USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qulaq yarığını tikişsiz bərpa edən azərbaycanlı həkim

13:51 10.05.2020
Qulaq yarığını tikişsiz bərpa edən azərbaycanlı həkim
13:51 10.05.2020

Günay Mikayılova: “Cərrahi müdaxilə tələb etməyən estetik qüsurları aradan qaldırmağa çalışırıq”

Son aylar yaşanan hadisələr insanların sağlamlığına daha çox diqqət yetirmələrinin vacib olduğunu yada saldı. Təbii ki, xarici görünüşümüzün də sağlamlığı ən azı daxili sağlamlığımız qədər önəmlidir. Bu baxımdan Azərbaycanın tanınmış həkim-kosmetoloqu və fizioterapevt, “Çöhrə” estetik klinikasının baş həkimi Günay Mikayılova ilə olan müsahibəni təqdim edirik.

  • Mövsüm olaraq insanların dərisi üçün təhlükəli dönəm hanısıdır?
  • Dəri üçün ən zərərli dönəm yaz-yay keçididir. Günəş şüalanması pik həddə çatır. Qışdan çıxmış dəri birdən-birə günəşə məruz qalır. Aprel-may aylarından başlayaraq çıxan günəş və isti külək dərini qurudur, dəridə ləkələr əmələ gətirir və  fotoqocalma əlamətləri ortaya çıxır. Bu dönəmdə quruluğu aradan qaldırmaq lazımdır. Qışda isə təbii meyvələr azaldığı üçün avitaminoz əlamətləri ortaya çıxır. Bu zaman daha çox mezoterapistik prosedurlara ehtiyac var. Həmçinin dəri çox isti hava kimi, çox soyuq və küləkli havanı da sevmir. Həm soyuq, həm də isti ayların öz problemləri və kosmetik prosedurları var.
  • Xanımlar sizə daha çox hansı kosmetik, dermatoloji problemlərlə müraciət edirlər?
  • Hər yaş qrupunun öz problemləri var. Cavan yaşda olan xanımlarda hormonal olaraq daha çox üzdə olan səpkilər, sivilcələrdirsə, 30-dan sonra isə daha çox yaşlanma əlamətləri, ləkələrdir. Azərbaycanda günəşqoruyucudan istifadə etmə mədəniyyəti hələ də yoxdur. Bütün fəsillərdə və hər gün günəşdən qoruyucu istifadə etmək lazımdır. Hər an əlimizdə olan telefon, televizorun göy işığı ləkə əmələ gətirir. Yatanda telefonu özünüzdən uzağa qoyun və televizoru söndürün. Günəşdənqoruyucu hər 2,5-3 saatdan bir vurulmalıdır. Estetik problemlər isə hər yaşa aiddir, məsələn dodaq, burun dolqusu, botoks və s. Üzə cizgi düşmədən botoks etdirmək lazımdır. Xətt düşməzdən əvvəl botoks vurduqda xətt düşmür. Təbii ki, 20 yaşa vurulan doza 40 yaşa vurulmur.
  • Son illər kosmetoloqlara müraciət edən kişilərin sayı artır. Və artıq bu heç kəsi təəcübləndirmir. 
  • İnsanlaırn çoxu bəkə də “metroseksual” sözünün mənasını bilmir. Metroseksual kişi - özünə dəyər verən, özünə baxan, baxımlı kişi deməkdir. Artıq Azərbycanda bu obraz formalaşıb. Çünki həyat tərzimiz dəyişib, yaşam ömrü uzanıb. Texnologiyanın, estetikanın inkişafı şərait yaradır ki, həm qadın, həm kişi gender ayrımı olmadan bunlardan faydalana bilsin. Qadın və kişinin baxım tərzi fərqlidir. Məsələn, qadınlara lazer cavanlaşması proseduru həyata keçirilə bilir, kişilərə yox. Çünki kişilərdə endiaq-lazer tüklərə təsir edir. Kişilərin də üzündə tük olduğuna görə biz o proseduru onlara edə bilmirik. Onlara artıq ultrasəsli “SMASS LİFTİNG” prosedurunu həyata keçirə bilirik. Botoksu isə həm qadına, həm kişiyə vura bilirik. Qadına qaşın liftinqini edirik, kişidə qaşın qalxmağı onu əcaib hala salar. Kişilərdə əksinə, qaşlar aşağı enməlidir.
