Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.
Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
***
Biləsuvarda axşam saatlarında baş verən güllələnmə hadisəsinın təfərrüatları məlum olub. İstiPress-in cənub bürosunun hadisə şahidlərindən və yerli hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə adi məişət zəminində, iki yaxın qonşu arasında baş verib.
Qonşular arasında mübahisəyə səbəb isə birinin toyuğunun digərinin həyətinə keçməsi olub. Mübahisə o həddə qızışıb ki, qonşulardan biri, 1986-cı il təvəllüdlü Əliyev Asim Alim oğlu əlinə ov silahını alaraq digər qonşunun 25 yaşlı Əliyev Şahin Azər oğluna hücum edib. Bundan xəbər tutan qardaşı Adil Asimi sakitləşdirmək üçün araya girəndə güllə yarası alıb.
Bədənin müxtəlif nahiyələrindən bir neçə güllə yarası alan Adil aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Baş nahiyəsindən güllə yarası alan 25 yaşlı Şahin Əliyev isə hadisə şahidləri tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin törədilməsində təqsirli bilinən Asim Əliyev rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaqa verdiyi ilkin ifadəsində o hadisəni törədərkən içkili vəziyyətdə olduğunu, əməlindən peşiman olduğunu deyib.
Asim Əliyev barəsində Biləsuvar rayon prokurorluğunda Azərbaycan respublikası CM-nin 120.1,29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.