Son illər xanımlar ailə qurmağa tələsmirlər. Təhsil alıb karyera qurmaq istəyirlər. Başları karyeraya o qədər qarışır ki, ailə qurmaq yadlarına da düşmür. Gec ailə qurduqda isə övlad sahibi ola bilmirlər. Ancaq narahat olmasınlar. Tibb bu problemin də həllini tapıb. Bu, yumurta hüceyrənin dondurulmasıdır. Bu üsulla xanımlar 40-50 yaşdan sonra da uşaq dünyaya gətirə bilərlər”. Bu fikirləri Azərbaycanda süni mayalanma üzrə məşhur mütəxəssis, GENOKS-un (genetik xəstəliklərin diqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi Ersadık Turan Ailem.az-a açıqlamasında deyib.
Mütəxəssis bu prosedur haqda ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda bir neçə ildir yumurta hüceyrənin dondurulması üsulu həyata keçirilir. Qadından götürülən yumurta hüceyrələr qoruyucu maye ilə qarışdırılaraq şüşə borulara qoyulur və duru azotun içərisində -196 dərəcədə dondurularaq saxlanılır: “Xanımları bilgiləndirməyi bir həkim kimi özümə borc bilirəm. Karyera qurmaq əlbəttə yaxşıdır. Amma bilmək lazımdır ki, ərə gedib uşaq dünyaya gətirmək üçün 38 yaşı keçmək olmaz. Çünki o yaşda yumurta hüceyrələr yox olmaq həddinə çatır. Normalda qız uşağının yumurtalığında hələ ana bətnində olanda 2 milyon yumurta olur. Doğulan gün bu rəqəm 1 milyona düşür. Yumurta özü-özünü yox edir. 12-13 yaşına çatanda 400 minə enir. 35 yaşa qədər ayda 1 yumurta, 35 yaşdan sonra gündə 30-40, 38 yaşdan sonra isə yüzlərlə, minlərlə yumurtanı bədən məhv edir. Ona görə də 35-38 yaş arası qadın ailə qurmayıbsa, həkimə müraciət edib yumurtalarını dondura bilər. Yumurta hansı yaşda dondurulsa, o yaşda da qalır. Bir neçə ildən sonra həmin qadın uşaq sahibi olmaq istəyəndə dondurulmuş yumurta hüceyrələrini götürüb ərinin sperma hüceyrələri ilə mayalandıraraq süni mayalanma yolu ilə övlad sahibi olmaq mümkündür. Yəni bu üsulla qadın 50 yaşında da uşaq doğa bilər. Amma 42-45 yaşlı qadın uşaq olmaq üçün bizə müraciət etdikdə çətinlillə üzləşirik, çünki o yaşda yumurta hüceyrələr yox olur”
Ersadık Turanın sözlərinə görə, yumurta hüceyrələrinin dondurulması bəzi xəstəlikləri olan qadınlar üçün də unikal üsuldur. Məsələn, süd vəzi xərçəngi olan qadınlar yumurta hüceyrələrinin dondurulması üçün müraciət edə bilər. Məlumdur ki, xərçənglə bağlı aparılan radio, kimya terapiyalar yumurtalıqları məhv edir, ana olmaq şansını azaldır: “Bu qadınlar şüa müalicəsinə başlamadan əvvəl yumurta hüceyrələrini yetişdirib dondururuq. Müalicəsi başa çatandan, sağalandan sonra övlad sahibi olmaq istəyəndə dondurulmuş yumurtanı kişinin sperması ilə mayalandırırıq. Beləcə, həmin qadın övlad sahibi olmaq şansından məhrum olmur”.