106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə atanın oğluna yazdığı məktub oxunub.
“Oğlum, qulaq as! Mən bu sözləri sən yatanda dilimə gətirirəm. Sənin balaca əlin yanağının altında qalıb, qıvrım sarışın saçların isə tərləmiş alnına yapışıb. Mən gizlincə sənin otağına gəlmişəm. Bir neçə dəqiqə bundan qabaq kitabxanada oturmuşdum. Dərin təəssüf hissi keçirirdim. Böyük günah hissi keçirərək, sənin çarpayına yaxınlaşıram. Oğlum, yenə pis əhval-ruhiyyəmin əvəzini səndən çıxdım. Sən məktəbə getməyə hazırlaşarkən, yaş dəsmalla üzünü sildiyin üçün səni söydüm. Çəkmələrini təmizləmədiyin üçün səni danladım. Patarını yerə atdığın üçün sənə bağırdım. Səhər yeməyi zamanı səni danlamaq üçün bəhanə axtarırdım. Çayı dağıtma, yeməyi ağzına böyük tikəylə qoyma, dirsəklərini masanın üzərindən çək, çörəyin üzərinə yağı çox yaxma deyərək səni tənqid etdim.
Sonda mən qatara tələsirdim. Sən mənə “ata, sağ ol” dedin. Mən isə qaşlarımı çatıb, “çiyinlərini dik tut, boynunu əymə!” deyə yenə sənin üstünə qışqırdım. Günün sonunda hər şey yenidən təkrarlandı. Mən səni dostlarının yanında pərt etdim. “Corabların çox bahadır. Özün pul qazansaydın, onların dəyərini bilərdin” deyərək səni acıladım. Yadındadı, sən kitabxanaya daxil oldun. Mən hirsli-hirsli qəzet oxuyurdum və başımı qaldırıb "nə istəyirsən" deyə soruşdum. Sən isə heç bir söz demədən gəlib boynuma sarıldın. Sənə olan böyük sevgini hiss etdim.
Allah sənin ürəyini elə böyük sevgiylə doldurub ki, mənim sənə olan qəzəbim belə bu sevgini yox edə bilmir. Məhz bu hərəkətlərindən sonra qəzet əlimdən yerə düşdü. Məni dəhşət bürüdü. Ürəkbulandırıcı qorxu hissi keçirdim. Mənim vərdişim qorxunc bir insana çevirmişdi məni. Demək olmaz ki, səni istəmirəm. Sadəcə mənim səndən böyük gözləntilərim var. Mən gecə sənin otağına gəlmişəm, utanaraq qarşında diz çökmüş vəziyyətdə səhvimi etiraf edirəm. Bilirəm ki, bu sözləri sənə oyaq olanda desəm, anlamayacaqsan. Əgər mənim ürəyimdən bir də sənə qarşı acıqlı söz demək keçərsə, mən öncə o sadəcə balaca oğlandır deyərək, bu qəzəbimi susduracam. Bağışla oğlum, mən səndən çox şey gözləmişəm”.
Qeyd edək ki, məktub Livinqston Larnedə məxsusdur.