Həmyerlimizin qeyri-adi əsərlərini Hollivud ulduzları aldı - VİDEO

723
Həmyerlimizin qeyri-adi əsərlərini Hollivud ulduzları aldı - VİDEO

Onu xalça ilə bağlı uzun illər mövcud olan stereotipləri qıran gənc, istedadlı rəssam kimi tanıyırlar. Gənc yaşında yaratdığı xalçalar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanır və dünyanın aparıcı muzeylərində, sərgilərində nümayiş olunur. Söhbət azərbaycanlı rəssam Faiq Əhməddən gedir.

APA TV-nin xəbərinə görə, Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu olan Faiq Əhmədin işləri hətta incəsənət tənqidçilərinin rəğbətini qazanıb. Xalçalarından biri Londonda "Sotheby's" hərracına çıxarılıb. Bu yaxınlarda Nyu-Yorkda "Sapar" Qalereyada 9 xalçası sərgilənib. Buna qədər isə Faiq Əhmədin Avropa və Şərq ölkələrində xalçalarının sərgiləri təşkil olunub: "Xalçalarımın dizaynının çoxu ya köhnə Azərbaycan xalçalarının dizaynıdır, ya da Cənubi Azərbaycan dizaynıdır. Yaxud da Mərkəzi Asiya, İran, Hind xalçalarının motivləri olur. Mənim klassik xalçanın dizaynında işləmək xoşuma gəlir. Ondan sonra öz fikirlərimi onun üzərinə qoyuram". 

Faiq Əhməd deyir ki, öz xalçalarını digərlərindən fərqləndirmək üçün 2 cür kod - görünən və görünməyən kodları qoyur. Bir xalçanın üzərində işləmək isə 3-4 aydan 1 ilə qədər çəkə bilər.

Faiq Əhməd hər bir xalçasında fərqli naxışlar etməyə çalışır. Təkrarlanmaq istəmir. Xalçalarının çoxunun isə cəmi 3 nüsxəsi olur. Amma hazırladığı bəzi xalçalar unikaldır. Bunun səbəbi həmin xalçaları eynilə 2-ci dəfə təkrar etməyin mümkünsüz olmasıdır:

Faiq Əhmədin xalçaları dünyanın məşhur muzeyləri ilə yanaşı, Hollivud ulduzlarının da diqqətini cəlb edib. Hətta 2 məşhur Hollivud ulduzu Faiq Əhmədin xalçalarını alıb. Xalçalarının qiymətinə gəldikdə, Faiq Əhməd bunu gizli saxlayır: "Azərbaycanda demək olar ki, satılmır. Bəzi muzeylər alırlar. Amerikanın 4 muzeyində mənim  xalçalarım var. Bəzi fərdi kolleksionerlərdə də olur. Bəziləri satılır. Amma qiyməti demək düzgün deyil. Ona görə də deyə bilmərəm".

Maraqlıdır ki, Azərbaycanda xalçaçı deyəndə ilk ağla qadınlar gəlir. Amma Faiq Əhməd bu stereotipləri də qırıb. 2007-ci ildən xalçaçılıqla məşğul olan Faiq Əhməd bu gün Azərbaycanın ən istedadlı xalçaçı-rəssamlarından birinə çevrilib: "Əslində ancaq Azərbaycanda xalçanı qadınlar toxuyur və bir neçə ölkədə, bölgədə bu işlə qadınlar məşğuldur. Ancaq dünyanın əksər ölkələrində xalçaçılıqla kişilər məşğuldur. Pakistanda, Hindistanın əksər yerlərində, İranda, Mərkəzi Asiyada bu sahə ilə əsasən kişilər məşğul olur. Ona görə də kişi, yaxud qadın olmağının fərqi yoxdur".

Rəssam köhnə xalçalara də həssaslıqla yanaşır. Yalnız bir dəfə qədim xalçanı yeniləyib. Amma sonra buna təəssüflənib: "Kilim idi. Onu mən kəsdim. Hollandiyada Müasir İncəsənət Muzeyində nümayiş olundu. Bir tərəfdən çox təəssüfləndim ki, bunu etdim. Bilirsiz, bir ideya bəzən yaxşı ola bilər. Amma kiminsə qəlbinə dəyirsə, bu pis haldır. Mən həmin xalçaya təkrar həyat verdim. Ancaq həmin adamla sonradan danışmadım. Bəlkə də indi məndən zəhləsi gedir. Ondan sonra bütün xalçaları sıfırdan işlədim".

İndiyədək 40-dan çox xalçası olduğunu deyən Faiq Əhməd öz əsərlərini hətta heç tanımadığı, sadəcə, ondan xahiş edən insana pulsuz hədiyyə edib. Amma maraqlıdır ki, əsərləri dünyanı gəzən rəssamın evində bir dənə də olsun xalçası yoxdur: "Sıfır xalça. Evimdə heç xalça yoxdur, bomboşdur. İncəsənətə aid heç bir şey yoxdur".

 

Xəbər lenti