  • İnsanların sağlamlığı, gözəlliyi üçün ən təhlükəli dönəm hansıdır?
  • Hormonal partlama dövrü oğlanlarda 13-20 yaş, qızlarda 11-15 yaşdır. Bu proses 25 yaşa qədər davam edir. Sonra insan geriləməyə başlayır. Artıq hüceyrələrin bölünməsi əvvəlki sürətlə getmir, yaşlanma simptomları meydana gəlməyə başlayır. Qadının əsas çiçək açdığı vaxt 30-40 yaş aralığıdır. Menzisin kəsilməsinə doğru qəfil enmə başlayır. Qadınlar 25 yaşdan özünə qulluğa başlamalıdır. Hökm deyil ki, mütləq hər kəs kosmetoloqa gəlsin, ən azı evdə özünə qulluq etməlidir. Artıq 30-40 yaş ciddi prosedurlara başlamaq üçün mühüm dövrdür. Kişi klimaksı isə 40-50 yaşda olur. Bu yaşda kişilər özünə ciddi baxmalıdır. 50 yaşdan sonra kişilərdə uçurum dövrü başlayır. İstər qadın, istər kişidə yeniyetməlik dövründə artıq hər hansı problem baş qaldırıbsa, bunun üçün 30 yaşını gözləməli deyil. Problem varsa, həmin anda həll edilməlidir. Əgər yoxdursa, profilaktik tədbirlər görülməlidir. Məsələn, 30 yaşında gəlirlər ki, üzümdə aknedən qalma çopur var, onu müalicə et. İllərlə yığılan problemi  həkim bir gündə həll edə bilməz. Biz sadəcə yaxşılaşdıra bilərik. Bir çox dəri xəstəlikləri xroniki və genetik olur. Bunları vaxtında müalicə etmək və qulluğunu davam etdirmək lazımdır.
  • Hamilə xanımların kosmetoloqa gəlmələri haqqında da danışaq. Onlara hansı prosedurlar olar, hansılar olmaz?
  • Hamiləlik dönəmində qadınlarda hormonların səviyyəsi artdıqca həm psixoloji durumunda, həm də dərisində həssaslıq yaranır. Hamilələr dərisinə düzgün qulluq etmir və nəticədə ləkə düşür. Hamiləlik zamanı bir çox prosedurlar qadağan olunur. Lakin körpəyə zərər verəcək deyə deyil. Bir çox prosedurlar dəri qatından o yana keçmir. Sadəcə bir çox prosedurların nəticəsi fərqli olur. Ləkə, çapıq kimi xoşagəlməz hallar əmələ gələ bilər. Çünki bədən travmaya fərqli reaksiya verir. Eyni zamanda məsələn, epilyasiya proseduru ağrılı olur. Körpəyə bir zərəri yoxdur. Amma hamiləlik dönəmində qadın ağrıya qarşı həssas olur və açılışlar ola bilər, xüsusən də ilk aylarda. Hamiləlik dönəmində xanımlar öz kosmetoloqu ilə məsləhətləşərək dəriyə uyğun ev baxımı etməlidir. Xanımlar hamilə dövründə özünə qulluq etməlidir ki, hamiləlik fəsadları qalmasın. Məsələn, hamiləlik çatlarının yaranması genetikdir. Kollagen səviyyəsi genetik zəngin olduqda çat yaranmır. Bəzi xanımların övladı universitetə daxil olanda gəlir ki, məndə hamiləlik çatları var, aradan qaldıraq. Hamilə olanda ən azı nəmləndirici kremlərdən istifadə edilməlidir. Hamiləlik bitdikdən sonra isə tez zamanda onun dəridəki fəsadlarının müalicəsinə başlamaq lazımdır.
  • Günay xanım, artıq kosmetologiya xanımların əlinin altındadır, yəni sosial şəbəkələr vasitəsi ilə istənilən problemlə maraqlanır, araşdırır, hətta həllinə cəhd edirlər. Xüsusən də yaşanılan karantin dövründə. İnternet vasitəsilə özünümüalicənin yaxşı və pis tərəfləri hansılardır?
