Kral ailəsinin qətli, nankor sevgili, qanlı nahar süfrəsi SƏBUHİ MƏMMƏDLİ YAZIR - FOTOLAR

1087
Kral ailəsinin qətli, nankor sevgili, qanlı nahar süfrəsi SƏBUHİ MƏMMƏDLİ YAZIR - FOTOLAR

“Xəritədə Nepal Çindən aşağıda, Hindistandan yuxarıdadır. Oranın öyrənilməyə layiq flora-faunası fonunda məhəbbət fanatikcəsinə olurmuş. Hamı televiziyadan xəbər tutdu: Nepal şahzadəsi Dipendra eşq yolunda qətllər yapıb, öz kral ailəsinicə qırıb-çatıb. Baho, özü də bu, qart kişi olanda sevib ki. Otuz - az yaş deyil. Burda bircə şey qaranlıq qalır: nə əcəb, indiyəcən sevgini-zadı dadmayıb”.

(Rafiq Tağı, “Şahzadə Dipenderanın məhəbəti” hekayəsindən)

16 il əvvəl, ayın elə bu günü, mərhum yazıçımız demişkən, Çindən aşağıda, Hindistandan yuxarıda yerləşən Nepal adlı ölkədə kral ailəsinin nahar vaxtı baş verənlər nəinki bu ölkədə, bütün dünyada şok yaratdı. Yox, ölkədə çevriliş-filan baş verməmişdi. Ölkə və dünya daha qanlı və qəddar bir hadisəyə şahidlik etmişdi.

Nepal şahzadəsi Dipendra bütün ailəsini – atasını, anasını, qardaş və bacılarını, süfrə arxasında əyləşmiş daha 8 qohumunu pulemyotun və “Kalaşnikov” avtomatının qabağına vermişdi. Səbəbi isə…

***

Dipendranın 30 yaşı vardı həmin vaxt. Nepalda varlı nəsildən olan Devian Rana adlı qıza vurulmuşdu dəlicəsinə. Rana nəsli nə qədər varlı olsa da, atası kral Birendra Şah və anası kraliça Ayşvariya bu qızı oğlanlarına almaq istəmirdilər.

Rana ailəsi bir əsr Nepalı idarə etmişdi. Ranaların hakimiyyətinə isə 1951-ci ildə Tribhuvan son qoymuşdu, Hindistanın yardımıyla. Ölkə vətəndaş müharibəsinə girmişdi bu çevriliş nəticəsində. On minlərlə nepallı həlak olmuşdu. Amma müharibə Şah ailəsinin hakimiyyəti ələ keçirməsiylə başa çatmışdı.

1970-ci ildə o vaxtkı kral Mahendra hər iki nəsli barışdırmaq üçün Rana sülaləsindən olan Ayşavariyanı oğlu, gələcək kral Birendraya almışdı. Bir il sonra isə elə həmin Dipendra anadan olmuşdu.

Həmin gün kral ailəsi ənənəvi nahara hazırlaşırdı. Hamı stol arxasına keçsə də, Dipendra sarayın başqa bir otağında viski içə-içə bilyard oynayırdı və bərk sərxoş idi. Qulluqçu onu nahara çağırsa da, təhqir edərək qovmuşdu. Nahar otağına keçən qulluqçu “şahzadə gəlmək istəmir” deyincə kral Birendra özündən çıxmışdı. Dipendraya “sarayı tərk elə, ayılanda gələrsən!” - deyə qəzəblənmişdi. Dipendranın qardaşı Niradjan və əmisi oğlu Paras belə onu yola gətirə bilməmişdi. Bundan sonra öz yataq otağına çəkilmişdi Dipendra. Sonradan məlum olacaqdı ki, düz bir saat sevgilisi Devian Rana ilə telefonla danışırmış. Devian həmin vaxt Hindistanda yaşayırdı.

Sevgilisiylə danışandan sonra nahar otağına qayıtmışdı. Əlində H&K MP5 pulemyotu və İtaliya istehsalı olan Franchi SPAS-12 tüfəngi. Bir “Kalaşknikov” avtomatını isə qapı arxasına qoymuşdu.

Əvvəlcə tavana atəş açmışdı. Sonra isə atasına tərəf. Bundan sonra gülləni yağış kimi yağdırmışdı stol arxasında oturanlara. Qardaşı Niradjan və bacısı Şruti, habelə əmisi Dxirendra, bibiləri Şanti və Şarada, xalası Canti yerindəcə həlak olmuşdular. Ümumilikdə stol arxasında əyləşənlərdən 12 nəfəri yerindəcə ölmüşdü.

Yeri gəlmişkən, atılan güllələrdən dördü anasının sifətinə dəymişdi. Nəticədə tanınmaz hala düşmüşdü. Onun dəfn mərasimində üzünü farforla örtmüşdülər. Dipendra hamını güllələyəndən sonra bir xırıltı eşdir. Atası imiş. Amma ona aman vermir. Başından gülləylə vurur.

Bundan sonra isə bir güllə də özünə. Onu və başqa yaralıları hospitala aparırlar. Dipendera komaya düşür. Amma bununla belə o, varis idi. Həmin gün də kral elan edilir. Komadan ayılandan sonra hansı hərəkəti etdiyini biləndə şoka düşür və özünü vurur.

Xəbər ildırım sürətiylə Nepala yayılır. Və hakim media dərhal hərəkətə keçir. Guya avtomat Dipendranın əlində təsadüfən açılıb və bədbəxt hadisə baş verib. Ailədə heç kim sağ qalmadığından əmisi Qyanendra kral seçilir. Amma əmi krallığı qoruya bilmir. 13-cü əsrdən bu yana davam edən krallıq respublikaya çevrilir.

Devian Rana isə baş verənlərdən Hindistanda xəbər tutur. Xanım Devian Rana, hə, o, hələ də Hindistanda yaşayır. 2004-cü ildə London İqtisadiyyat məktəbini bitirib. 2007-ci ildə film prodüserinə ərə gedib və indi bir oğlu var. Dipendra isə...

İndi Dipendra onun heç yadına da düşmür...

 

 

Xəbər lenti