Mynews.az lent.az-a istinadən son zəng günü üzə çıxan 17 xüsusiyyəti təqdim edir.
1. Siqaretlə, içki ilə ilk tanışlıq - Son zəng günü sinfin ən sakit, mədəni, dilinə içki vurmayan, damağına siqaret almayan təbəqəsi artıq bu pis vərdişləri ayin kimi yerinə yetirməyə məcburdurlar. Siqaret çəkən, içki ilə dost olan uşaqlar sözü bir yerə qoyur ki, hamı bu gün içəcək və çəkəcək. O günü siqaretin tüstüsü ilə ilk tanışlıqdan öskürən kim, içib özünü itirən kim...
2. Kosmetika ilə ilk tanışlıq - Gözəllik ondur, doqquzu dondur, biri də kosmetika. Kosmetika ilə milli qızlarımızın çoxu son zəngdə tanış olur. Ondan əvvəl yaxınlaşmağa ehtiyat edirdilər. Hələ cavansan, nə yaşın var? Kosmetikasız da keçinmək olar. Amma son zəngdirsə... Olar... Xəfif-xəfif...
3. Əl-ələ tutmaq - Ən böyük problemdir. Qızlar hər dəfə nəm-nüm eləyir, mübahisə yaradır, bəyənmədiyi oğlanla əl-ələ tutmamaq üçün dəridən-qabıqdan çıxır. Axırı, püşk atma ilə ağ bayraqlar qaldırılır.
4. Bulvarda öpüşmək... - Pah! Son zəngin ən yadda qalan, əyləncəli, eyni zamanda çox çətin bir anı... Bulvara gedirsən, səni dairəyə alırlar. Adətən qızlara "öpüşmək" cəzası verilir. Bundan başqa mahnı oxumaq, şeir demək, rəqs eləmək cəzaları da var.
5. Azadlığı daha ucadan yaşamaq - Deməli, sənə deyiblər ki, bu gün azadsan, nə istəyirsən elə. Artıq məktəb divarlarından qurtulub quş kimi pərvazlana, ox kimi süzə, hara istəsən gedə bilərsən. Amma və lakin! Bəziləri bunun ağını çıxarır, azadlıqdan sui-istifadə edir. Məhz bu cür dələduzların üzündən polis gücləndirilmiş iş rejiminə keçir.
6. Köynək yazıları... - Bu da gözəl ayindir. Hamı köynəyə xoş sözlər yazır. Narazılıq eləyən də olur təbii. Hələ əlində köhnə köynək gətirib yazıları ora yazdırmaq istəyənlər də... Amma ən gözəli bilirsiniz nədir? Hamı həmin gün and içir ki, o köynəkləri heç vaxt yumayacaq, olduğu kimi saxlayacaq, o yazılar su üzü görməyəcək...
7. Göz yaşları - Adətən son zəng çıxışlarında duyğusal məqamlar olur. Həssas, tez ağlayan uşaqlar durarmı heç? Göz yaşından bir şeir deyirlər ki, gəl görəsən. Bəzən müəllimlər də onlara qarışır. Onlar ağlayar, bunlar ağlayar. Amma bu göz yaşlarına sevinc də qoşulub. Narahatçılığa əsas yoxdur.
8. Günəşi qarşılamaq... - Daha çox oğlanlar buna razılıq verir. Qızlar göy üzü bir azca qaralan kimi "atam məni öldürər" bəhanəsi ilə evə dağılışarlar. Oğlanlar isə şəhərin canına atılarlar. Günəşi qarşılayacaqlarına and içərlər. Ancaq metro bağlanmamış evə tələsərlər.
9. İfrat mehribanlıq - Bu da var! Hamıyla qucaqlaşmaq, öpüşmək, xoş sözlər demək bir-birinə. Guya bu adamı illərdir görmür. Həddindən artıq mehribanlıq yanaqları tüpürcək gölünə çevirir. Soyuq, adamayovuşmaz, laqeyd uşaqlar üçün bu mehribanlıq heç də arzulanan deyil.
10. Barışmaq - Məktəbin son günüdü. Küsülülük nə deməkdir? Bu zəng barışmaq üçündür, hamıyla, Tanrıyla, yaşamınla da... O müəllim o vaxt məni süründürürdü... Nə olsun?! Bu gün barış. Onsuz da bir daha səni süründürə bilməyəcək. Elə də şagirdlər. Yollar ayrılır. Nə qədər kədərli olsa da, hər kəs öz çuxuruna dolacaq.
11. İstedad nümayişi - Belə uşaqlar var, bu cür əlamətdar gündən istifadə edirlər. Sən demə, bu mahnı oxuya bilirmiş. Ay qardaş, neçə ildir, bir yerdə oxumuruq, hardan çıxdı sənin bu istedadın? Niyə gizlədirdin? Bir də gördün, mikrofonu aldı, cır səs aləmi başına götürdü, qulaqlar tutuldu gurultudan. Onun bu istedadını nümayiş etdirməsi sinif yoldaşlarının qəhqəhəsi ilə sona çatır.
12. Avtoşluq - Atasının maşını nə günə durur? Belə günlərdə "risovkalıq" eləməyəcək də, nə vaxt eləyəcək?
13. Köhnə şagirdlər - Son zəng günü hələ tədbir başlamadan maşınları ilə marıta yatan məktəbin köhnə şagirdləri də olur. Onlar bir yerdə durub ətrafı müşahidə eləyirlər. Görək, biz qoyduğumuz məktəb necədi, kimlər gəlir, kimlər gedir. Bəzən onlara çıxış üçün söz də verilir.
14. Həbs - Bu həbsin vaxtı elə də çox deyil. Müəllimlər son zəng günü uşaqları bir otağa yığıb həyatın çətinliklərindən dəm vururlar. Uşaqlar da zarafat edirlər, bu qulağından alıb o qulağına ötürürlər, bəziləri narahatlıqla saata baxırlar... Vaxt keçmir, amma illər keçir...
15. Sataşmaq - Məzun köynəyində birini görəndə elə bil aydan gəlmiş adam görürlər. Qızlar məzun oğlanlara, oğlanlar da məzun qızlara sataşırlar, söz atırlar, qırmızı lentini dartırlar.
16. Göyərçin uçurtmaq - Gözəldir, bir az da qəmlidir. Artıq sən böyümüsən deməkdir. Özün öz ayaqlarının üstündə durmalısan. Yüksəkliklər səni gözləyir. Sənə qanad verdik, uç, bacardığın qədər uç...
17. Eşq elanı - Günün sürprizidir! Qəfil o ağ atlı oğlan çıxır meydana, əzbərlədiyi cümlələri tələsə-tələsə, kəkələyə-kəkələyə deyir və xüsusi bir hədiyyə verir. Bu yerdə qız əllərini heyrətdən açılmış ağzına tərəf aparır.
Və filmin sonu.