Qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. 15 yaşlı qızını qısqanclıq zəminində öldürdüyü deyilən atanın 52 yaşı var. Bu gün baş tutan məhkəmə prosesində isə hadisənin ilginc təfərrüatları ortaya çıxıb. Ata qızını öldürdüyünü xatrılamadığını deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən
Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, N.Cabbarov qızının əxlaqsızlıq etdiyini əsas gətirərək onu amansızlıqla qətlə yetirib.
Qızını yatarkən öldürüb
"N.Cabbarov bacısı Zəhra Əliyevanın evində olan qızlarının yanına gedib. Axşam qızlarının yatdığı otağa girərək qapını içəridən bağlayıb.
Əlində olan bıçaqla qızı Aygünə zərbə vurub. Yuxudan ayılan Aygün atasına yalvararaq müqavimət göstərib. Digər çarpayıda yatan Süra Cabbarova da bacısının səsinə oyanıb. Süra atasına yalvarıb ki, bacısını öldürməsin. Amma o buna məhəl qoymayaraq qızına daha bir neçə zərbə endirib”- deyə ittiham aktında yazılır.
Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinir.
Məhkəmədən söz istəyən Nəsib Cabbarov hadisəni necə törətdiyini bilmədiyini deyib. O, 2015-ci ilin aprel ayında cəbhə bölgəsində baş verən hadisələrində Ağdam istiqamətində gedən döyüşlərdə evlərinə və qonşuların həyətinə düşən mərmilərdən sonra xəsarət aldığını və sarsıntı keçirdiyini söyləyib.
Ata deyir ki, qızını öldürməsini xatırlamır
N.Cabbarov deyib: "2015-ci ildə evimizin yanına bomba düşdü. Qonşuların evi dağıldı, mən özümdə deyiləm. O vaxtdan özümü idarə edə bilmirəm, özümdə olmuram. Nə etdiyimi, nələr yaşadığımı anlamıram. Bakıya isə niyə gəldiyimi, necə gəldiyimi xatırlamıram”.
Hakimlərin və prokurorun suallarını cavablandıran N.Cabbarov qızımı niyə öldürdüyünü izah edə bilməyib və əlavə edib ki, qızı heç vaxt əxlaqsız hərəkət etməyib: "Başım özümdə olmayıb. Qızımın heç bir pis hərəkəti olmayıb. Mən onu min əziyyətlə böyütmüşəm. Hadisənin necə olduğunu bilmirəm”.
"Qızım əxlaqsızlıq etməyib”
Hakim Nəsib Cabbarova xatırladıb ki, o, istintaqa ifadəsində qızını namus üstündə öldürdüyünü deyib. Amma Cabbarov məhkəmədə qızının heç bir səhv hərəkətinin olmadığını, istintaqda nə dediyini, özünü idarə edə bilmədiyini söyləyib: "Qızım əxlaqsızlıq etməyib”.
Məhkəmədə şahid qismində Rövşən adlı şəxs ifadə verib. Nəsib Cabbarov Rövşənin həyat yoldaşının dayısıdır.
Bu iş üzrə ittiham aktında yazılır ki, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqda söz-söhbəti Rövşəndən eşidib. Amma Rövşən məhkəmədə bu deyilənləri inkar edib və bildirib ki, Nəsib Cabbarov aprel döyüşləri zamanı xəsarət aldığı, psixoloji sarsıntı keçirdiyi üçün özündə olmayıb.
Nəsib Cabbarov da Rövşəndən qızı haqda nalayiq ifadələr eşitdiyini xatırlamadığını söyləyib: "Mənim övladlarım elə hərəkət etməz. Mən xatırlamıram ki, Rövşən mənə nə deyib”.
Digər şahid Nəsib Cabbarovun bacısı Zəhra Əlyarov olub.
"Qardaşıma canım qurban”
O, deyib ki, qardaşı çox yaxşı adamdır, ailəsi də namuslu olub: "Qardaşıma canım qurban. Bizim başımız ucadır. Qardaşım 2015-ci ildə həyətlərinə mərmi düşəndə Ağdamda başından xəsarət aldı. Nə oldusa, bundan sonra oldu. Həmişə qorxurdu ki, qızlarına nəsə olar. Qızlarını Bakıya bizə göndərmişdi. Deyirdi ki, "mənə nəsə olsa, qızlarım sənə əmanətdir”. Qardaşım özünü idarə edə bilmirdi. 2-3 dəfə ziyarətgaha apardıq ki, qorxusunu bəlkə götürdülər. Sonra da həkimə apardıq. Həkim dedi ki, beyni oynayıb”.
Nəsib Cabbarovun bacısı qətlin baş vermə səbəbi haqda bunları deyib: "Qorxurdu ki, qızları kəndə qayıdar. Deyirdi ki, "maskalılar, ermənilər kənddə gələr. Qızları kəndə buraxma”. Qızları isə deyirdi ki, "hamı kənddədir, biz də gedək". Amma qardaşım razı deyildi. Qızını öldürəndən 3 gün əvvəl də dərmanı qurtarmışdı. Dərmanlar ona təsir edirdi. Amma imkan olmadı ki, sonra dərmanları alaq.
Həmin gün səhər çörək yeyəndən sonra mən evdən çıxıb mağazaya gedirdim. Çölə çıxanda səs eşitdim qayıdanda gördüm ki, Aygün yerdə uzanıb, qardaşımın da əlində qanlı bıçaq. Qardaşımın qızları evdən çölə çıxmayıb, gül balalardılar. Heç bir namussuzluq ola bilməz”.
Təqsirləndirilən şəxsin qardaşı oğlu Xalid Cabbarov da məhkəmədə şahid qismində dindirilib.
Digər şahidlər kimi eyni məzmunlu ifadə verən Xalid Cabbarovun dediklərindən ilginc təfərrüat ortaya çıxıb.
Məlum olub ki, Xalid Cabbarov və bibisi hadisədən 6 ay əvvəl Nəsib Cabbarovu özəl klinikalardan birinə müayinəyə aparıblar. Həkim Nəsib Cabbarovun psixoloji problemlərinin olduğunu və mütləq müalicə almasını məsləhət görüb.
Amma Xalid Cabbarov və qohumları "Ayıbdır. Deyəcəklər ki, iki uşaq atası dəli olub” düşünərək Nəsib Cabbarovun xəstəxanaya yerləşdirilməsinə razı olmayıblar.
Şahid Xalid Cabbarov məhkəmədə bunu etiraf edib və hərəkətlərindən peşman olduğunu söyləyib.
Növbəti məhkəmə prosesi aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, qətl ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun atası Nəsib Cabbarov tutulub. Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.
Musavat.com