Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxması ilə müşahidə olunur. Uşaqlarda bədənin temperaturu azca yüksələn kimi valideynlərin çoxunun ilk gördüyü tədbir qızdırma salan preparatlardan istifadə etmək olur.
Lakin effektiv qızdırma salan preparat seçməzdən əvvəl mütləq bilmək lazımdır ki, bədən temperaturunun yüksəlməsi orqanizmin təbii müdafiə reaksiyası hesab edilir.
Mynews.az Trend-ə istinadən bildirir ki, həkim-konsultant, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın dediyinə görə, uşaqda bədən temperaturu yüksəlirsə, bu, çox hallarda orqanizmə infeksiyanın daxil olduğunu və hazırda bu infeksiyanın immun sistem tərəfindən neytralizə edildiyini göstərir.
Bunu çox yaxşı hal kimi dəyərləndirən həkim qeyd edib ki, əslində, temperaturun qalxmaması immunitetin zəif olması deməkdir:
"Lakin qızdırmanın 39-40 dərəcəyə qalxması təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, insan orqanizminə xəstəlik törədən mikroorqanizmlər üzərində qələbə üçün interferon - xüsusi müdafiə zülalı lazımdır. Bu zülal da bədən temperaturu ancaq 38 dərəcədən yüksək olduqda sintez edilir. Əgər bədən temperaturunun yüksəlməsini tez bir zamanda dəf etsək, interferon sadəcə olaraq sintez edilməyəcək və xəstəlik kəskinləşəcək. Buna görə də çox hallarda temperaturu aşağı salınmayan uşaqlar 2-3 gündən sonra sağalmağa başlayır, amma qayğı ilə "sağaldılan" uşaqların xəstələnməsi isə uzun davam edir".
Y.Abdiyeva qeyd edib ki, sağalma prosesini ləngitməmək üçün mütləq qızdırma salan preparatlardan istifadə qaydalarını bilmək lazımdır.
Həmin dərmanlardan hansı hallarda istifadə edilməsinin lazım olduğunu da açıqlayan mütəxəssis əlavə edib ki, uşaqda bədən temperaturu 38.5-39 dərəcəni keçmirsə, uşaq yüksək temperaturu normal keçirirsə (əgər uşaqda febril qıcolmalar epizodları olubsa, onda temperaturun belə yüksək qalxmasını qəbul etmək olmaz), 3 ayından aşağı uşaqda temperatur 38 dərəcəni keçirsə, uşaqda "ağ qızdırma" müşahidə edilirsə, yəni yüksək temperatur zamanı dəri örtüyü solğun və göyərmiş və soyuq olursa, uşaqda ürək və ya tənəffüs yollarının xronik xəstəlikləri diaqnostika edilirsə, uşağın vəziyyəti bədən temperaturunun cüzi yüksəlməsi zamanı pisləşirsə, qızdırma salan preparatlardan istifadə edilməlidir.
Y.Abdiyeva əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda qızdırma salan vasitələr arasında seçim preparat kimi parasetamolu (birdəfəlik doza 10-15 mq/kq və maksimal sutkalıq doza 60 mq/kq) tövsiyə edir.
Y.Abdiyeva bəzi qızdırma salan preparatların istifadəsinin uşaqlar üçün yolverilməz olduğunu da açıqlayıb.