"Bura gəlmədən əvvəl Azərbaycanı digər ərəb, müsəlman ölkələri kimi təsəvvür edirdim. Ona görə ölkəniz haqqında qərəzli fikirlərim var idi. Bu qədər müasir bir mühit və mədəniyyət gözləmirdim".
Mynews.az xəbər verir ki, bunu lent.az-a rumıniyalı, 22 yaşlı Raul Putilean deyir. Eşidib ki, Azərbaycan da müsəlman ölkəsidir, o dəqiqə İran, İraq kimi bir ölkə gözünün önündə canlanıb. Amma bura gələndə çox heyrətlənib, Azərbaycan haqqında düşüncələri tamamilə dəyişib.
Raul UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ikinci kursda oxuyur. Rumıniyanın Bistrita şəhərindən gəlib. Özü burda əcnəbi dostları ilə kirayə qalır. "Erasmus" mübadilə proqramı üzrə aldığı təqaüdlə dolanır. Atası və anası eyni sahədə işləyir. Atası təcili tibbi yardımda sürücü, anası isə dispetçerdir. Özündən balaca, 15 yaşlı bacısı da var.
- Başqa bir ölkədə təhsil almaq seçimim yarananda ilk olaraq Avropa mədəniyyətindən fərqli bir ənənə, mədəniyyət görmək və fərqli bir mühit seçmək qərarına gəldim. Buna görə Azərbaycanı seçmişəm. Bura gəlmədən əvvəl internetdə də axtarış verdim. Əslində Azərbaycanda çox fərqli bir mədəniyyət, fərqli dünyabaxışları gözləyirdim. Ancaq indi görürəm ki, Rumıniyadan elə də fərqli deyil.
Burda dostum da var, iki ildir Azərbaycanda təhsil alır. Azərbaycan haqqında onunla çox danışmışıq. Burdakı yaşayışı, ərzaqların qiymətlərini və əcnəbi turistlərə münasibəti müzakirə etmişik. UNEC-i seçməyi isə "Erasmus" mübadilə proqramı üzrə koordinator təklif edib. Azərbaycanda yaşamaq rahatdır. Şəhəri və buranın havasını çox sevirəm.
Raul yerli vətəndaşlarımızın münasibəti sayəsində burda evindəki kimi hiss edir.
- Həm Rumıniyada, həm də Azərbaycanda insanlar çox mehriban və ünsiyyətcildir. Bu da özümü evdəki kimi hiss etməyimə kömək edir. İnsanları bu qədər mehriban gözləmirdim. Doğrusunu desəm, əcnəbilərə qarşı soyuq davrandıqlarını zənn edirdim. İnsanların bu cür xoş biri olması və ölkədəki qədim tarixi abidələr, relyef məni çox təəccübləndirib.
Azərbaycan dilini bilməsə də, cəmi bircə dəfə ünsiyyətdə çətinlik yaşayıb.
- Azərbaycan dilində danışa bilmirəm. Sadəcə "salam", "sağ ol" və bir-iki cümlə. Harasa gedəndə dostlarımla gedirəm, onlar da ya rus, ya da azərbaycan dilində danışmağı bacarır. Yaşadığım ünvana yaxın dükanlarda satıcılar da məni tanıyır deyə heç vaxt qiymətlərdə aldatmayıblar. İlk dəfə çətinliyim hava limanında oldu. Hava limanında ingilis dilində başa düşəcək və danışa biləcək taksi sürücüsü tapmadım. Axırda dostuma zəng etdim ki, sürücü ilə danışıb ünvanı izah etsin.
Həmsöhbətimiz deyir ki, Bakıda insanları, şəhəri sevir, ancaq milli mətbəximizi bəyənmir.
- Daddığım əksər Azərbaycan yeməkləri quzu, qoyun ətindən hazırlanır. Mən də quzu və qoyun əti yemirəm. İyini xoşlamıram.
Raulun Azərbaycan haqqında mənfi xatirəsi yoxdur.
- Çox maraqlı yerlərdə olmuşam. Xüsusən, Şəki, Lahıc sakinlərini çox sevdim. Adama qarşı elə mehriban, qonaqpərvər davrandılar ki! Yaxşı hiss edək deyə əllərindən gələni etməyə çalışdılar.
Azərbaycan haqqında mənfi xatirəm yoxdur. Özüm də pozitiv biri olduğum üçün gördüyüm hər mənfiyə elə də önəm vermirəm. Düşünmürəm o haqda.
