Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Bu halda gözlərinizin dövrəsindəki qırışların dərinləşməsi qorxulu deyil: çox yaşamaq xatirinə buna dözmək olar.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.
Məlum olub ki, gülümsəməyən insanlar orta hesabla 73 il yaşamış, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaşdan az olmuş, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşamışlar. Bu cür təbəssümdə insanın üzünün bütün əzələləri iştirak edir.
Alimlər bildiriblər ki, əlbəttə, təbəssüm insan orqanizmində baş verən hadisələrin yalnız zahiri əksidir. Nikbinliyə, həyatsevərliyə dəlalət edən geniş təbəssüm insanın immun sisteminin, ürəyin, damarların işini yaxşılaşdıran hormonların yaranmasına müsbət təsir göstərərək sağlam qalmağa kömək edir. Həyata bədbin baxışlı insanlar isə çox vaxt müxtəlif virus, mədə-bağırsaq və əsəb xəstəliklərindən əziyyət çəkirlər.
İnsanlar gülümsəməyi körpə yaşlarından öyrənirlər. Buna görə də uşaqlarınızın uzunömürlü və xoşbəxt olmasını istəyirsinizsə, onlara tez-tez təbəssüm bəxş edin. SİA