Fahişəlik artıb, pritonlar çoxalıb... Qorxulu xəstəliklərin səbəbkarları kimlərdir?

861
Fahişəlik artıb, pritonlar çoxalıb... Qorxulu xəstəliklərin səbəbkarları kimlərdir?

Ödənişli seks faliyyəti və ən qədim peşə adlandırılan fahişəlik hər bir cəmiyyətin bəlasıdır.

Mynews.az milli.az-a istinadən bu barədə geniş yazını təqdim edir.

Bəzən Azərbaycanda bu mövzunu araşdıranda bir çoxları irad tutur, “mentalitetimizə yad xüsusiyyətdir” deyib bundan danışmağı ayıb sayır, ölkəmizdə fahişəliyin az yayıldığınlı iddia etməyə çalışırlar. Halbuki reallıq və faktlar əksini deyir: Azərbaycanda da fahişəlik artıb...

Rəsmi statistika son illər Azərbaycanda cinsi yolla qorxulu xəstəliklərə yoluxma hallarının artdığını göstərir. Ölüm saçan viruslar - HİV, hepatitlər, sifilis bu xəstəliklərdəndir.  Bu, çox qorxulu tendensiyadır. Çünki cinsi əlaqədən keçən sifilis kimi zöhrəvi xəstəliyin artma səbəblərindən biri məhz fahişəliyin genişlənməsidir.  

Maddi durumun ağırlığını bəhanə edərək, ən ucuz yolu - bədənini satmaqla pul qazanmağı seçənlərin məskunlaşdığı pritonlar barədə əvvəllər də rəsmi məlumatlar yayılıb. Əvvəllər bu cür qadınların xidmət göstərdiyi “Ağ hotel”, “Romi”, “Göyçə” pritonları yaddan çıxmayıb. Müşahidələrə görə, xüsusilə ərəblərin ölkəyə axınından sonra yüngül əxlaqlı qadınların işi, necə deyərlər, “xod gedir”.

Baxmayaraq ki, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edilib. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu əməlləri törədən şəxslərə 2500 manatdan 3500 manatadək miqdarda cərimə müəyyən edilir.

Qeyd edək ki, bundan əvvəl Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Lakin yeni dəyişikliyə əsasən, qeyd olunan cəzalarla yanaşı, pul cəriməsi də tətbiq ediləcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib ki, fahişəliklə məşğul olanlara qarşı mütəmadi olaraq reydlər keçirilir:

“Əxlaqsızlıq yuvaları ilə bağlı reyd keçiriləndə mütləq Qeyri-Hökumət Təşkilatlarını çağırırlar, həmin qadınlarla söhbətlər aparılır, ehtiyacları öyrənilir və hansı yardımlar lazımdırsa, göstərilir. Amma Bakı Şəhər Baş Polis İdarəsi reyd keçirəndə biz həmin qadınları o qədər də görmürük. Eyni zamanda, azyaşlı olanda Bakı Şəhər Baş Polis İdarəsinin Azyaşlılarla iş şöbəsi bizimlə əlaqə saxlayır. Amma ümumən bütün prosesləri izləyə bilmirik. Yalnız İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin reydlərində mütəmadi iştirak edə bilirik”.

M.Zeynalova deyir ki, əxlaqsızlıqla məşğul olan qadınlardan bəzilərinin “Təmiz Dünya”nın sığınacağına müraciətləri olur: “Onlardan sığınacağa gələn, reabilitasiya keçən, işə düzəltdiklərimiz, hüquqi yardımlar etdiklərimiz olub”.

QHT sədri qadınların bu yola düşməsinin müxtəlif səbəbləri olduğunu bildirir: “Ailədaxili zorakılıq, sosial problemlər, boşanmalar və s. müxtəlif səbəblər var. Qadın var, boşanır, qarşı tərəfdən aliment ala bilmir, yaxınları, valideynləri dəstək olmur, boşandığına görə ondan imtina edirlər, yaxud qadınlar oxumadıqları üçün uyğun iş tapa, özünü realizə edə bilmir. Bütün çətinliklərin öhdəsindən isə daha asan pul qazanmaqla gəlməyə çalışırlar”.

“Heç bir şəraiti olmayan qadın nə etməlidir?!”

M.Zeynalova əxlaqsızlıq yuvaları və oranın “sakin”lərilə bağlı dəqiq statistika aparılmadığını deyir: “Fakt odur ki, bu cür pritonlar və bu cür qadınlar var. Onun statistikasını aparan konkret qurum, mərkəz isə yoxdur. Bu, yeni yaranmış “peşə” deyil. Fahişələr sovet dövründə də olub, indi də var, bundan sonra da olacaq. Məsələ onların sayının minimuma endirilməsinə çalışmaqdadır. Bundan ötrü qadınların iqtisadi vəziyyətinin gücləndirilməsi, onların kiçik sahibkarlıq fəaliyyətinin stimullaşdırılması lazımdır. Qadınlara kreditlərə əlçatanlıq, yaxud kiçik sahibkarlıq subyektlərinin yaradılması üçün ilkin altı ay dövründə dəstək lazımdır. Fəaliyyəti inkişaf etdikcə o, normal vergi də ödəyəcək. Amma ilkin dövr üçün dəstək proqramları mövcud olmalıdır.

