Diqqət! Bu meyvələrdən uzaq durun - VİDEO

1382
Diqqət! Bu meyvələrdən uzaq durun - VİDEO

May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılıb.

ARB 24 xəbər verir ki, buna səbəb mövsümi meyvələrin tez yetişməsi üçün dərmanlardan istifadə edilməsidir.

Gəray Əsgərov – Alıcı: “Çiyələyin hələ vaxtı deyil. Yayda yaxşıdı, indi bir o qədər də yaxşı deyil. Gübrə qatırlar, nə qatırlar bilmirəm”.

Ələddin Hacıyev – Alıcı: “Bir azdan yaxşı olur. İndi almaq düzgün deyil. Gübrəlidi, tamı da yoxdu”.

Bəzi insanlar isə belə meyvələrin zərərindən məlumatsızdır. Satıcılar da bundan istifadə etməyə çalışırlar.

Ramin Camalov – Satıcı: “Alıcı qüvvəsi yaxşıdı. Səhər 100 kiloqram gətirmişəm, saat 12-di 30-40 kiloqram satmışam”.

Mütəxəssislərin sözlərinə görə, yalnız təbii yolla yetişdirilən çiyələk və alça sağlamlıq üçün faydalır. Bu meyvələr qanı tənzimləyir, əhvalı yüksəldir və stressi azaldır. Amma bunu indi satılan meyvələrə aid etmək olmaz. Süni yolla yetişdirilən çiyələk yaxşı görünüşə malik olur, dadı isə yoxdur.

Məshəti Hüseynova – Ekspert: “Biz əvvəllər meyvəni çox saxlaya bilmirdik açıq havada. Lakin indi günlərlə qalır, aylarla qalır. Məsələn, çiyələyi götürsək, görürsüz ki, nə forması dəyişir, nə rəngi dəyişir. Olduğu kimi qalır. Bu tip meyvələr geni dəyişdirilmiş orqanizmdir”.

Mütəxəssislər insanları geni dəyişdirilən məhsullardan uzaq olmağa çağırırlar. Xüsusilə də, hamilə qadınları və uşaqları. Belə qidalar insanların sağlamlığında tədricən problem yaradır.

Aygün Məmmədova – Həkim: “Uşaqlarda müxtəlif allergik xəstəliklər yaranır. Mədə-bağırsaq pozğunluğu yaranır, qızdırma olur. Bir müddət keçəndən sonra xəstələrin dəriləri üzərində “övrə” deyilən allergik formada köpükcüklər yaranır və qaşınır. Bunun nəticəsində də gələcəkdə uşaqlarda allergik fonun yaranır”.

Mədə xorası, qastrit, böyrək daşı xəstəliyindən əziyyət çəkənlərin və təzyiq dərmanı qəbul edənlərin süni yetişdirilən çiyələkdən uzaq durması tövsiyə edilir. Mütəxəssislər geni dəyişdirilmiş orqanizmlərlə bağlı maarifləndirmənin aparılmasını vacib sayırlar.

Məshəti Hüseynova – Ekspert: “Bu maarifləndirmə yaxşı olardı ki, həm orta məktəblərdə, həm ali təhsil ocaqlarında aparılsın. Həmçinin də iş adamları arasında. Birgə səfərbər olmaq lazımdır ki, bəşəriyyətin bəlası sayılan geni dəyişdirilmiş orqanizmlərdən uzaq olaq”.

Eyyub Hüseynov – Ekspert: “Alıcı seçim edə bilər. Seçim zamanı, misal üçün, çiyələyi götürür, kəsir görür ki, çox bərkdi. Kəsəndə içindən bir göy zoğ çıxır və içərisində toxum da yoxdur. Artıq o çiyələk haqqında mənfi fikirdə ola bilər. Çünki bunlar geni dəyişdirilmiş çiyələyin əlamətləridir. Bütün hallarda mövsümi olmayan malların alışı zamanı istehlakçılar ehtiyatlı olsunlar”.

Ekspertlərin sözlərinə görə, bazarlarda çiyələklə yanaşı, geni dəyişdirilən pomidor, qarpız, kartof və soya kimi qidalar da satılır. Odur ki, satışda qarşınıza eyni ölçüdə, saf, və mövsümündən tez yetişən qidalar çıxarsa, onlardan uzaq durmağa çalışın. Əks halda bu, sizin üçün xoşagəlməz hallarla nəticələnə bilər.

Xəbər lenti