Bir azdan abort ediləcək uşağa...
Gəlmək istəyirsənsə gəl! Ulu babamdan babama qalan qızılları, babamdan atama qalan evi, atamdan da mənə qalan ümidləri sənə olduğu kimi təhvil verməyə hazıram.
Gəlmək istəyirsənsə gəl! Amma bil ki, mənim də bu dünyada hələ başa düşmədiyim çox şeylər var.
İstəmirsənsə gəlmə! Təkcə gözlərinin parıltısını, üzündəki yeni ümidləri, saf təbəssümünü görə bilməyəcəyim üçün təəssüflənirəm. Amma 10-15 il sonra o parıltının yox olacağını düşünəndə qərara gəlirəm ki, elə gəlməsən yaxşıdır.
Gəlmək istəyirsənsə gəl! Amma sənin gəlib axtaracağın xoşbəxtliyi mən hələ də tam başa düşməmişəm. Hələ də başa düşə bilmirəm ki, kim daha xoşbəxtdir? Bütün xəyanətlərdən xəbərsiz qalan kişi... Yoxsa bu qədər çirkinliyi içində gəzdirməyi bacaran qadın?.. Yoxsa əksinə?..
Gəlmək istəyirsənsə gəl, amma mən hələ də ərə getməyə hazırlaşan qızların qəfəsə salınmaq qorxusunu, 27 yaşını keçmiş xanımların isə qəfəs arzusunu başa düşə bilməmişəm. Mən heç vaxt işdən çıxıb çayxanalara tələsən kişilərin xoşbəxtliyini anlamamışam. Düzdür, indi-indi bir az başa düşürəm, amma yalnız onların işdən çıxıb evə getməmək istəyini...
İstəmirsənsə gəlmə! Amma mən heç vaxt qızını ərə verdiyinə görə sevinən anaları, ataları anlamamışam. Deyəsən, indi yavaş-yavaş başa düşürəm. Mən hələ də ailə quran xoşbəxt adamların get-gedə öz bacısından və qardaşından soyumağını başa düşə bilməmişəm. Mən hələ də hər gün daha da artan boşanmaların səbəbini anlamamışam. Deyəsən, bunu da yavaş-yavaş başa düşürəm.
Gəlmək istəyirsənsə gəl! Buralarda uşaqlar birtəhər böyüyürlər. Sonralar isə atalar oturub televizora baxırlar, analar ev işləri ilə başlarını qatıb yatırlar. Onlar da evə gələn kimi öz otaqlarına çəkilib virtuallaşırlar.
Gəlmək istəyirsənsə gəl! Bu ölkədə səni 3 şeydən sığortalaya bilmərəm: sərxoş olmaqdan, darıxmaqdan və xaricə qaçmaq istəyindən.
İstəmirsənsə gəlmə! Deyirlər, insan ancaq ölümünə 5 dəqiqə qalanda xoşbəxt olur. Indi sənin də ölümünə 5 dəqiqə qalır. Xoşbəxtsən?