Ölkə boyunca qrip virusu yayılıb. Əsasən uşaqlar məktəb və bağçalarda bu virusa yoluxur. Əgər məktəbdə və ya bağçada bir uşaq bu xəstəliyə yoluxubsa, hava-damcı yolu ilə avtomatik digərlərinə də keçir. Əslində xəstələnmiş uşaqların evdə qalması və tez sağalması üçün həkim məsləhəti ilə müalicə alması lazımdır. Ancaq valideynlərin əksəriyyəti çalışdıqları və uşağı qoymağa yerləri olmadığı üçün məcburən xəstə-xəstə də olsa, uşağı bağçaya aparır, məktəbə yola salırlar. Məhz buna görə də virus daha çox yayılır. Həmçinin böyüklər də eyni qaydada iş yerlərində digərlərini virusa yoluxdururlar.
Ümumdünya Səhiyyə Təşkilatının bu günlərdə yayılan hesabatında deyilir ki, hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar dünyada 650 min nəfər ölür. Ölüm riskinə ən çox 75 yaşdan yuxarı şəxslər və yoxsul regionlarda yaşayanlar məruz qalır. Qrip nəticəsində baş verən ağırlaşmalar ən çox Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Yaxın Şərq və Cənub-Şərqi Asiyada ölüm hallarına gətirib çıxarır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının on il əvvəl dərc etdiyi hesabatda qripdən 500 minədək şəxsin öldüyü məlumat verilmişdi.
Maraqlıdır, Azərbaycanda qrip virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi məktəb və bağçalarda monitorinqlər aparırmı, uşaqlara buna görə hansısa dərman və ya iynə vurulurmu?
Milli.Az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva musavat.com-a açıqlamasında Azərbaycanda qrip olmadığını bildirdi: "Bu, qrip deyil, kəskin respirator virus xəstəliyidir. Bu il qeydə alınan kəskin respirator virusları ötən ilin 11 ayı ilə müqayisə etdikdə, 10,2 faiz azalma müşahidə olduğunu görərik. Havaların soyuq, küləkli keçməsi ilə bağlı mövsümi xarakterli olaraq kəskin respirator viruslar qeydə alınır. Ötən illə müqayisədə azalma müşahidə edilməsinə baxmayaraq nisbətən ağır keçirən xəstələrdən laborator müayinə üçün yaxmalar götürülür və taun əleyhinə stansiyaya verilir. Oktyabr ayından başlayaraq bu mövsümdə 90-dan yuxarı xəstədən laborator müayinə üçün nümunə götürülmüşdü və heç birində qrip virusları aşkar edilməmişdi. Ona görə də qrip haqqında danışa bilmərik. Hazırda respirator virus infeksiyaları var və bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən oktyabr ayında əmr imzalanıb. Həmin əmrə əsasən, məktəblərdə, bağçalarda və digər yerlərdə monitorinq keçirilib. Əhaliyə də müraciət olunur ki, əgər uşaqda respirator virus varsa, o, evdə qalmalı, həkimə müraciət etməlidir. Həkim təyinatı ilə müalicə olunmalıdır ki, o xəstəlik ağırlaşmaya səbəb olmasın. Eyni zamanda respirator virus infeksiyadırsa, onun yayılmasının qarşısı alınsın. Tibb müəssisələrində, məktəblərdə, bağçalarda dizenfeksiya tədbirlərinin aparılması, xəstələrin erkən aşkar olunması və müalicəyə cəlb edilməsi təmin edilir. Bizim gigiyena və epidemiologiya mərkəzləri tərəfindən iş daim nəzarətdə saxlanılır, həftəlik, günlük məlumatlar Səhiyyə Nazirliyinə çatdırılır, təhsil edilir. Xəstəlik hələ ki, ötən ilə nisbətən 10,2 faiz azalma ilə müşahidə olunur. Buna baxmayaraq, biz çalışırıq ki, yerlərdəki işçilərimiz və digər səhiyyə işçiləri bu sahədə nəzarətlərini gücləndirsinlər".
Bu virusa yoluxmuş insanlar hər nə qədər qrip əleyhinə dərmanlar qəbul etsələr də, bir faydasının olmamasından şikayətlənirlər. Buna görə də həkim Seyfəddin Əsəd təbii yolla müalicənin daha effektiv olduğunu bildirir. Həkimin sözlərinə görə, təbii yolla 1 günə qripdən və soyuqdəymədən xilas olmaq mümkündür: "Apteklərdə tənzif satılır. İlkin olaraq onu ağıza bağlamaq lazımdır. Yaponiyada hara gedirdiksə, insanların ağzında tənziflə gəzdiyini gördük. İmmuniteti zəif olan adamlar tənzif bağlasınlar, çünki bu xəstəlik hava damcı yolu ilə keçir. İkinci isə valideyn spirtlə uşağın əlini tez-tez silməlidir. Evdə sarımsaq və soğanı doğrayıb boşqabda stolun üzərinə qoymaq lazımdır. Əgər uşaq artıq qripə yoluxubsa, iki saatdan bir onun burnuna soğan suyu tökülməlidir. Böyük adamlar suya qarışdırmır, amma uşaqlara suya qarışdıraraq tökmək lazımdır. Uşağa bir diş olmaqla səhər, günorta və axşam çörəklə sarımsaq yedirmək lazımdır. İki saatdan bir çay qaşığı və ya yarım çay qaşığı balı ağızda sovurmaq lazımdır. Buruna qara çörək otu yağı ilə tampon qoya bilərsiniz. Zoğal, qırmızı moruq mürəbbəsi ilə çay içmək və sulu xəngəl, əvəlik yemək, tərləmək lazımdır. Beləcə, bir günə qrip yox olur. Bu, mənim dəfələrlə təcrübədən keçirdiyim bir reseptdir".