Sevgilisini milyonçuya çevirən şahzadə Həyat hekayəsi - VİDEO - FOTOLAR

816
Sevgilisini milyonçuya çevirən şahzadə Həyat hekayəsi - VİDEO - FOTOLAR

Ölümündən 20 il keçməsinə baxmayaraq, şahzadə Diananın həyatındakı müəmmaların, gizlinlərin üstü hələ də tam açılmayıb.

Uels şahzadəsi Diana 1961-ci il iyulun 1-də Norfolk qraflığında, məşhur zadəgan ailəsində anadan olub. Diananın ən böyük arzusu professional balerina olmaq olub. Lakin o, balerina olmaq üçün çox hündür boylu olub (178 sm).

Diana təhsilini İsveçrədə alır və İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyir. O, Çarlzla hələ 16 yaşında atası evində tanış olur. Dianaya qədər şahzadə Çarlzın onun bacısı Sara Spenser ilə qısa eşq hekayəsi olub. Lakin çox danışqan olan qız kral ailəsi barədə məlumatları mətbuata sızdırıb. Bundan sonra Çarlz Sara ilə münasibətləri kəsib.

Belə bir fikir var ki, Çarlz onu tərk etmiş sevgilisinin (Kamillanın) məsləhətlərinə əməl edərək, Diana ilə evlənmişdi. Başqa mənbələr iddia edir ki, Diana ilə nigaha Çarlzın atası, şahzadə Filipp təkid etmişdi. O zaman şahzadə Çarlzın 33 yaşı var idi və o, Böyük Britaniyada ən həsəd aparılacaq bəy olaraq qadın düşkünü imici qazanmışdı. Dianaya gəldikdə isə, o, Çarlzı sevir və onunla xoşbəxt olacağına ümid edirdi.

1981-ci il iyulun 29-da Diana Spenser dəbdəbəli gəlinlikdə (8 metrlik şleyflə) Britaniya kral ailəsinin daha bir üzvü olmaqdan ötrü mehraba girdi. Toy mərasiminə az vaxt qalmış Diana toy andında "ərinin itaətilə" sözünü deməmək qərarına gəlib və bu hissəni anddan çıxarıb. Əvəzində Diana onu "sevmək, dəstəkləmək, şərəfini gözləmək və qorumaq" barədə söz verib. İllər sonra onun bu sözlərini Keyt Midlton da təkrarlayıb.

Diana toydan sonra Çarlzın əlini onun belinə qoyaraq "hə, biz bir az dolu bədənliyik?" sözlərini həyatının sonuna kimi xatırlayıb və kök olması barədə fikirlər onu heç vaxt tərk etməyib. Diana küsür, özünə qapanır, damarlarını kəsir, həblər qəbul edirdi. 1990-cı ildə onda bulimiya (yemək pozuntusu) olduğu məlum olub.

Şahzadə Çarlz hesab edirdi ki, gözəl xanımının yanında həmişə "ikinci rolda" olacaq. Məhz bu hiss onu evindən bir az aralıda yaşayan məşuqəsi Kamillaya daha da yaxınlaşdırırdı. Hətta oğlanları dünyaya gələndən sonra belə Kamilla ilə görüşməyi dayandırmırdı. Çarlzın etinasızlığı Diananı başqa kişilərin qoynuna atır. 1989-cu ildə Diana avtomaşın taciri Ceyms Cibli ilə eşq macərası yaşamağa başlayır. Süit yeganə kişi idi ki, Diana onunla eşq macərası yaşadığını gizlətmirdi. Ehtiraslı roman beş il davam edir.

1994-cü ildə Süit səmimi xatirələrini yazdığı kitabı çıxarmaqla Dianaya xəyanət etmiş oldu. Sayılı dəqiqələr içində milyonçuya çevrilən Süit şəhərdən kənarda ev aldı və at idmanı məktəbi açdı. Bundan çox məyus olan Diana təskinliyi incəsənət əsərlərinin taciri, milyonçu Oliver Hordda tapdı. Onların münasibətinə evli Oliverə Diananın qısqanclığı ucbatından gələn anonim telefon zəngləri son qoydu. 300 zəngi hesablayan Oliver Diananı tərk elədi.

1995-ci ildə Diana Çarlzla rəsmi surətdə boşandı. Elə həmin ildə Diana milli reqbi komandasının kapitanı Uill Karlinqlə görüşməyə başladı. İşçi təbəqəsindən olan Karlinqlə Diananın əlaqəsi bir göz qırpımında bitdi. Oxşar sevgi macərası əmlak taciri Kristofer Vell, aristokrat Filipp Dann, Devid Uoterhauzla da yaşandı.

1997-ci ilin avqustunda bir fotoqraf Diananı sevgilisi Dodi Al-Fayedin ağuşunda çəkdi. Fotoqraf bu şəklə görə 3 milyon dollar qazandı. Dodi Misir milyarderi Məhəmməd əl-Fayedin oğlu idi. O, Hollivud filmlərinin prodüserliyilə məşğul idi. Afrika filmləri barədə çəkiləcək filmdə baş rola Diananı çəkmək istəyirdi. Avqustda onların nişanlanması və tez bir zamanda nikah bağlamaları haqda xəbərlər yayıldı. Həmin ayın 31-də Dodi və Diana "Rits" otelinə (Paris) şam yeməyinə gedərkən, tuneldə avtomobil qəzasına düşdülər, cangüdəni çıxmaq şərtilə Diana, sevgilisi və sürücüsü həlak oldu.

Məhəmməd əl-Fayed qəzanın planlaşdırıldığını, sui-qəsd olduğunu bildirdi. İlkin təhqiqatlar isə qəzanın sürücünün içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyini irəl sürdü. Versiyalar arasında paparatsilərin təqibindən yayınmağa çalışan avtomobilin qəza törətməsi də var.

Diana krallıq ailəsinin digər nümayəndələrinin yanında dəfn edilməli olsa da, son anda qardaşı Erl onun Spensor nəslinin ailə qəbiristanlığında - Ortorp adasında basdırılması barədə qərara gəlir.

Ailədəki problemlərə baxmayaraq, Diana xalqın sosial problemləri ilə dərindən maraqlanır və dünyada sürətlə yayılan QİÇS xəstəliyinin qarşısını almaq üçün müəyyən tədbirlər görürdü. Məhz Diana ilk olaraq cəmiyyətə QİÇS xəstəliyinin hava, damcı yolu ilə keçmədiyini təbliğ etməyə başlayır. Diana QİÇS xəstələri ilə birgə şəkil çəkdirərək, onlara mənəvi dəstək olur. O, həm də müharibə və aclıq əleyhinə bir çox aksiyalar keçirir.

Diananın oğulları Şahzadə Uilyam və Harri digər uşaqlar kimi Disneyland və McDonalds-da da olublar. Hətta onların uşaq yaşdan mərhəmət hissini qavraması üçün Diana oğlanlarını evsizlər üçün sığınacağa, virus daşıyıcılarının müalicə aldığı klinikalara aparıb.

 

Xəbər lenti