Uzun illər ərzində yadplanetlilər və uçan naməlum obyektlər dünyanın bütün dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub. Eyni zamanda, yadplanetli texnologiya üzərində hansısa gizli tədqiqatın aparıldığı barədə məlumat heç vaxt mətbuata ötürülməyib. Amma bu o demək deyil ki, bu problem hökumətlərə qətiyyən maraqlı deyil. Hal-hazırda ABŞ-da minlərlə sənəd mətbuata ötürülüb. Bu sənədlər Yer sivilizasiyasının yadplanetlilərlə əlaqəsini sübut edir.
Mynews.az Ölkə.az-a istinadən bu gün xüsusi xidmət orqanları ilə yadplanetlilərin əlaqəsi barədə yazını təqdim edir.
1970-ci illərin sonunda MKİ (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşları anomaliya üzrə mütəxəssislərə müəyyən sənədləri vermək məcburiyyətində qaldılar. Bu sənədlərdə uçan boşqabların tədqiqatlarının nəticələri barədə məlumatlar var idi. Bütün bunlar sübut edir ki, uzun illərdir UNO-lar tədqiq edilir. Amma hələ də həqiqətlərin niyə cəmiyyətdən gizlədildiyi tamamilə anlaşılmazdır.
“Feniks” layihəsi
Bir müddət əvvəl internetdə “Feniks” ufologiya layihəsinin hesabatı yayımlanmışdı. Hesabatda yerdənkənar sivilizasiya texnologiyası üzərində aparılan tədqiqatların miqyası və bu barədə məlumatların niyə məxfi saxlanması barədə sənədlər yer alıb. Qeyd etmək lazımdır ki, “Feniks” layihəsində həyatı boyu, dövlət təşkilatlarında işləyən və yerdənkənar sivilizasiya və texnologiyanın tədqiqatına dair məxfi proqramlarla qarşılaşan insanlar bir araya gəlmişdi. Bu insanlar rəsmi siyasətlə razılaşmırdılar və belə bir qrupun yaranmasına səbəb oldular. Bu insanlara şöhrət və pul maraqlı deyil. Onlar bu tip təşkilatlardan fərqli olaraq müstəqil işləyirdilər və zaman-zaman keçirilən tədqiqatların müxtəlif aspektləri barədə materiallar dərc edirdilər.
Əgər hesabatı analiz etsək, o zaman anlayarıq ki, uçan boşqablar barədə məlumatlar yadplanetli istilası təhlükəsi səbəbindən məxfiləşdirilib. Təbii ki, bu hipotezə inanmamaq və şübhə ilə yanaşmaq olar. Amma əgər hesabatı bir az da diqqətlə incələsək, orada həqiqət payının olduğunu aydınlıqla görə bilərik.
“Meci”
Hesabata əsasən, ABŞ-da yadplanetlilər üzərində məxfi tədqiqat hələ 1947-ci ildən başlayıb. Tədqiqatla “Meci” adlı layihə qrupu məşğul olub. Əvvəlcə qrupun adı “Macestik-12” idi. Bu qrup ancaq prezidentə tabe idi və çox məxfi sayılırdı.
Qrupun bütün sənədləri ölkənin ən ciddi məxfi qrifi ilə təchiz edilmişdi. Qrupun tərkibinə yalnız yüksək ixtisaslı əməkdaşlar, ən yaxşı hərbçilər və alimlər, kəşfiyyat idarələri və xidmətlərində çalışan peşəkarlar daxil edilmişdi. Bütün qrup üzvləri məlumatların məxfi saxlanacağı barədə and içmişdilər.
“Meci”-nin tərkibinə bir çox bölmə və layihə daxil idi. Onlardan hər birinin müəyyən edilmiş işi var idi. Bölmələr tədqiqatlarının bütün nəticələrini mərkəzə göndərirdilər və bu nəticələr mərkəzdə çox incəliklə analiz edilirdi. Rəhbərlik bu nəticələrə əsasən, növbəti tədqiqatların istiqamətini müəyyənləşdirir, bölmələrin işinə istiqamət verirdi.
1947-ci ildən 1952-ci ilə qədər Amerika silahlı qüvvələrinin xüsusi bölməsi qrupun rəhbərliyi altında dəfələrlə uçan boşqabların qəzaya uğradığı əraziyə yollanıb. Qəza yerindən əldə edilən bütün qalıntılar və tapıntılar Ohayodakı təyyarə bazasına, 18 nömrəli anqara aparılırdı. Sonradan isə MKİ və Hərbi Hava Qüvvələrinin müştərək əməliyyatı nəticəsində bütün qalıqlar Kaliforniyaya, yeraltı kompleksə aparıldı.