  • Sosial şəbəkələrdə bir çoxları özünü kosmetologiyada çoxbilmiş hesab edir. Dəri də ürək, böyrək, qaraciyər kimi orqandır, onu da mütəxəssisə etibar etmək lazımdır. Sosial şəbəkələr bizə yön vermək, maariflənmək üçün yaxşıdır. Amma müalicə üçün yox. Özünümalicə çox pis fəsadlar verə biləcək böyük bir riskdir. Biz həkimlərin də sosial şəbəkələrdə qruplarımız var. Pasientlər virtual olaraq öz problemlərini bölüşürlər, suallarını verirlər və cavab alırlar. Təbii ki, həkim olmayan cavab yaza bilmir. Bəzi sosial şəbəkə istifadəçiləri onlayn müalicə yazmağımızı istəyir. Lakin onlayn malicə olmur,  yön vermək olur.
  • Elə isə, yaxşı həkimi necə tanımaq olar, yaxşı həkimin sosial şəbəklərdə profilləri olmalıdır, yoxsa bu, reklamdır? Həkimlərin çoxu da izlənmə, “like” toplayır. Yaxşı həkimin sosial şəbəkələrdə izlənməsinə, “like”larınə baxmalıyıq, yoxsa insanlar arasında araşdırmalıyıq?
  • Həkimin özünü tanıtması üçün sosial şəbəkələr yaxşı platformadır. Amma ilk növbədə həkimin öz ixtisasının adını, paylaşdığı postları qrammatik baxımdan düzgün, savadlı yazmasına diqqət etmək lazımdır. Ən azı maarifləndirici postlarından anlamaq olar ki, necə həkimdir. Azərbaycanda protokolla işləyən, dünya standartlarına uyğun həkimlər var. Artıq sosial şəbəkələrdə profili olmayan həkim haqqında yaxşı fikir yaranmır, onun işinə ciddi və sevgi ilə yanaşmaması təəssüratı yaradır. Öz üzərində işləyən həkim daim kompüterdən, internetdən istifadə edir, tibbi saytlara daxil olur, tibbi ədəbiyyat yükləyir.
  • “Çöhrə” Estetik Klinikasında yalnız estetik gözəlləşmə prosedurları deyil, həm də estetik qüsurlar müalicə edilir.
  • Ən dəyərli geyimimiz dərimiz olduğu üçün bunu peşəkara həvalə etməliyik. Estetik qüsurların aradan qaldırılması da öncəliyimizdir. Məsələn, qulaq dəliyini, dodaq yarığını  bərpa edirik. İndiyədək onu cərrahlar edirdi, tikiş qoyurdular və bununla da qulaq yırtığı bərpa olunurdu. Sonra Rusiyada bir həkim lazerin köməyi ilə, amma tikiş qoymaqla bu proseduru həyata keçirdi. Mən də ilhamlanaraq bunu lazerlə, lakin tikişsiz etmək qərarına gəldim. İlk dəfə azərbaycanlı həkimin qulaq yarığını tikiş qoymadan bərpasına nail olması barədə Avropa mətbuatında məqaləmiz də çıxıb. Cərrahi müdaxilə tələb etməyən qüsurları aradan qaldırmağa çalışırıq. Çapıq müalicəsində də yeganə yol lazerdir. Heç bir cərrah çapığı aradan qaldıra bilməz. Məqsədimiz onun aktiv görüntüsünü azaltmaqdır. Bizim kelloid çapıqların müalicəsində gözəl nəticələr verən yeni bir cihazımız var. Bir çox hallarda insanlar aldanır, çapıqları əməliyyatla götüzdürür. Kelloid çapıqların yaranmasında həkimin günahı yoxdur. Bu, genetika ilə bağlıdır, həkimin boyununa atmaq olmaz. İstənilən yaradan çapıq ortaya çıxa bilər. Bunun yeganə yolu aktiv haldan passivə gətirməkdir.

Sağlamlıq

Xəbər lenti

300x200r