Barmaqlarımıza diqqətlə baxsaq, müxtəlif qarışıq xətlər görə bilərik.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, bu xətlərlə insanın necə biri olduğunu, nə vaxt öləcəyini və s. təxmin edirlər. Bəzi insanlar bunu elm kimi, bəziləri də sadəcə xürafat kimi qəbul edir.
Xiromantiya olduqca incəlik tələb edən bir elmdir. Ancaq xiromantiya ilə hobbi kimi məşğul olanlar da var. Bunun üçün əldə olan əsas xətləri bilmək kifayətdir:
1. Ürək xətti ən önəmli xətlərdən biridir və sevgi həyatınızın necə olacağını göstərir. Bu xəttin dərin olması adətən sədaqətli olduğunuz anlamına gəlir.
Əgər ürək xətti işarət barmağının altından başlayırsa, maraqlı bir eşq yaşadığınızı göstərir. Əgər orta barmağın altından başlayırsa, eşq həyatınız eqoist və madiyyata bağlı olacaq. Bu xəttin iki barmaq arasından başlaması sevginin əsl mənasının itdiyini göstərir. Ürək xətti olduqca çox şaxələnirsə, romantikanın bol olduğunu, həddindən artıq həssaslığı göstərir.
2. Ağıl xətti sizin düşüncələrinizə, inanclarınıza, zehninizə nəzarət edir. Ağıl xətti hərkəsdə vardır. Adətən, həyat xətti ilə birgə başlayır və ovucun ortasında 2-ə ayrılır. Ağıl xəttinin dərinliyi yaddaşın nə qədər güclü olmasını göstərir. Bu xəttin düzlüyü sizin nə qədər realist olduğunuzu göstərir. Bu xətt nə qədər uzun olarsa, bir o qədər maraqlı və əhatə dairəsi geniş insansınız. İki xətli ağıl xəttinə malik insanlara “vunderkind” də deyilə bilər.
3. Həyat xətti ən önəmli xətlərdən biridir. Sağlamlığınızı və həyatınızı təmsil edir. Bəziləri həyat xəttinin uzun olmasını insanın yaşı ilə əlaqələndirir. Amma aparılan təcrübələr bunun yalnış olduğunu söyləyir. Qısa həyat xəttinə malik, lakin 80-90 yaş yaşayan insanlar həyat xəttinin uzunluğunun yaşı deyil, həyat keyfiyyətini göstərdiyini sübut edir. Dərin həyat xətti adətən sosial həyatı sevənləri, seyrək həyat xətti isə əylənməyi sevməyənlərin xəttidir. Güclü və qırıntısız bir xətt həyata nə qədər bağlı olduğunuzu göstərir. Bəzən həyat xətti bir neçə xətlə bərabər başlayır. Bu sizin insanlara bağlı olduğunuzun göstəricisidir. Sıx başlanğıc körpəlikdə keçirdiyiniz bir xəstəliyin sübutudur.
Əgər həyat xətti çox yuxarıda başlayırsa, bu sizin özünəinamınızın güclü olduğunu göstərir. Zəif görünən həyat xətti ölüm və ya ağır xəstəliyin əlamətidir.
Bu xətlərdən başqa tale xətti, evlilik xətti, səyahət xətti də var.
İnsanın başına gələcəkləri, ölüm tarixini, taleyini bu xətlərə əsasən baxıb demək nə dərəcədə doğrudur? Dinimiz buna nə deyir?
Məsələylə bağlı ilahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında deyib: “Bu elm kimi mümkün olsa da, yalnız peyğəmbərlərə və imamlara məxsus olub. İnsanlar bir-birinin əl-üz cizgilərinə baxıb onun nə qədər yaşayacağını, taleyini təxmin edə bilməz”.