Çoxlarının təəvəz kimi tanıdığı, əslində isə giləmeyvələr sinfinə aid olan pomidor düşündüyünüz qədər də sadə bir məhsul deyil. Pomidor qan təzyiqini aşağı salır, orqanizmi çoxlu sayda faydalı maddələrlə – kalium, maqnezium, silisium, dəmir, kalsium, həmçinin üzvi turşular və qida lifləri ilə təmin edir. Yetişmiş pomidor həzmi yaxşılaşdırır və immuniteti artırır, ürək əzələlərini qidalandırır, xərçəng xəstəliyindən qoruyur.
“Sevgi alması”
Qədim zamanlardan bəri ehtiraslı qadınlar öz ərlərinə daha çox pomidor yedirdiblər. Səbəbi isə odur ki, pomidor kişilərdə cinsi fəallığı artırır. Təzə dərilmiş pomidor bitki fitosterinləri ilə zəngindir ki, bu da insan orqanizmində cinsi hormonların hasilatını sürətləndirir. Əbəs yerə deyil ki, 16-cı əsrdə romantik fransızlar pomidoru “sevgi alması” adlandırırdılar.
Xərçəngə qarşı güclü müdafiə
Pomidorun tərkibində olan likopen və bir sıra başqa maddələr güclü antioksidant təsirə malikdir. Bu isə xərçəng xəstəliyinin ən müxtəlif növlərindən qorunmaq üçün əla vasitədir. Xüsusən də özünüzü mədəaltı vəzinin xərçəngi və melanomadan (dəri xərçəngindən) qorumaq istəyirsinizsə, gündəlik qida rasionunuzda mütləq pomidora xüsusi yer ayırın. Onkoloji riskləri azaltmaq üçün həkimlər gündəlik qaydada pomidor, tomat və pomidor şirəsindən istifadə etməyi məsləhət görürlər.
Qrip əleyhinə güclü vasitə
Təsəvvür etmək çətindir, amma həqiqətən də sadəcə, bir ədəd yetişmiş pomidor insan orqanizmini gündəlik normanın yarısı qədər askorbin turşusu (vitamin C) ilə təchiz edir. Qrip epidemiyası qarşısında isə bundan güclü vasitə tapmaq çətin məsələdir.
Qanazlığının təbii dərmanı
Dəmir çatışmazlığı ilə müşayiət olunan qanazlığı xəstəliyinin ən güclü müalicə üsullarından biri pomidorla qidalanmaqdır. Pomidor şirəsinin tərkibindəki dəmir üzvi xarakter daşıyır və bu üzdən də orqanizm tərəfindən yaxşı mənimsənilir. Qanazlığı zamanı hər gün 2/3 stəkan pomidor şirəsi için.
Həzm sistemini yaxşılaşdırmağın yolu
Həyat eşqi ilə qaynayan italiyalılar çox nadir hallarda həzm problemləri ilə üzləşirlər. Üstəlik, mədənin düşməni olan acı və istiotlu qidalara da böyük həvəs göstərirlər. Rasionunuzda pomidora daimi yer ayırsanız, həzm problemlərindən canınızı qurtara bilərsiniz.
İştahsızlıq və xroniki qastrit hallarında yeməkdən 30 dəqiqə əvvəl bir stəkan pomidor şirəsi içsəniz, problemlərinizi xeyli yüngülləşdirərsiniz. Təsirini artırmaq üçün bu şirəyə yunan yoqurtu və zeytun yağı da əlavə edə bilərsiniz.
Arıqlamaq istəyənlərin nəzərinə
Bu məhsul arıqlamağa kömək edir. Pomidor pəhrizi dünyada ən populyar arıqlama üsullarından biridir, çünki qan təzyiqini aşağı salmaqla artıq xolesterindən yaxa qurtarmağa kömək edir.
Qocalmaq istəmirsinizsə, pomidora “könül verin”
Təzə pomidor dərini qocalmadan və günəş şüalarının təsirindən qoruyur. Gündə bir stəkan pomidor şirəsi içmək kifayətdir.
Hər şeyin faydası ilə yanaşı, ziyanı da var
Amma pomidor heç də həmişə faydalı deyil. Belə fikir var ki, öd kisəsində daş olanlar, oynaqlarda xüsusən duzla bağlı problem yaşayanlar, böyrəyində duzun miqdarı çox olanlar adətən, pomidordan uzaq durmalıdırlar. (SaglamOlun.com)