1964-cü ildə “Meci” qrupu “Siqma” layihəsi çərçivəsində Dzeta Retikuli sisteminin yadplanetliləri ilə əlaqə qura bildi. Əlaqə nəticəsində texniki və ticarət müqavilələri imzalandı. Müqavilələrə əsasən, yadplanetlilər yeni növ texnologiya verməli, əvəzində isə amerikan hökuməti bir neçə gizli bazanın inşasına icazə verməli idi. Eyni zamanda, mübadilə proqramı da nəzərdə tutulmuşdu. Bu proqrama əsasən yadplanetlilər amerikalıları oğurlayaraq üzərlərində tibbi tədqiqat aparmaq, psixoloji və genetik eksperimentlər həyata keçirmək hüququ əldə edirdilər. Amma bununla yanaşı oğurlanan sakinlərin siyahısı təqdim edilməli idi ki, gələcəkdə onların sağlamlığında baş verən dəyişiklikləri müşahidə etmək mümkün olsun.
Hesabata əsasən, 1972-1973-cü illər ərzində yadplanetlilər Amerikada bir neçə gizli baza qurublar. Belə bazalardan biri 51-ci zonada peyda oldu. Baza atom poliqonu yaxınlığında yerləşirdi və böyük yeraltı kompleksə sahib idi. Başqa bir gizli baza Nyu-Meksikoda inşa edilmişdi. Bu baza “buz mağaraları” adı ilə məşhurdur.
Qısacası, hesabata əsasən 1971-1983-cü illər ərzində amerikalılar və yadplanetlilər arasında anlaşılmazlıq yarandı və münasibətlər korlandı. Artıq tərəflər öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa başlamışdılar. Yadplanetlilər siyahıda göstəriləndən çox insan qaçırmışdılar və vəd edilənlərin əvəzinə qurbanları dəhşətli və qəddar işgəncələrə məruz qoymuşdular. Oğurlananlardan bir çoxu geri qayıtmadı. Bundan başqa müəyyən edildi ki, yadplanetlilər bəzi qurbanların beyninə nazik metal plastinkalar yerləşdiriblər və bunun hesabına insanları idarə edirdilər. Müntəzəm olaraq insanlar hipnoza məruz qalırdılar. Qadınlar üzərində isə genetik cütləşmə üzrə eksperimentlər aparılırdı.
Məhz bu dövrdə “Meci” əməkdaşları arasında ideoloji parçalanma baş verdi. Məhz bu dövrdə yadplanetlilər əleyhinə bir sıra silah növləri istehsal edildi. Eyni zamanda, lazer topları da yadplanetlilərin təcavüzünə qarşı nəzərdə tutulmuşdu. Həm də plazma silahı üzərində iş gedirdi.
Qısacası, amerikalılar UNO tədqiqatı ilə məşğul olan yeganə xalq deyildi. Bu tip təcrübələr İtaliya, Böyük Britaniya, Sovet İttifaqında da keçirilmişdi. İtaliyada UNO-lar Mussolinin əmri ilə 1922-1943-cü illərdə tədqiq edilib. 1996-cı ildə isə bu araşdırmalara aid sənədlər işıq üzü gördü. Geniş ictimaiyyətə İtaliya hökumətinin nəzdində fəaliyyət göstərən “Kabinet RS/33” adlı məxfi bölmənin hesabatları təqdim edildi. Adıçəkilən bölmə İtaliya səmasında uçan və peyda olan uçan boşqabların analizi, öyrənilməsi və tədqiqatı ilə məşğul olub. Hesabatda olan bir məktuba əsasən, 1968-ci ildə Venesiya səmasında bir neçə obyekt müşahidə edilib. Obyektlərdən ikisi yarışəffaf şara bənzər digəri isə siqara bənzər obyekt olub.
