Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

637
Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

Alimlərin vaxtaşırı olaraq dünyanın müxtəlif ölkələrində apardığı tədqiqatın nəticələrinə görə, Danimarka, Norveç və İsveç xoşbəxtlik reytinqlərinin ilk pillələrində qərarlaşır. Əlbəttə, bu ölkələrdə həyat səviyyəsi kifayət qədər yüksəkdir, ancaq iş təkcə bunda deyil: Skandinaviyalıların bir neçə ümumi qaydaları var ki, məhz onların sayəsində həyatdan zövq ala bilirlər.

Mynews.az  oxucuları bu qaydalardan bir neçəsi ilə tanış edir.

1. Təvazökarlıq və başqalarına hörmət

Skandinaviya ölkələrində Yante adlanan gizli qaydalar külliyyatı mövcuddur ki, bu da fərdiyyətçilik hüquqlarını tanımır:
Düşünmə ki, sən xüsusisən.
Düşünmə ki, sən bizə bərabərsən.
Düşünmə ki, sən bizdən ağıllısan.
Təsəvvür etmə ki, sən bizdən yaxşısan.
Düşünmə ki, sən bizdən çox bilirsən.
Düşünmə ki, sən bizdən daha önəmlisən.
Düşünmə ki, sən hər şeyi bilirsən.
Sənin bizə gülməyin lazım deyil.
Elə bilmə ki, kiminsə səninlə işi ola bilər.
Düşünmə ki, sən bizə dərs verə bilərsən.
Skandinaviyalılar özləri bu qanunlarla bağlı çoxlu zarafatlar etsələr də, o, qeyri-adi dərəcədə mehriban və sıx birləşmiş cəmiyyəti yaratmağa həqiqətən kömək edir. Təvazökar olmaq, eyni zamanda başqalarının fikirlərinə hörmətlə yanaşmaq skandinaviya xalqlarına xas xüsusiyyətlərdir.
Bundan başqa, bu qanun təkəbbür və lovğalığı olan insanları xəbərdar edir: burada öz xidmətlərinə görə həddən artıq qürrələnmək, ələlxüsus da zənginliyi nümayiş etdirmək qəbul olunmayıb.

2. Ailə və iş arasında balans

Skandinavlar yaxşı bilirlər ki, həm ailəsinə, həm də işinə kifayət qədər vaxt ayırmalıdır. Danimarkada bir çox ofis və müəssisələr axşam saat 5-də bağlanır, bazar günləri işə çıxmaqdan söhbət gedə bilməz. Norveçdə isə bu yaxınlarda 6 saatlıq iş günü tətbiq edilib. Beləliklə nə işçilər ruhdan düşmür, nə məhsuldarlıq səviyyəsi azalmır. Üstəlik, insanlar ailəsi ilə birlikdə istirahət etməyə də macal tapır.
Skandinav xalqları ailələri ilə birlikdə təbiətdə vaxt keçirməyi, idmanla məşğul olmağı, səyahət etməyi çox sevir. Və soyuq iqlim şəraitində yaşamalarına rəğmən, daim gülərüzlüdürlər.

3. Ailə ocağının istisi

Skandinav xalqları əzizlərini tez-tez qonaq dəvət etməkdən, dadlı yemək, zəngin içki masası, şam işığı və buxarının ətrafında toplanıb şən məclislər düzəltməkdən böyük məmnunluq duyur. Bu da danimarkalıların hyuqqe ənənəsindən irəli gəlir. Hyuqqe - danimarkalılarda ev rahatlığı, dostlar və qohumlar ilə səmimi ünsiyyət mənasını ifadə edən heyrətamiz bir sözdür. Hyuqqe sözünün dəqiq tərcüməsi yoxdur, lakin əhəmiyyətinə görə rifah və rahatlıq anlamında işlədilir. Ümumiyyətlə bu çoxşaxəli heyrətamiz söz özündə bütöv fəlsəfə daşıyır.
Hyuqqe - ailə məclislərində səmimi ab-hava yaratmaq, həyatdan zövq almaq, sevdiyimiz insanlarla xoş vaxt keçirmək deməkdir.
Hyuqqe - birlik, rahatlıq, dəstək və doğmalarına diqqət deməkdir. Bu söz hamıya şamil olunur, odur ki, burada dəbdəbə və lovğalığa yer yoxdur.
Bundan başqa, hyuqqe Oksford lüğətinin versiyası üzrə 2016-ci ilin ən populyar sözləri siyahısına daxil edilib.

4. Realist gözləntilər

Malin Ryudal "Xoşbəxt danimarkalılar" adlı kitabında öz xalqının xoşbəxtlik reseptini oxucuları ilə bölüşüb. Yazıçı hesab edir ki, danimarkalıların ən böyük sirlərdən biri həyata daha real gözlə baxmalarıdır. Lakin bu, ambisiyalı məqsəd və xəyallarınızdan əl çəkməyiniz mənasına gəlmir. Çünki onlar gözləntilərini mövcud imkanlarına əsasən müəyyən edir. Daha dəqiq ifadə etsək, ayaqlarını yorğanlarına görə uzadırlar. Özünüzdən və ətrafdakılardan daha böyük addımlar gözləyəndə başınıza gələnləri və necə pərt olduğunu xatırlayın. Müxtəsər dostlarımıza və yaxınlarımıza qarşı nə qədər az tələbkar olsaq, bizim təəccüblənmək şansımız da bir o qədər çox olar.
Özünü başqa adamlarla müqayisə etmək də xoşbəxtliyə aparan doğru yol deyil. Sosial şəbəkələrin aktiv istifadə olunduğu - güclü informasiya axını əsrində bəzən bizə elə gəlir ki, həyatımızda nəysə çatışmır, yaxud biz daha yaxşı yaşaya və həyat keyfiyyətini artıra bilərdik. Bütün bunların fonunda bu yarışı dayandırmalı və əldə etdiklərimizə görə, sevinməyi bacarmalıyıq. Skandinaviyalılar hesab edirlər ki, azla müqayisə daha məhsuldar olmağa kömək edir, eyni zamanda onlar heç vaxt başqalarından üstün olduqları aşkar şəkildə nümayiş etdirmirlər. (publika.az)

Xəbər lenti