Yəqin filmlərdə çox görmüsünüz: sadə amerikalılar paltarlarını evdə deyil, camaşırxanalarda yuyurlar. İstər-istəməz sual doğurur: Super dövlətin təmin olunmuş, firavan vətəndaşının paltaryuyan maşın almağa pulu çatmırmı?
Publika.az bu suala cavab tapıb.
Qadağa
Əsasən böyük şəhərlərdə kirayə yaşayan amerikalılara ev sahibləri paltaryuyan maşın işlətməyə icazə vermir. Su sızmasından və bunun yarada biləcəyi fəsadlardan ehtiyat edir. Ona görə də kirayənişin camaşırxanada paltar yumağa məcbur olur.
Qənaət
Camaşırxanalarda paltar yumaq daha sərfəlidir. Burada xitmət ucuzdur. Qənaətcil amerikalı düşünür ki, maşın alıb hər ay artıq yerə su və işıq pulu ödəməkdənsə, sadəcə yuyucu tozunu götürüb az miqdarda pul ödəməklə irəli düşsün.
Yüksək xidmət
Hazırkı camaşırxanalarda xidmət səviyyəsi yüksəkdir. Burada pulsuz quruducu aparatlar da var ki, bu da şəhəri balkonlarda paltarların yellənməsi görüntüsündən xilas edir. Bundan başqa buxarlı və digər peşəkar ütülərlə ütüləmə də cüzi pul ödəməklə mümkündür. İndiki camaşırxanalar daha çox istirahət mərkəzinə bənzəyir. Burada pulsuz vay-fay, kofe aparatları olur. Paltarın yuyulmasını gözləyə-gözləyə internetdən yararlanmaq mümkündür.
Tanışlıq
Bunu da filmlərdən çox görmüşük. Paltarlarını yumağa gələn kişi və qadınların çox romantik, bəzən də erotik görüntüləri baxımlı mənzərə yaradır. Elə uşaqlar da burada özlərinə rahatlıqla dost tapıb oyanaya bilirlər.
Ənənə
Amerikalılar ənənələrə sadiq qalmağı sevirlər. Camaşırxanaların bu ölkədə yarandığı 1934-cü ildən bəri insanlar bura maraqla gəliblər. Sonralar filmlərinin, romanlarının mövzusuna çevrilib. Odur ki, bugünkü sakinlər də “dədə-baba qaydaları”nı davam etdirirlər.
Biznes
Kapitalist ölkəsinin ən birinci marağı! Hazırda camaşırxanalar ölkənin ən gəlirli biznes sahələrindəndir. Mövcud 35 min camaşırxanadan ildə 5 milyard dollar gəlir əldə edilir. Ona görə də sahibkarlar belə camaşırxanaların saxlanılmasında, rəqabət üçün yeni imkanların verilməsində maraqlıdırlar.