdı Biləsuvarda CİNAYƏT

Adam oğurluğunda ittiham olunan Biləsuvar rayon sakinləri – 1986-cı il təvəllüdlü Məzahir Şükürov, 1988-ci il təvəllüdlü Pərviz Hüseynov və 1987-ci il təvəllüdlü Sadiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Pərviz Hüseynov yetkinlik yaşına çatmayan 2000-ci il təvəllüdlü Əminə Səmədova (ad və soyad şərti verilib – H. Z.) ilə ailə həyatı qurmaq istəyib. O, Əminə Səmədovaya valideynlərini elçi göndərsə də, Səmədovlar ailəsi onun elçilərinə “yox” cavabı veriblər.

15 yaşlı qızı qaçırmaq planı

Əminənin valideynləri fikirlərini belə əsaslandırıblar ki, qızları hələ ərə gedəcək yaşa çatmayıb. Ancaq Pərviz Hüseynov Əminəni sevdiyi üçün onunla ailə qurmaqda israrlı olub.

Bu səbəbdən Pərviz Hüseynov Əminə Səmədovanı evlənmək üçün qaçırmaq qərarına gəlib. O, bu planını tanışları Məzahir Şükürov və Sadiq Hüseynova deyib. Onlar birlikdə Əminə Səmədovanı oğurlamaq barədə plan qurublar.

Dərsdən çıxan məktəbli qız

28 sentyabr 2015-ci il tarixdə, saat 14.00-da Sadiq Hüseynov sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Vaz 21063” markalı avtomobillə Biləsuvar rayonunun Günəşli kəndində Niyaməddin Babayevin yaşadığı evinin qarşısına gəlib. Avtomobildə onunla yanaşı tanışları Məzahir və Sadiq də olublar. Onlar avtomobildə həmin evin qarşısında gözləyiblər. Bu zaman Əminə Səmədova oxuduğu orta məktəbdən çıxıb və sinif yoldaşları ilə birlikdə evinə gedib. Yolun kənarı ilə bir qədər gedəndən sonra Əminə sinif yoldaşlarından ayrılıb və yolu keçmək istəyib.

Bu vaxt Sadiq Hüseynov avtomobili işə salıb və maşını düz Əminə Səmədovanın qarşısında saxlayıb. Pərviz Hüseynov isə Məzahir Şükürovla birlikdə avtomobildən düşüblər və zorla Əminə Səmədovanı avtomobilə mindirməyə çalışıblar.

Bu zaman Əminə Səmədova qışqıraraq kömək istəyib və dartınaraq onu tutan Pərviz Hüseynovun əlindən çıxmağa çalışıb. Onun səs-küy salmaması üçün Pərviz Hüseynov Əminənin ağzından tutub. Zorla avtomobilə mindirilən zaman Əminə Səmədova xəsarət alıb.

Sonra Pərviz Hüseynov Məzahir Şükürovla birlikdə Əminə Səmədovanı avtomobilin arxa oturacağına qoyublar. Onların bu hərəkətlərinin qarşısını almağa çalışan Əminə Şükürovanın sinif yoldaşı Samirə Əliyevanı (ad və soyad şərti verilib – H. Z.) itələyib. Bu zaman Samirə Əliyeva yerə yıxılıb.

Zorakılıq

Daha sonra Pərviz Hüseynovla Məzahir Şükürov birlikdə Əminə Səmədovanın müqavimətini qırıblar və avtomobilin arxa oturacağına yerləşdirdirə biliblər. Pərviz Hüseynov avtomobildə Əminənin yanında əyləşib. O, Əminənin əllərini və qollarını tutmaqda davam edib, onun müqavimət göstərməsənə imkan verməyib.

Məzahir Şükürov isə avtomobildə qabaq sağ oturacaqda əyləşib. Onlar Əminə Səmədovanın Cəlilabad rayonunun Alar kəndinə gətiriblər. Orada bir gün saxlayıblar. Məktəblinin valideynləri baş vermiş hadisə ilə bağlı Cəlilabad rayon polis şöbəsinə şikayət ediblər.

Şikayət əsasında polis dərhal əməliyyat keçirib. Əməliyyat nəticəsində Əminə Səmədova gizlədildiyi yerdən tapılıb və ailəsinə təhvil verilib. Cinayəti törədən şəxslər isə polis əməkdaşları tərəfindən həbs edilib.

Evlənmək istəyən oğlana və onun tanışlarına cəza

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Şükürov 10 il 6 ay, Pərviz Hüseynov 11 il, Sadiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Məzahir Şükürov onun barəsində təyin edilmiş hökmün ləğv edilməsini, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edib. O, bildirib ki, Əminə Səmədovanın sağlamlığa xəsarət yetirmək planı olmayıb.

Məzahir Şükürovun sözlərinə görə, dostu Pərviz Hüseynova sevdiyi qızı qaçırmağa köməklik edib. O, bu əməlində hər hansı cinayət tərkibinin olmadığını deyib.

“Evlənmək istəmişəm”

Sadiq Hüseynov da apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Pərviz Hüseynov da cinayət törətmədiyini, evlənmək məqsədilə Əminə Səmədovanı qaçırdığını deyib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin şikayəti əsassız edilib və bu səbəbdən apelyasiya şikayətləri təmin edilməyib.

Bundan sonra təqsirləndirilən şəxslər eyni tələblə Ali Məhkəməyə müraciət ediblər. Onların kasasiya şikayətlərinə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası təqsirləndirilən şəxslərin kasasiya şikayətlərini təmin etməyib.

Xəbər lenti