Bu tərəvəz nadir xüsusiyyətlərə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.
Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar düzəltmək olar.
Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər inqrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.
Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.
Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir.Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.
Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.
Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.
Turp mübadilə proseslərini yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.
Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə maskaların bir variantı: ağ turpun bir tikəsi sürtgəcin kiçik gözündən keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)
Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır.