Nazirlik rəsmisi meyitdən orqan transplantasiyasından danışdı FOTO

747
Nazirlik rəsmisi meyitdən orqan transplantasiyasından danışdı FOTO

“Meyitdən orqanın transplantasiyası üçün mexanizm olsa da, bunun “ilkin pionerləri” yoxdur ki, bu işə başlasınlar". 

Mynews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov orqan transplantasiyası ilə bağlı Trend-ə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, bu gün Azərbaycanda canlı donordan orqan transplantasiyası həyata keçirilsə də, meyitdən orqan transplantasiyası həyata keçirilmir. O, Azərbaycan qanunvericiliyində meyitdən orqanın götürülməsinə icazə verildiyi halda, bunun həyata keçirilməsinə mane olan səbəbləri belə izah edib:

“Problemlər Azərbaycanın özünün reallıqları ilə bağlıdır. Milli mentalitetimizdən, şəxsən azərbaycanlılara xas olan düşüncəmizdən irəli gələn problemlər bu sahədə çətinliklər yaradır. Azərbaycanda insan vəfat etməmişdən əvvəl orqanını, toxumasını rəsmi vəsiyyət edibsə, o, vəfat etdikdə onun orqanının, toxumasının transplantasiyası ilə bağlı heç bir problem olmamalıdır və ondan orqan, toxuma götürülə bilər.

Sözsüz ki, şəxsin bioloji ölümü və beyin ölümü tam inkar olunmaz formada təsdiq olunmalıdır. Bu da hansısa fərdi şəkildə, hər hansı həkim tərəfindən deyil, konsilium tərəfindən müəyyən olunmalıdır. Transplantasiya həyata keçirən müəssisənin konsiliumu qərar verməli və bundan sonra baş həkim buna razılıq verməlidir. Hətta belə bir məsələ də var ki, əgər ölüm halı ilə bağlı məhkəmə-tibbi ekspertizası tələb olunursa, onda məhkəmə tibbi ekspertinin də razılığı alına bilər. Bu mütəxəssislərin razılığı olduqdan sonra həmin meyitdən transplantasiya məqsədilə orqan və ya toxuma götürülə bilər.

Hazırda bizdə meyitdən orqanın götürülməsi üçün sadalanan bu prosedurların hamısı var. Sadəcə olaraq, bunu edən yoxdur. Bu, bəlkə də mentalitetimizdən irəli gəlir. Əgər küçədə şifahi bir sorğu keçirib soruşsaq ki, siz öldükdən sonra özünüzün, yaxud yaxın qohumunuzun meyitindən orqan götürülməsinə razılıq verərsiniz? Sorğu iştirakçılarının 99 faizi buna “yox” cavabını verəcək. Azərbaycanda bununla bağlı təfəkkür, yanaşma tərzi hələ başqa cürdür".

Xəbər lenti