Sosial yataqxanalar, xüsusi proqramlar, körpələr üçün bağçalar yaradılmalıdır. Məsələn, elə tək qadınlar var ki, körpəsi var, işə gedə bilmir, ev kirayəsini, uşağının tələbatlarını ödəyə bilmir. Elementar şeylər var ki, onlar təkanverici təsirə malikdir. Bağçaların əksəriyyəti pulludur, dövlət bağçalarında yer məhdudiyyəti olur. Ora da uşaq qoyanda müəyyən məbləğdə rüşvət tələb edirlər. Bəzən 3 yaşına qədər uşaqları bağçaya götürmürlər, bu zaman uşağı tək böyüdən ana neyləməlidir?

Bu cür amillər var. Qohumlar yaxın durmur, əvvəlki kimi dəstək vermirlər. Əksər vaxt deyirlər ki, “uşağını at, gəl”. Bu kimi hallarda valideynlər öz uşaqlarını müvəqqəti olaraq dövlət müəssisəsinə vermirlər. “Uşağımı heç kimə vermərəm” fikirlərilə bütün çətinliyi uşaqlara da çəkdirirlər. Burada mentallıq, stereotiplər, eyni zamanda, resursların olmaması həlledici rol oynayır”.

Alnındakı damğadan xəbərsiz yatan körpələr, kirlənən namuslar...

Hüquq müdafiəçisi "Övladını heç kimə verməyən ana, onu gecə yatılı qoyub, necə əxlaqsızlıqla məşğul ola bilir" sualımıza belə cavab verir:

"O, uşağı evdə yatılı qoyub gedir. Çünki başqa çıxış yolu yoxdur. Bu məsələnin həlli üçün müəyyən proqramlar olmalıdır. Ailə dəyərlərinin, qohumluq əlaqələrinin möhkəmləndirilməsi vacibdir. Bəzən qadınlar işə düzəlir, amma iş yerində müqaviləsi olmur, əməyi kifayət qədər qiymətləndirilmir. Ona görə də ən asan və rahat iş yeri axtarmağa başlayır. Bəzən qadınlar işədikləri yerlərdə seksual təzyiqlərə məruz qalırlar,yaxud əməyi istismar edilir. Bizdə bir tanış xanım vardı. O deyirdi ki, "səhərdən axşama qədər günə 10 manat qazanmaqdansa, 1 saata 10 manat qazanaram".

Qadınlarda belə düşüncə tərzi də formalaşmağa başlayıb. Qadının səhər 9-dan gecə saat 11-ə qədər günü 10 manata işləməsi çətindir. Hər kəs dözümlü iradəyə sahib deyil ki, o qazancla ailəsini saxlasın. Peşəsi, iş təcrübəsi olmayan qadın daha asan və daha rahat pul qazanmaq yolu axtarır. O istəyir ki, başqaları kimi komfortlu yaşasın, onun da övladı başqaları kimi təminatlı böyüsün. Və düşünür ki, bu arzuları gerçəkləşdirmək üçün bədən satmaq daha rahatdır. Ancaq başa düşünmürlər ki, əxlaqsızlıqla qazandıqları pul da onların problemlərini həll etməyəcək. Üstəlik müxtəlif xəstəliklərə yoluxmaq, təzyiqlərə, zorakılığa məruz qalmaq risklərini də nəzərə almırlar".

"Ərəblər bizim qızların "xidmət"indən istifadə edirlər"

M.Zeynalova bildirir ki, fahişəliyin minimuma endirilməsi üçün "Zərərin azaldılması" proqramı tətbiq olunur:

"Poqramda risk qrupuna daxil olanların nəzarətdə saxlanılması, İİV müayinəsindən keçirilməsi, dəri-zöhrəvi xəstəliklərin yoxlanılması pulsuz olaraq həyata keçirilir. Bu cür qadınlarda İİV nadir hallarda aşkarlanır. Çünki onlara qoruyucular paylanır və mütəmadi olaraq müayinədən keçirlər. Amma bu o demək deyil ki, proqram bütün ölkəni əhatə edir və bütün risk qrupları ilə iş aparılır. Eyni zamanda narkoistifadəçilər arasında şpristlər paylanır və s. Bütün bu tədbirlərlə yanaşı, biz fahişəliyin artmasını müzakirə edirik. Əgər biz narahatıqsa, fahişəliyin azaldılmasına çalışmalıyıq. Bəziləri fahişəliyin leqallaşdırılmasını təklif edir. Mən düşünürəm ki, leqallaşma problemi həll etmir. Məntiqlə düşünəndə fahişəliklə məşğul olan heç kim gedib qeydiyyatdan keçməyəcək. Bu kölgəyə və kölgə iqtisadiyyatına çevriləcək. Ona görə ən yaxşısı kiçik sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bu adamların həyatının dəyişməsi üçün dəstəyin verilməsidir.

Məlumatlar var ki, Azərbaycana gələn ərəblərə xidmət göstərmək üçün gənc qızlar təklif edilir. Ərəblər öz ölkələrində də bu cür xidmətə öyrəşiblər. Ona görə də Azərbaycanda da öz tələbatlarını ödəmək üçün bizim qızların xidmətlərindən istifadə edirlər. Amma mənə görə bu, kütləvi xarakter almayıb".

Xəbər lenti