"Seksual inqilab" anlayışı yanlış olaraq XX əsrin ikinci yarısı ilə əlaqələndirilir. İkinci Dünya müharibəsindən sonra dağılmış iqtisadi şərait, həyata yeni baxışlar və müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Amma tarixi vərəqləyərkən görünür ki, Qədim Roma dövründən başlayaraq ötən əsrlərdə də seksual inqilablar olub.
Qədim tayfaları başlanğıc nöqtə kimi götürsək, o zaman orada ümumiyyətlə, seksə qarşı heç bir qadağa yox idi. Yalnız sivilizasiya anlayışı meydana çıxandan sonra intim münasibətlər müəyyən qadağalar almağa başlayır, reqlamentləşdirilir, ailə institutları yaradılır, əxlaq normaları aşılanır və s. Qadağa prosesi çox yavaş gedir, məsələn, qədim Yunanıstanda ailə institutu mövcud olsa da, seksual xarakterli qadağalar yalnız qadınların üzərinə edilirdi, kişilərdə isə hətta bir-biri ilə cinsi münasibətlər tam leqal idi.
Qədim Romada "seksual inqilab" dövrü eramızın I əsrində Kaliqulanın hakimiyyətə gəlişi ilə başlayır. Nikahdan kənar intim münasibətlərə qapı açan imperator, bir qədər irəli gedərək, ölkədə istənilən formada cinsi özbaşınalıq yaradır. Məlumdur ki, imperator özünü yer üzündə Allahın təcəssümü elan etmişdi. O, bacısı Druzillanı özü bakirəlikdən məhrum edir, ərə verir, sonra isə yenidən geri götürür. Onun müxtəlif orgiyalarda iştirakı haqda rəvayətlər tarixə məlumdur. Hətta yazılır ki, Kaliqula seçib bəyəndiyi qadını saraya aparır, sonra isə qadının ərinə onun yataqda necə olmasını danışırdı.
Təbii ki, əgər imperator özünə belə şeyləri rəva bilirdisə, sadə xalq da bu cür seksual özbaşınalıqdan məmnun görünürdü. Qadın satışı ilə məşğul olan "dükanlara" hər tində rast gəlmək olardı, hətta hakim elitanın qadınları da fahişəliklə məşğul olurdular.
Roma imperiyasının süqutundan sonra kef əhlinin qaranlıq günləri başlayır. Çoxallahlılıq və bütpərəstlik yerini xristianlığa verir. Bir çox dünyəvi istəklər, o cümlədən azad seks yavaş-yavaş qadağan olunur və bu qadağalar bir neçə əsr davam edir.
Sonra Orta Əsrləri İntibah dövrü əvəz edir. 1453-ci ildə Osmanlı İmperiyasının Bizanslıları darmadağın etməsindən sonra ikincilər kütləvi şəkildə Avropaya qaçmağa başlayırlar. Onlar antik dövrün ənənələri ilə, eyni zamanda cinsi azadlıqlarla avropalıları yenidən tanış edirlər. Əlbəttə ki, bu təbliğat çətin olmur. Çünki katolik kilsəsinin uzun illər irəli sürdüyü kəskin qadağalardan yorğun olan xalq, özündə dünyəviliyə meyilliliyi tez biruzə verir. Onlara görə təbiətin gözəlliyi, hər cür azadlıq, o cümlədən seks günah hesab edilməkdən çıxır.
XVI-XVIII əsrlərdə kurtizankalar (elit fahişələr) geniş vüsət alır və ən favorit peşə hesab olunur. Heç kim öz bədənini qiymətli hədiyyələr müqabilində cəmiyyətdəki nüfuzlu adamlara satmağı eyib hesab etmir.
Böyük Yekaterinanın sevgi macəraları haqqında əfsanələr tarixdə məlum hadisələr hesab olunur. Məsələn, Rus Tarixi Ensiklopediyasına düşən bir rəvayətə görə, bir dəfə kraliçanın cari sevgilisi Potyomkin xarici səfərdə olur. Yekaterina gəzinti zamanı, uzaqdan yaraşıqlı ocaqçı görür və ona gözü düşür. Onun öz iqamətgahına gətirilməsini əmr edir, o yaraşıqlı ocaqçı buxarı qalamağa çalışarkən, Yekaterina yaxınlaşaraq, sakitcə qulağına: "Kraliçanı başqa cür isidərlər…" deyir. Səhəri gün məlum olur ki, fərasətli ocaqçı zadəgan titulu ilə təltif olunur və 10 minlərlə pul mükafatı alır. Onun soyadı Teplov idi.
Lakin XIX əsrə aid protestant kilsəsi mənəviyyat üzərində nəzarəti yenə öz əlinə ala bilir. Dövr, tarixdə viktorian dövrü kimi tanınır. Britaniya kraliçası olan Viktoriya əxlaq məsələlərində çox ciddi idi. Onun dövründə nikahdan kənar intim əxlaqsızlıq hesab olunurdu, homoseksualistlər isə ya ruhi xəstəxanaya, ya da həbsxanaya göndərilirdilər.
Sənayeləşmənin inkişafı ilə qadınlar daha çox "kişi" peşəsinə yiyələnmək imkanı əldə edirdilər. Cəmiyyətdə öz əhəmiyyətlərini dərk etməyə başlayırlar və müxtəlif qadın hərəkatıları yaranır. Bunun ardınca isə "feminizm" meydana gəlir. Qadınlar öz hüquqları uğrunda mübarizə aparmağa başlayır: Abort üçün qadağaların ləğvi, istədikləri vaxt boşanma və nikahdan kənar seks. Tarixi incələdikcə görünür ki, insan sivilizasiyanın başlanğıcından günümüzə qədər daima rəsmi qadağalara etiraz edərək inqilablar edib. "Seksual inqilab" tabusu XXI əsrdə tam olaraq aradan qalxmasa da, məhz bir neçə inqilab görmüş Avropada artıq "nikahdan kənar seks" ifadəsi demək olar ki işlənilmir, çünki buna əxlaqsızlıq kimi baxılmır.
publika.az