Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür

902
Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Ümumdünya Vərəmlə Mübarizə Günü hər il martın 24-də Dünya Səhiyyə Təşkilatının qərarı ilə qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöpləri aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Mynews.az xəbər verir ki, 1993-cü ildə Dünya Səhiyyə Təşkilatı vərəm xəstəliyini milli fəlakət, martın 24-nü isə Ümumdünya Vərəmlə Mübarizə Günü elan edib. 1998-ci ildən BMT-nin rəsmi dəstəyini alıb. Vərəm hava-damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir, müalicə edilməyəndə hər il orta hesabla bir xəstə 10-15 nəfəri yoluxdura bilər. Hər il vərəm xəstəliyi 1,6 milyon nəfərin həyatına son qoyur.

Vərəmlə mübarizə gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır. Xəstəliklə mübarizə onun rəsmən elan edildiyi vaxtdan daha əvvəl başlanıb. XIX əsrin axırları - XX əsrin əvvəllərində ilk dəfə Cenevrədə əllərində ağ çobanyastığı tutmuş gənc oğlan və qızlar küçəyə çıxaraq vərəmli xəstələrin müalicəsi üçün ianə toplayıblar. Sonra həmin aksiyalar başqa Avropa ölkələrində də yayılmağa başlayıb və çobanyastığının satışı diqqəti cəlb edərək vərəmə qarşı mübarizə aparan təşkilatlara gəlir gətirib. Danimarkada və Norveçdə çiçəyin satış hüququ vərəmə qarşı mübarizə cəmiyyətlərinin inhisarına alınıb.

1993-cü ildə Dünya Səhiyyə Təşkilatı vərəmlə mübarizənin yeni strategiyası kimi qısa kurslarla nəzarət edilən kimyaterapiya müalicəsi olan DOTS strategiyasını məsləhət gördü. DOTS vərəm epidemiyasını aşkar etməyə və daha təhlükəli olanları müalicə etməyə imkan verən strategiyadır. Həmin üsulla xəstələrin 92-95 faizində sağalma baş verir.

DOTS-un tətbiqi vərəmə yoluxan xəstələrin xeyli hissəsini ölüm, ağrı və iztirabdan xilas edib. Onun tətbiqi hər bir ölkə üçün universaldır. Hazırda dünyanın180 ölkəsində həmin strategiyanın tətbiqi sayəsində 49 milyon nəfərin həyatı xilas edilib.

Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Dünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onun barəsində əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

 

Xəbər lenti