Raulun qəlbini iki qadın fəth edə bilib. Biri öz qızımız (azərbaycanlı), digəri isə əcnəbi. Ancaq seçim etməli olduğundan əcnəbini seçib.
- Burda həm azərbaycanlı, həm də əcnəbi qızla sevgili oldum. Hər ikisi ilə bağlı da gözəl xatirələrim var. İkisini də sevmişəm. Amma azərbaycanlı qızdan ayrıldım. Çünki tam xoşbəxt deyildim. Çox məhdudiyyətlər qoyurdu mənə. Bəlkə də sizin mentalitetlə bağlı idi. Onunla cəmi bir ay sevgili oldum.
İndi əcnəbi sevgilimlə birlikdəyik. Onunla xoşbəxtəm, çünki münasibətimizdə tam fərqli şeylər yaşayıram. Sevgililərim həm məntiq, həm də mədəniyyət cəhətdən fərqli olublar. Tam izah etmək olmur. Azərbaycanlılar sevgili münasibətində bir çox şeyi tənqid edir. Mən hələ də başa düşə bilmirəm ki, sizdə ictimai yerdə niyə öpüşmək, ya əl-ələ tutmaq olmaz?! Bu mənə qəribə gəlir. Başa düşməkdə çətinlik çəkirəm. Azərbaycanlı qızla indi də dost kimi ünsiyyətimiz qalır. Eyni təhsil müəssisəsində oxuyuruq.
"Məncə, azərbaycanlı qızla ailə qurmaq mənə çox çətinlik yaradar"
Raul düşünür ki, müsəlman və xristianın evlənməsi ailədə çox problemlər yarada bilər.
- Azərbaycanlı qızla evlənmək barəsində heç vaxt düşünməmişəm. Amma fikrimcə, belə evlilik mənim mentalitetimə heç uyğun olmaz. Dinlər, mədəniyyətlər fərqlidir. Məncə, azərbaycanlı ailə əcnəbini kürəkən kimi qəbul etməz və xristianı heç qəbul etməzlər. Azərbaycanlı qızla evlənsəm, dinini dəyişərək xristian olmasını tələb etmərəm. Bu, mütləq deyil. Amma düşünürəm ki, azərbaycanlı həyat yoldaşı dostlarım və ailəm arasında problem yarada bilər. Onlar arasında anlaşılmazlıqlar yaşana bilər.
Evlənmərəm deyirəm, amma qismət. Məncə, seçim özümündürsə və çox sevərəmsə, ailəm azərbaycanlı qızla evlənməyimə razı olar.
Bizdə cütlüklər evlənmədən əvvəl birlikdə yaşayır və normal münasibət qururlarsa, evlənməyə qərar verirlər. Əgər adamlar evlilikdən əvvəl birgə yaşamasa, onda dəqiqliklə deyə bilməzsən ki, bu adamı gerçəkdən tanıyıram və geri qalan həyatımı onunla yaşamaq istəyirəm. Sizdə isə mentalitet buna icazə vermir. Bu da münasibətdə tərəflərin bir-birini yaxşı tanımasında problem sayılır.
Rumıniyalı tələbə ilk dəfə Azərbaycanda tatunun xına ilə çəkildiyini görüb və çox xoşuna gəlib.
- Heç vaxt bu haqda eşitməmişdim və necə edildiyi maraqlı gəlirdi. Tatunun xına ilə çəkilməsi çox maraqlıdır.
Azərbaycan oğlan və qızları haqqında düşüncələri nələrdir?
- Qızlarınızın geyim tərzini çox bəyənirəm. Dəbli geyinirlər. Gənclərinizlə sadəcə yaxşı ünsiyyətdə olmaq və onlarla dostluq etmək istəyirəm. Bir də nə qədər ki burdayam, Azərbaycanın qəşəng yerlərini gəzmək arzusundayam. Yaşamaq və gəzmək üçün möhtəşəm yerdir.
Təhsilini bitirəndən sonra isə diplomat olmaq istəyir.
- Azərbaycan təhsilində fərq burda imtahanların keçirilməsi və qiymətləndirilmə üsulundadır. UNEC-də bizə dərs deyən bütün müəllimlər peşəkardır və onların öyrətmə üsullarını çox yaxşı dəyərləndirirəm. Təhsilimi bitirəndən sonra Rumıniyaya qayıdıb-qayıtmayacağıma dair qərar verəcəyəm. Gələcəkdə diplomatik karyera qurmaq istəyirəm.