Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Adil Şahbalıyev, Emin Mirzəyev, Emin Allahverdiyev və Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Şahbalıyev 9 il, E.Mirzəyev 5 il, E.Allahverdiyev 4 il 6 ay və N.Əkbərov 6 il azadlıqdan məhrum ediliblər.
İttihama görə, A.Şahbalıyev 2015-ci ilin noyabr ayında Lökbatan qəsəbəsində tanışı Səbinə Məmmədzadəyə zor tətbiq edib, onun "iPhone 5S" markalı mobil telefonunu, ödəmə kartlarını və çantasındakı 110 manat pulunu alıb. Bu hadisədən bir müddət sonra onunla eyni qəsəbədə yaşayan Orxan Zülfüqarzadəyə hədə-qorxu gələrək pul tələb edib. O.Zülfüqarzadənin pulu olmadığını dedikdə isə o, əl atıb onun cibindəki 20 manat pulunu çıxarıb.
A.Şahbalıyev 6 yanvar 2016-cı ildə Ceyhun İsmayılov və N. Əkbərovla birlikdə E.Mirzəyevin idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Salyan şosesi istiqamətində hərəkət edərkən Kamran Ələkbərovun yol kənarında dayandığını görüb. Onun pullarını əlindən almaq məqsədilə avtomobili saxlayaraq pusquda dayanıblar. Ətrafda kimsənin olmadığını görən A.Şahbalıyev Ceyhunla birgə Kamrana yaxınlaşaraq onun qollarını burub yerə yıxıb və gödəkçəsinin cibindəki 300 dolları ələ keçiriblər.
Dəstə üzvlərinin sonuncu cinayəti də elə həmin gecəyə təsadüf edib. Bu dəfə oğurluq öz dəst-xətti ilə digərlərindən fərqlənib. Belə ki, hədəfə götürülən Novruz Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, E.Mirzəyev, E.Allahverdiyev və Novruz pusquda dayanıblar, Adillə Ceyhun isə Samirə Əkbərovanın mənzilinə soxulublar. Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar