Şiddətli menstruasiya ağrılarının səbəbi nədir? Ginekoloq rəyi

961
Şiddətli menstruasiya ağrılarının səbəbi nədir? Ginekoloq rəyi

“Menstrual tsikl (aybaşı) sancıları bəzi hallarda problem ola bilər, bəzi hallarda isə normalda da menstruasiya zamanı və ya menstruasiyadan əvvəl kiliniki əlamətlər olur ki, buna tibb elmində “predmenstrual sindrom" deyilir”.

Bunu Metbuat.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru, ginekoloq Xəyalə Təhməzi deyib: “Normal halda əksər qadınlar aybaşını ağrısız, problemsiz keçirir. Lakin bəzi qadınlarda müəyyən əlamətlər - baş ağrısı, qıcolma, sinədə həssaslığın artması, emosional sferada dəyişikliklər, şişkinlik və s. fərdi əlamətlərə rast gəlinir. Bu əlamətlərin şiddəti bəzi qadınlarda yüngül, bəzilərində orta, bəzilərində isə həddindən artıq şiddətli keçir. Təbii ki, yüngül və orta ağrılar zamanı istirahət etmək, idmanla məşğul olmaq, qidalanmada müəyyən rejimi gözləməklə qarşısını almaq və ya ağrıları azaltmaq olar. Ancaq şiddətli ağrılar zamanı həkim tərəfindən dərmanlar təyin edilməlidir”.

Aybaşı sancılarını yaradan səbəblər nələrdir?

“Aybaşı vaxtı sancılar müəyyən patologiyalar nəticəsində, iltihabi proseslər, uşaqlıq daxilində gedən problemlərlə əlaqədar yarana bilər. Həkim müayinəsindən keçmək vacibdir. Heç bir patoloji vəziyyət aşkarlanmadıqda isə bunun “predmenstrual sindrom”la bağlı olduğu aydınlaşır. “Predmenstrual sindrom”un yaranma səbəbi isə hər ay yumurtalıqla hipofiz vəz arasında gedən hormonlardakı dəyişikliklərlə əlaqədar aybaşı funksiyasının baş verməsi ilə əlaqədar olur. Bu hormonal sferada gedən dəyişikliklər bəzi qadınlarda özünü şiddətli şəkildə kliniki əlamətlərlə göstərir”.

Xəbər lenti