Martın 1-i Ümumdünya İmmunitet Günüdür

726
Martın 1-i Ümumdünya İmmunitet Günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-də Ümumdünya İmmunitet Günü qeyd edilir.

Bu tarixin dünya miqyasında qeyd edilməsinin məqsədi immun sisteminin əhəmiyyəti, onun fəaliyyətinin xüsusiyyətləri və bu sistemi möhkəmlətmək üsulları barədə əhalini məlumatlandırmaqdır.

İmmunitet sistemi uşaq hələ ana bətnində olarkən formalaşmağa başlayır. Bizim ətrafımızda milyonlarla bakteriya, virus və allergenlər mövcuddur. Biz onlarla hər an üzləşirik, lakin bizi kənar “düşmənlərdən” qoruyan immun sistemin sayəsində xəstələnmirik. İmmun sistemi olmasaydı, xəstəliklər bir-birinin ardınca insanı üstələyər, insan onlara qarşı mübarizə etməli olardı. Elə amillər var ki, onlar orqanizmin stress vəziyyətinə şərait yaradır və immun sistemini zəiflədir. Yuxu rejiminin pozulması, düzgün qidalanmamaq, fiziki gərginliyin düzgün seçilməməsi, ekologiya, habelə sağlam həyat tərzindən imtina edilməsi belə amillərdəndir.

Klinik İmmunoloqlar Assosiasiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünyanın bütün ölkələrində sakinlərin 7-15 faizi immunitetin zəifləməsindən əziyyət çəkir. Alimlər müəyyən ediblər ki, insanı qoruyan hüceyrələrin çox hissəsi (80 faiz) mədə-bağırsaq boşluğunda yerləşir. Buna görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən biridir. İnsanın qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları olmalıdır.

Tez-tez soyuqdəymə, iki həftədən artıq davam edən bronxit, burun-udlaq nahiyəsində iltihablar, sürəkli yüksək hərarət (37-38 dərəcə), mədə-bağırsaq pozğunluğu immun sistemində nasazlığın əsas əlamətləridir.

Şirniyyata çox meyilli olmaq immuniteti zəiflədir. Külli miqdarda rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak edən insanlar həm öz dişlərini korlayır, həm də immun sisteminin xəstəliklərinə daha çox məruz qalırlar.

Çay isə immuniteti artıra bilər. Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır. Bu, çayın tərkibindəki L-Theanin (L-teanin) amin turşusu sayəsində baş verir.

Xəbər lenti