Yaponiya qəribə ölkədir. Bütün dünya yaponların öz xalqı və təbiətlə harmoniyada yaşamaq arzusuna vurulur, onların inadına və səbrinə həsəd aparır. Bu, onların yeganə xarakterik xüsusiyyətləri deyil. Yaponların tərbiyə metodları da çox fərqlənir.
Mynews.az Publika.az-a istinadən bu gözəl xalqa dərin hörmət bəsləyir və Yaponiyada valideynlərin uşaqların tərbiyəsinə yanaşması sizinlə bölüşmək istəyir.
Gündoğan ölkədə ilk olaraq nəsillər arasında qeyri-adi qarşılıqlı anlaşma nəzərə çarpır. Uşaqlar elə bil, ümumiyyətlə, naz və şıltaqlıq etmirlər. Belə yekdilliyin səbəblərindən biri - uzaq keçmişdən gələn uşaqla birgə qalmaq ənənəsidir.
Belə ki, qədim zamanlardan başlayaraq analar işi ilə uşaq tərbiyəsini birləşdirirdi. Körpə anasına parça ilə bağlanır və daim yanında olurdu. Bu zaman ana daim uşağına səslənir və onunla danışırdı. Bu amil uşağa bütün proseslərdə özünü hiss etməyə imkan verir və vaxtından tez inkişaf etməsinə şərait yaradırdı. Məsələn, Yaponiyada uşaqların addımlamağa başlamazdan əvvəl danışmağı öyrənməsi tez-tez rast gəlinən adi haldır.
Və bu gün Yaponiyada gənc ana hara getməsindən və nə ilə məşğul olmasından asılı olmayaraq körpəsini həmişə ya arxasında gəzdirir, ya da qucağında saxlayır.
Adətən, ana uşağın 3 yaşı tamam olana qədər məzuniyyət götürür və evdə oturub uşağa baxır. Bundan sonra isə onu uşaq bağçasına verirlər. Yaponlarda körpələr evi də var, amma balaca uşağın tərbiyəsinin onlara etibar etmək müsbət qarşılanmır, eləcə də nənə və babasının himayəsinə vermək yolverilməzdir.
Lap erkən yaşlarından uşağa öz hisslərinə, hətta onu əhatə edən əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Əgər uşaq sevdiyi maşınını sındırmağa çalışırsa, ana heç bir şey etməyəcək, sadəcə "Sən onu incidirsən" deməklə kifayətlənəcək.
Balacalarla təkcə qadınlar məşğul olmur. Kişi də öz körpəsinin qayğısına qalır, ona böyük həvəslə dayəlik edir. Uşaqlar sanki valideynlərinin diqqət və sevgi dənizində çimirlər. Burada uşaqlara səsini ucaltmaq, öyüd-nəsihət vermək qəbul olunmayıb, cismani cəzalar haqqında danışmağa ümumiyyətlə dəyməz. Bununla belə yaponlar öz uşaqlarını heç vaxt ərköyün böyütmürlər. Yaponlar belə hesab edir ki, uşağı ərköyün etmək ondan imtina etməyə bərabərdir. Uşaqlar isə əgər valideynlərinə narahatlıq veriblərsə, bir qayda olaraq, peşmançılıq və günah hissi keçirirlər.
Onlara başqalarına mane olmamaq, hər kəslə nəzakətlə davranmaq anlayışı aşılanır. Yaponlar narazılıqlarını intonasiya və baxışlarının köməyi ilə göstərir. Uşaqlar görəndə ki, valideynləri onların davranışını bəyənmir, onda özlərini müadiə etmək üçün saysız-hesabsız arqumentlər sadalamaq əvəzinə, səhvlərini düzəltməyə çalışırlar. Sözsüz ki, bütün bunlar nəsillər arasında qarşılıqlı anlaşmaya gətirib çıxarır.
Yekun olaraq onu demək olar ki, Yaponiyada uşaqlar ehtiyacı olduğu valideyn sevgisini, onların isti məhəbbətini və qayğısını hiss edir, eləcə də uşaqlıqdan kollektiv cəmiyyətin prinsiplərini mənimsəyir. Əlbəttə, bu tərbiyə sistemi bizimkindən çox fərqlənir və kiməsə paradoksal görünə də bilər. Lakin o, əsrlər boyu yoxlanılıb və ölkəsinin qanunlarına tabe olan intizamlı vətəndaşlar yetişdirməyə kömək edir.