1933-cü ilin yay aylarında ölkə ərazisinə eniş edən naməlum obyektin axtarışları ilə məşğul olmağı əmr edən sənəd də ictimaiyyətə təqdim edilib. Obyektin hara endiyi barədə dəqiq məlumat yoxdur. Amma sənəddə yenidən uçan boşqabın müşahidə edilməsi halında atılacaq addımlar sıralanıb. Bütün şahidlər həbs edilməli, uçan boşqab isə məxfi yerə aparılmalı, kütləvi informasiya vasitələrinə senzura tətbiq edilməli, obyektin enişi isə meteorit kimi qələmə verilməli idi. Bu bölmə cəmi 7 il fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi dövr ərzində İtaliya ərazisində naməlum uçan obyektlərin peyda olması barədə bütün məlumatlar toplanıb. Amma nəticədə “Kabinet”-in mütəxəssisləri qərara gəldilər ki, bütün toplanan materiallar heç də naməlum uçan obyektlərə və yadplanetlilərə aid deyil. Bu sadəcə hansısa Avropa dövlətlərinin birinin ərazisində aparılan məxfi silah sınaqlarıdır.
Sonradan bölmənin topladığı bütün məlumatlar Almaniyaya təhvil verildi. Bəzi mütəxəssislər iddia edir ki, 1933-cü ildə peyda olan obyekt almanlara məxsus olub. Çünki o dövrdə almanlar diskşəkilli uçan aparatların istehsalı ilə məşğul olurdular.
UNO-lar Sovet İttifaqında da tədqiq edilib. Alimlər iş vaxtı dəfələrlə qəribə obyektlərlə rastlaşıblar və onların mənşəyini izah etmək qətiyyən mümkün olmayıb. Sovet ufoloqları əmin idilər ki, uçan boşqablar avia qəzaların səbəbindən baş verir.
Qeyd etmək lazımdır ki, SSRİ-də yadplanetlilərin öyrənilməsi kifayət qədər bəsit səviyyədə aparılırdı. Elmlər Akademiyası qəribə obyektlərin peyda olduğu barədə yüzlərlə məktub alırdı. Məktub müəllifləri hadisə ilə məşğul olmağı xahiş edirdilər. Nəticədə Akademiyada fizik və astronomlardan təşkil edilən qrup yaradıldı. Qrupun əsas tapşırığı bu tip bütün məktubları qeydiyyata almaq, mütəxəssislərlə məsləhətləşərək məktublara cavab yazmaq idi. Təbii ki, məsələyə bu cür yanaşma heç bir müsbət nəticə vermədi. Bu səbəbdən tezliklə tərkibinə müxtəlif sahələrdən, eyni zamanda hərbidən də dəvət edilən mütəxəssislərdən ibarət kollektiv yaradıldı. Çox qısa müddətə bir neçə proqram hazırlandı. “AN şəbəkəsi” anomal hadisələrin inkişafı və mənşəyinin tədqiqatı ilə məşğul idi. “MO şəbəkəsi” isə müxtəlif tip anomal hadisələr və onların hərbçilərə, texnikanın işinə təsirinin tədqiqatı ilə məşğul idi. Başqa sözlə, 1978-ci ildən SSRİ-də UNO-ların tədqiqatı ilə məşğul olan dövlət proqramı işə düşdü. Bu proqram 13 il fəaliyyət göstərdi və cəmiyyətin güclü rezonansı səbəbindən bağlandı.
Uçan boşqabların öyrənilməsi ilə Böyük Britaniya da maraqlanırdı. Hazırda məlum olub ki, Uinston Çerçill UNO-ların mövcudluğuna inanırdı və onlardan qorxurdu. Bundan başqa, İkinci Dünya Müharibəsində Britaniyaya məxsus hərbi təyyarənin UNO ilə yaxınlaşması barədə faktı 50 ilə yaxın məxfi tutulması barədə əmr verib.
Çerçilin anomal hadisələrə qarşı marağı 1912-ci ildən yaranıb. Britaniya hökuməti UNO probleminə o qədər ciddi yanaşırdı ki, müharibədən sonrakı illərdə kəşfiyyat xidmətlərinin iştirakı ilə bu məsələyə həsr edilmiş müntəzəm iclaslar keçirilirdi.
UNO-lara və anomal hadisələrə aid məxfi məlumatlar digər dövlətlərdə, yəni Fransa və Danimarkada da gün işığına çıxdı.
Təbii ki, UNO probleminə sağlam düşüncə tərzi və elementar məntiq nöqteyi nəzərdən baxsaq, planetimizdən kənarda hansısa canlı məxluqların yaşadığına, müntəzəm olaraq uçan boşqabları ilə Yerə qonaq gəldiklərinə inanmaq çox çətindir. Digər tərəfdən isə, alimlər hələ də onların mövcud olmadığını sübuta yetirə bilmirlər. Bu səbəbdən yaxın gələcəkdə insanların “kosmik qardaşları” ilə normal əlaqə quracağına inanmaq mümkündür...