Yadplanetlilərin varlığına dair ağıl qarışdıran iddialar və nəzəriyyələr bitmək bilmir. Müəyyən bir təbəqə tərəfindən yadplanetlilərin varlığı ilə bağlı iddialı açıqlamalar gələndə, digər bir təbəqə bütün bunların insanları bir növ aldatmaq, əyləndirmək məqsədilə ortaya atılan cəfəngiyyat olduğunu deyir. Yadplanetlilərin varlığına inanan bir çox insanın arxasına sığındığı bir arqument var: bu ucsuz-bucaqsız kainatda tək olmayacaq qədər dəyərsiz varlıqlar olmağımız. Bu arqumenti sübut etmək məqsədilə son dövrlərdə bir çox layihə həyata keçirildi.
Yadplanetlilərin varlığını qəbul edən hər kəsin ağlında isə tək bir sual yaranır "Haradadılar?”. O üzdən biz də özümüzə bu sualı veririk və cavab axtarmaq üçün mikro sayıla biləcək miqyasda kiçik bir araşdırmaya başlayaq.
Aydın bir gecədə gördüyümüz göy üzünü ucsuz-bucaqsız dərya kimi təsəvvür edək. Əslində isə yalnız çox yaxın qonşularımızı görürük. Ən aydın gecələrdə belə gördüyümüz ulduz sayı 2500-i keçmir. 2500 ulduz planetimizdə olan bütün ulduzların yüz milyonda biridir. Bu 2500 ulduzun dərhal hamısı bizə 1000 işıq ilindən daha yaxındır. 1000 işıq ili isə qalaktikanın miqyasının 1 faizidir.
Ulduzlar və qalaktikalardan bəhs edərkən, insanları üzərində düşünməyə sürükləyən və zehinləri uzun müddətdir ki, məşğul edən bu sual ağla gəlir: "Bizdən başqa ağıllı həyat varmı?" Bu suala cavab vermək üçün yola çıxan NASA-nın iş ortaqlarından olan Bigelow Aerospacein icraçı direktoru Robert Bigelov yadplanetlərlə bağlı maraqlı bir iddia ortaya atıb. (Bu barədə dünən “Fəzalılar burnumuzun dibindədir”- NASA-ya milyonlar xərcləyən şəxs” sərlövhəli yazımızda qısa məlumat vermişdik. Bigelova görə, yadplanetlilərin mövcudluğu ilə bağlı suallara cavab axtarmağa ehtiyac yoxdur, çünki, yadplanetlilər onsuz da Dünya və aramızda yaşayırlar.
Hazırda Beynəlxalq Kosmik Stansiya üçün hava ilə doldurulan yaşayış sahəsi istehsal edən şirkətin İcraçı Direktoru olan Bigelovla edilən müsahibədən qısa bir hissəni təqdim edək:
“Müxbir: Yad planetlilər inanırsınızmı?
Robert Bigelov: Əlbəttə, inanıram, yadplanetlilərin mövcudluğu ilə bağlı heç bir şübhəm yoxdur.
Müxbir: Bəs, UFO-ların Dünyanı ziyarət etdiyinə inanırsınızmı?
Robert Bigelov: Ortada bir həqiqət var, o da yadplanetlilərin mövcud olduğu. Onların varlığını açmaq üçün milyonlarla dollar xərclədim və bu işdə uğurlu oldum.
Müxbir: Bəs, ictimaiyyətə UFO-lara inandığınızı açıqlamaq riskli deyilmi?
Robert Bigelov: Xeyr, heç bir risk görmürəm”.
Reportajın ən maraqlı hissəsi isə belədir:
“Müxbir: Bir halda ki, pulunuzu bu yolda qoyacaq qədər irəli getmisiniz, sizcə fəzalılarla ünsiyyətə keçə bilərikmi? Haradadı onlar?
Robert Bigelov: Yadplanetləri tapmaq üçün çox uzağa getməyə ehtiyac yoxdur. Onlar tam olaraq burnumuzun dibindədir, bu Dünyada bizimlə birlikdə yaşayırlar”.
Bunları oxuduqdan sonra "Bəs, bu mövzuda hökumətlərlə və ya digər dünya dövlətlər ilə əldə edilmiş nə kimi sənədlər var?” -deyə düşünsəniz, onun da cavabı var.
ABŞ Müdafiə Nazirliyinin İranda 1976-ci ildə baş verən bir hadisə haqqında hazırladığı hesabatda yazılır: “F-4 təyyarəmiz 45 kilometr uzaqlığında tanınmayan bir obyektə rast gəldi və pilotlar təyyarənin bütün avadanlığının və rabitə vasitələrinin nəzarətini itirdi. Obyektdən uzaqlaşmağa başladıqdan sonra isə bütün cihazlar yenidən işləməyə başladı".
Keçmiş MKİ rəhbəri Roscoe Hillenkoetter (1960) isə belə deyir: “Görünənin əksinə olaraq bir çox yüksək rütbəli hava zabiti UFO-lar barəsində təşvişdədir. Ancaq dövlətlər elə bir məxfilik içindədirlər ki, cəmiyyət ümumiyyətlə UFO-ların reallığına inanmır, hətta lağ mövzusu edir".
Bigelovun iddia etdiyi kimi yadplanetlilər aramızda yaşayırmı, bilmirik, ancaq yaşamadıqlarını da deyə bilmirik. Tək bildiyimiz şey budur: Kainatda tək olduğumuzu düşünmək okeandan yalnız bir stəkan su götürüb və həmin suya baxaraq balinalar yoxdur deməklə eyni şeydir.