Bu gün infeksion xəstəliklərin artdığı bir dövrdə, hələ üstəlik özümüzün də buna bir tərəfdən təkan verməyimiz çox təhlükəlidir.
Əsasən çöp çıxaran qadınlar olur. Ekologiyanın, qidaların süni olması artıq cavan adamların canını xəstə salıb. O ki, qala yaşlı qadın olsun. Valideyinlər də düşünmədən uşağını çöpçüyə aparır. Rastına çıxan çöpçünün Hipotet B virusu olarsa, ya nəfəslə, tüpürcəklə keçə bilən xəstəlik olarsa, çox güman ki, uşağa yoluxdurma təhlükəsi də artır. Bununla bərabər bəs valideynlərin fırıldaqçı çöpçülərdən xəbəri varmı? Yəqin ki, yox. Çünki çöpçüyə fanatik münasibəti olan valideyinlər çoxdur. Çox təssüf ki, analar körpələri savadsız və fırıldaqçı çöpçülərin əlinə verir. Çöpçülərin ağız boşluğunun infeksiyalardan təmiz olması barədə valideynlər necə əmin ola bilər?
Analar ən əvvəl uşağının sağlamlıqlarını təbii üsullarla qorumaq üçün kifayət qədər maarifli olmalıdırlar. Sonra uşağın doğulduğu gündən ona necə yanaşma və qidalanma nəzəriyyəsini və həkim məsləhətinə diqqət etməlidir.
Bu dəfəki mövzumuzu çöpçülərə həsr etdik. Niyə çöp qalır? Həqiqətən çöp qalması mümkündürmü? Çöp qalan zaman həkiməmi, çöpçüyəmi müraciət edək? Suallarına cavab tapmaq üçün LOR Hospitalın Baş həkimi lor-estetik cərrah Pərviz Aslanova müraciət etdik. O mövzu haqqında belə danışdı:
“İnsanlar adətən boğazında hansısa bir yad cisim qaldığında həkimə müraciət edirlər. Lor həkimləri endoskop vasitəsilə xəstənin boğaz nahiyəsində olan yad cisimləri görərək onu asanlıqla xaric edə bilir. Biz öz praktikamızda dəfələrlə udlaqdan və qırtlaqdan balıq sümüyü, sancaq, iynə qida qalıqları və ya digər yad cisimləri asanlıqla xaric etmişik. Lakin udlağın müəyyən hissələrində elə yerlər var ki, orada qida qalıqları qalır və çürüyərək narahatçılıq verir. Bundan əlavə bəzi uşaqlar var ki, əlində olan hər şeyi ağzına qoyur və uda bilmədiyi qidalar udlaqdakı boşluqlarda qalıb infeksiyalaşır. Bu zaman uşaqlarda boğaz ağrıları, temperaturun olması, urək bulanması, halsızlıq müşahidə edilir. Bu zaman valideynlər uşaqları mütləq lor həkimlərinə aparmalıdırlar. Həkim orada olan qida qalıqlarını təmizləyib simptomatik müalicə təyin edir və uşaq normal həyata qayıdır. Amma çox təəssüflər olsun ki, bəzi insanlar çöpçüyə üz tutur. Bu daha çox psixoloji təsirlərlə bağlıdır. Mən bunu xüsusilə araşdırmışam dünyanın heç bir ölkəsində çöpçü deyə bir anlayiş yoxdur. Bu barədə verdiyimiz suallar onlarda qəribə təəssürat yaradır. Mən sual verirəm bronxlara, qida borusuna düşən yad cisimləri tibbdən bixəbər çöpçülər necə çıxara bilər? Bundan əlavə çöpçü üfürən zaman özünün nəfəsində və ağız suyunda olan infeksiyanı asanlıqla uşağa ötürür.Buna görə çox ehtiyyatlı olmaq lazımdır. Hətta deyərdim ki bu işlə məşğul olan insanlar həkim müayinəsindən keçməlidir".