Quldurluqda təqsirli bilinən Zaqatala rayon sakini, 1990-cı il təvəllüdlü Ramin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramin Mahmudov Nəsimi rayonu, Abay döngəsi, 15 saylı evdə Nazim Qafarovun 357 manat məbləğində nağd pulunu ələ keçirmək məqsədi ilə ona həyatı üçün təhlükəli zorakılıq tətbiq edib. O, Nazim Qafarovu bıçaqlayaraq, sağlamlığına xəsarət yetirib.
Ramin Mahmudov Cinayət Məcəlləsinin 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Bardan çölə çıxdım və qayıdanda Nazimi görmədim”
Təqsirləndirilən Ramin Mahmudov bildirib ki, maddi ehtiyac içərisində yaşadığından Nazimin içkili vəziyyətdə olmasından istifadə edərək, onun pullarını ələ keçirmək fikrinə düşüb: “İş ilə bağlı bir anlığa bardan çölə çıxdım və qayıdanda Nazimi içəridə görmədim. Onu tapmaq məqsədilə çölə çıxdıqda Nazimin yaxınlıqdakı parkda skamyada oturduğunu gördüm.
Yaxınlaşaraq köməyə ehtiyacının olub-olmadığını soruşdum. O, mənə kiminsə köməyinə ehtiyacının olmadığını dedi. Ona taksiyə oturdaraq yola salmağı təklif etdim. Nazim buna etiraz etmədi. Nazimdən taksiyə verməyə pulu olub-olmadığını soruşdum. O, cibindən topa halda 20 və 50 manatlıq pulları çıxararaq mənə göstərdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Nazimdən harada yaşadığını soruşub, sonuncu ona “Kubinka”da yaşadığını deyib: “Bundan sonra markası və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi saxlatdım və sürücü bizi “Kubinka”ya gətirdi. Birlikdə Nazimin evinə gəldik. O, açarla qapını açdı və biz evə daxil olduq. Nazim içəridən qapını bağlayarkən evə göz gəzdirdim və otaqdakı masanın üzərində iri mətbəx bıçağı olduğunu gördüm. Həmin bıçaqla Nazimi vuraraq üstündəki pulları götürmək qərarına gəldim. Nazimin başının qapını açarla bağlamasına qarışdığını görərək, bıçağı götürdüm və onun sol böyründən bir dəfə vurdum. Nazim aldığı zərbədən qışqırmağa başladı. Nazimin qışqırdığını gördüm. Buna görə də qorxuya düşdüm və onun pullarını götürmədən oradan uzaqlaşmaq istədim. Arxaya baxdıqda Nazimin zarıya-zarıya bayıra çıxıb və arxamca gəldiyini gördüm”.
“İstirahət etmək məqsədilə gecə klubuna gəldim”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazim Qafarov bildirib ki, yanvarın 10-da, saat 20 radələrində “Təzə Bazar”ın yaxınlığında yerləşən “Ruslan” kafesində yemək yeyib, araq içib: “Sonra saat 23 radələrində istirahət etmək məqsədi ilə “Black Bird” gecə klubuna gəldim. Həmin vaxt üstümdə 400 manata yaxın pul olub. Parkda dincələrkən Ramin mənə yaxınlaşdı, salam verib köməklik təklif etdi. Ramin məndən harada yaşadığımı soruşdu. Ona “Kubinka” deyilən ərazidə yaşadığımı bildirdim”.
Nazim Qafarovun sözlərinə görə, həmin vaxt Ramin ondan əl çəkməyərək birlikdə yeyib-içməyi təklif edib: “Nazimin əl çəkmədiyini gördüm və onu evimə dəvət etdim. Taksiyə minməzdən əvvəl Ramin məndən pulumun olub-olmadığını soruşdu. Raminə cibimdən çıxardaraq 50, 20, 5 və 1 manatlıqlardan ibarət pullarımı göstərdim. Gecə saat 1 radələrində Raminlə yaşadığım evə gəldik. Evə daxil olandan sonra qapını açarla bağlamaq istədim. Bu zaman sağ böyrümdən zərbə ilə vurulduğumu hiss etdim. Arxaya baxdıqda Raminin əlindəki bıçağın uc hissəsinin qana bulandığını gördüm. Bu an Ramin əlindəki bıçağı yerə tulladı və mənim üstümə hücum etdi”.
“357 manat pulumu götürmək istədi”
Nazim Qafarov qeyd edib ki, bu vaxt Ramin Mahmudov onun cibindəki 357 manat pulunu götürmək istəyib: “Ramini kənara itələyərək üstünə qışqırdım. Ramin hirsləndiyimi və pulumu götürə bilməyəcəyini görüb həyətə düşdü. Həm özümü xilas etmək və həm də Ramini tutdurmaq üçün onun arxası ilə getdim. Həyət qapısından bayıra çıxarkən qışqırdım və Raminin məni bıçaqla vurduğunu deyərək, köməyə adam çağırdım, haraylayaraq onu tutmalarını xahiş etdim”.
11 il 6 ay cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Mahmudov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramin Mahmudov apelyasiya şikayəti verib.
O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ramin Mahmudovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Ramin Mahmudov kasasiya şikayəti verib.
Onun şikayətinə Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərarı elan edib. Qərara görə, Ramin Mahmudovun kasasiya şikayətinin dəlilləri əsassız hesab edilib və təmin edilməyib. (teleqraf.com)