Bakıda dostları ilə bibisinin evin yaran "polislərə" 26 İL HƏBS

560
Bakıda dostları ilə bibisinin evin yaran "polislərə" 26 İL HƏBS

Qaradağ rayonunda silsilə oğurluq və quldurluq etməkdə təqsirləndirilən, özlərini polis kimi təqdim edən dəstə üzvləri – Adil Şahbalıyev , Emin Mirzəyev, Emin Allahverdiyev və Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyev sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən A.Şahbalıyev 9 il, E.Mirzəyev 5 il, E.Allahverdiyev 4 il 6 ay və N.Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Şahbalıyev 2016-ci ilin noyabr ayında Lökbatan qəsəbəsində tanışı Səbinə Məmmədzadəyə zor tətbiq edərək onun “iPhone 5S”markalı mobil telefonunu, ödəmə kartlarını və çantasındakı 110 manat pulunu götürməklə soyğunçuluq edib.

Bu hadisədən bir müddət sonra onunla eyni qəsəbədə yaşayan Orxan Zülfiqarzadəyə hədə-qorxu gələrək pul tələb edib. O.Zülfiqarzadənin pulu olmadığını dedikdə isə o, əl atıb onun cibindəki 20 manat pulunu çıxarıb.

A.Şahbalıyevin quldurluq əməlləri bununla bitməyib. O, 6 yanvar 2016-cı ildə Ceyhun İsmayılov və N.Əkbərovla birlikdə E.Mirzəyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Salyan şosesi istiqamətində hərəkət edərkən Kamran Ələkbərovun yol kənarında dayandığını görüb. Onun pullarını əlindən almaq məqsədilə avtomobili saxlayıb, pusquda dayanıblar. Ətrafda kimsənin olmadığını görən A.Şahbalıyev Ceyhunla birgə Kamrana yaxınlaşaraq onun qollarını burub yerə yıxıb və gödəkçəsinin cibindəki 300 dolları ələ keçiriblər. Həmçinin onlar zərərçəkənlərinə polis olduqlarını da deyiblər.

Dəstə üzvlərinin sonuncu cinayəti də elə həmin gecəyə təsadüf edib. Bu dəfəki oğurluq öz dəst-xətti ilə digərlərindən fərqlənib. Belə ki, hədəfə götürülən Novruz Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, E.Mirzəyev, E.Allahverdiyev və Novruz pusquda dayanıblar, Adillə Ceyhun isə Samirə Əkbərovanın mənzilinə soxulublar. Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.

Törətdikləri cinayət əməlinə görə onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) və 180.2.1 (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti