Cavanların evlilik yolunda əl və ayaqlarını bağlayan əsil amil – şərtiliklərdir. Həzrət Peyğəmbər (s) buyurub: “O kəsin ki, əxlaqı və dini sizin bəyəndiyiniz kimidir, ona qız verin. Əgər bu evliliyin həyata keçməsinə mane olsanız, yer üzündə böyük fitnə və fəsada səbəb olarsınız”.
Cavanların evliliyinə mane olan şərtlər – adətən maddi şərtlər olur. Əgər ailələr bu maddi şərtləri aradan qaldıra bilməsələr, cəmiyyətdə həqiqətən də çox sayda başqa fəsadlar meydana gələcəkdir. O cümlədən: zina, əsəb pozgunluqları, başqa əxlaqsızlar.
Qurani-Kərim buyurur: “(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər”. (“Nur” 32).
Beləliklə deyə bilərik ki, Peyğəmbərimizin (s) evlilik üçün iki şərti vardır: din və əxlaq. (Tebyan)
Dindarlıq.
Həyat yoldaşı seçimində cavanların ilk etməli olduqları şey – təqva və imana diqqət etməkdir. Din, ailənin bünövrəsini qoruyar və təqvalı həyat yoldaşı, təqvası az olan həyat yoldaşından daha çox ailənin hüzurlu və xoşbəxt olması üçün cəhd göstərər. O kəs ki, dinə bağlı olmaz, yaxşı həyat yoldaşı olmağa layiq olacağına dair heç bir zəmanət vermək olmaz. İmanlı və təqvalı insan Allahdan qorxur və çalışar ki, Allahın əmrlərinə itaət etsin və bu yolla ailəsinin səadətini təmin etsin.
İslam dininin nəzərinə görə, mömin kişinin vəzifələrindən biri – özünü və ailəsini cəhənnəm atəşindən qorumaq olmalıdır. Allah Təala Quranda buyurur: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).
Ona görə də deyə bilərik ki, evliliyin ən mühüm şərti – iman və təqva olmalıdır. Çünki ancaq iman sayəsində gələcək ailənin səadəti təmin oluna bilər.
Əxlaq.
İslam dininin evlilik üçün tövsiyə etdiyi ikinci şərt – gözəl əxlaqdır. Bir nəfər İmam Rzanın (ə) yanına gəlir və ondan məsləhət istəyir. Deyir: “Qohumlarımdan biri qızama elçi düşmüşdür. Ancaq əxlaqı pisdir”. Həzrət (ə) buyurur: “Əgər bəd əxlaqdırsa, qızını ona vermə”. Əxlaq, evlilik zamanı diqqət olunası mövzulardan biridir. Əgər tərəflərdən birində bu gözəl sifət olmazsa, evliliyin müvəffəqiyyətli olacağına görə şübhə etmək lazımdır. Gözəl əxlaqa: sədaqət, iffət, pak baxış, əmanətdarlıq, təvazökarlıq, səxavət, pis əxlaqdan uzaq olmaq şamil edilir.
Beləliklə deyə bilərik ki, Peyğəmbərimizin (s) nəzərinə görə, əgər xoşbəxt ailəyə malik olmaq istəyirsinizsə, evlənən zaman iki şərtə diqqət etməlisiniz: din və gözəl əxlaq. Əgər bu ikisi həmin insanda varsa, xoşbəxt və səadətli ailəyə malik olacağınıza zəmanət verilir.
/Deyerler.org/