Təmizlik cəmiyyətdə xoş təəssürat yaratmaq üçün ən vacib keyfiyyətlərdən biridir. Hər kəs təmiz, təravətli və xoş ətirli olmaq istəyir. İnsanların bu arzusu reklamlar və mühakimə edilmək qorxusu ilə daha da şiddətlənir. Kaliforniya Universitetində aparılan araşdırmalar isə, bizim bu istəyimizdə çox “ağ etdiyimiz” məqamları üzə çıxararaq, hər gün duş almağın sağlamlıq üçün xeyirli olmadığını meydana çıxarıb.
Qoruyucu təbəqəni aradan qaldırmayın.
Belə ki, yuyunarkən istifadə etdiyimiz sabun və ya bədən şampunu kimi vasitələr bədənimizdəki təbii yağları aparır. Nəticədə bədənimiz quru və sərt olur. Bədəni nəmləndirən və yumşaldan vasitələr olsa da, onlar yenə də təbii yağları əvəz edəcək qədər effektiv deyillər.
Bizim bədənimiz özünü təmizləmə funksiyasına malikdir. Siz hər gün duş alaraq, onu çirk, bakteriyadan və digər bu kimi şeylərdən uzaq tutmağa çalışırsınız. Lakin, siz sağlam dərinizin üstündə olan ölü dəri təbəqəsini götürür və onun aşağıdakı təbəqəni qorumasına mane olursunuz. Bu təbəqəni götürməklə, siz həmçinin də nəmləndirici funksiyası olan yağları da bədəninizdən uzaqlaşdırırsınız. Hər çimdiyinizdə və bədəninizi kisələdikdə siz bu təbəqəni zədələyirsiniz. Nə qədər çox kisələnsəniz, bir o qədər həmin qata ziyan vurursunuz. Nəticədə sağlam dəriniz quruyur və müdafiəsiz qalır. Onun zədələnməsi isə çox asanlıqla baş verir.
Saçlarınıza da ziyan vurursunuz
Eyni şeyləri baş dəriniz üçün də deyə bilərik. Hər gün saçınızı yumaqla siz baş dərinizi şampunlar vasitəsilə təbii yağlardan qurudur, saçlarınızın cansız və parıltısız olmasına səbəb olursunuz.
Əgər bu kimi problemlərin sizdən uzaq olmasını istəyirsinizsə, yuyunmanız arasında ən azı 1-2 gün fasilə qoymağa çalışın. Belə etməklə siz həm daha gözəl dəriyə, həm də daha sağlam saçlara malik olacaqsınız.
pahoo.az