Səhiyyə Nazirliyi yeni telesəhiyyə adlanan xidmətini istifadəyə verib.
Mynews.az xezerxeber.az-a istinadla məlumat verir ki, bu xidmət sayəsində xəstələrlə videomüşahidə ilə birbaşa əlaqə yaradılır və xəstəyə məsafədən asılı olmayaraq, onlayn rejimdə yardım göstərilir. Yəni ucqar rayondakı xəstəxanada olan xəstəyə peşəkar mütəxəssislər tərəfindən tibbi yardım göstərilməsi üçün Bakıdan həkim briqadası göndərməyə ehtiyac qalmır.
Hazırda telesəhiyyə xidməti bütün ölkəni əhatə edir. Xidmətin istifadəyə verilməsində əsas məqsəd ölkə üzrə təcili yardıma müraciət edən, lakin bölgələrdə peşəkar həkim yetərsizliyindən yüksək tibbi xidmət ala bilməyən xəstələrə real vaxt rejimində yardım etməkdir. Yeni texnoloji sistem vasitəsilə paytaxtın ixtisaslaşmış tibb mərkəzlərinin mütəxəssisləri bölgələrdəki xəstəxanalarla birbaşa əlaqə imkanına malik olur.
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bu ilin fevral ayından fəaliyyət göstərən telesəhiyyə xidməti vasitəsilə 147 pasiyentə məsafədən məsləhətlər verildiyini bildirib. Bu isə konsultativ xidmət göstərilmiş 389 pasiyentin 37 faizini təşkil edir. Baş həkimin sözlərinə görə, yeni xidmətin tətbiqi Bakıya xəstə köçürmələrinin sayında da azalmaya səbəb olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: