"Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq".
Mynews.az Apa.az-istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaq: “Həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək".
Dövlət başçısı deyib ki, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir: “Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür”.
Prezident İlham Əliyev bildirib ki, bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcək: “Eyni zamanda, qeyd etməliyəm, son illər ərzində yenə də bizim siyasətimizə uyğun olan bir proses ondan ibarətdir ki, Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək”.