Siqaret çəkmək insan sağlamlığı üçün zərərlidir. Buna baxmayaraq, siqaret çəkən insanların sayı durmadan artır. Siqaret çəkənlər bunu müxtəlif səbəblərlə izah etsələr də, mütəxəssislər aludəçiliyin insanın iradəsinə bağlı olduğunu iddia edirlər.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, tütün epidemiyası hər il 5,4 milyon, hər gün 11 min insanın həyatına son qoyur. Əgər bunun qarşısı alınmazsa, 2030-cu ilə qədər siqaret ildə 10 milyon insanı öldürə bilər.
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Bu da süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi, şəkər xəstəliyi, ürək xəstəlikləri, sonsuzluq, erkən qocalma və dişlərin tökülməsinə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2013" adlı hesabatında Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41%-nin siqaret çəkdiyi qeyd edilir.
Siqaret çəkmək kişilərlə bərabər qadınların da problemidir. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki, eyni il 41 min döş xərçəngi ölümü reallaşıb. Hamiləlik dövründə siqaret çəkən anaların körpələri normal ortalamadan 200-250 qram az çəkili olur və daha erkən doğulma halları müşahidə edilir. Ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Hamiləlik dövründə siqaret çəkmək doğulmamış uşaqda bir çox ağır sağlamlıq probleminə yol aça bilər. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşların 15 faizinin, ölü doğuşların isə 10 faizinin səbəbidir. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb olur. Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur.
Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr tərəfindən təsis edilib. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü hər il 31 may tarixində qeyd edilir. Bu gün siqaret çəkmənin təhlükələri, tütün məmulatları istehsalçılarının biznes praktikası, "tütün" epidemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyəti və bütün dünya əhalisinin öz sağlamlığını və sağlam həyat sürmək hüququnu qorumaq üçün maarifləndirmə aparılır.