Gündəmi yenə öpüşmək mövzusu zəbt edib. İki gənc hansısa metro stansiyasının eskalatorunda hisslərinə hakim ola bilməyib və öpüşüb.
Alqışlanası hal deyil, amma ictimai yerlərdə öpüşən gəncləri bu qədər təhqir etmək, intihar həddinə çatdırmaq, daş-qalaq etmək haqqımız yoxdur. "Kim günahsızdırsa, birinci daşı o atsın".
Köhnə və orta nəslin əksər nümayəndələri əxlaq normalarından çıxış edib tənqidə üstünlük verirlər. Lakin unutmayaq ki, qarşı tərəfin də arqumenti var: "Bəs harada öpüşək?" Buyurun, cavab verin. 22 yaşlı gənclər harada öpüşsünlər? Parkda? Olmaz, ictimai yerdir! Metroda, avtobusda? Ayıbdır, olmaz! Qanunsuz "görüş evləri"nə üz tutsunlar? Bu, məlum səbəblərdən riskli addımdır. Həm də gəncdə 30-40 manat nə gəzir? Yaxşı, bəs nə edək? Bəlkə parklarda ödənişli "öpüş otaqları" açaq? Buna da bir mız qoyacaqlar. Bəlkə gəncləri 15-16 yaşından evləndirək? Necə? Normal təhsil almamış, iş-güc sahibi olmamış, ev almağa imkanı çatmayan gənc necə ailə qursun? Ailə həyatı qurana qədər nə etməlidir? Sualların ardı-arası kəsilmir, amma normal bir cavab yoxdur.
Bəs heç kimin ağlına gəlmədi ki, hər şeydən əvvəl o videonu çəkib paylaşan, həmin gənclərin təhqir olunmasına şərait yaradan insan cəzalandırılmalıdır? Kim ona ixtiyar verib ki, qarşı tərəfin razılığı olmadan videonu çəkib yaysın? Bu hərəkət birbaşa cinayət məsuliyyəti yaradır.
Məgər alt paltarından tutmuş adını burada çəkə bilmədiyim müxtəlif vasitələrin açıq-aşkar reklam olunduğu, tərbiyəsiz ailə üzvlərinin ürəkbulandıran münaqişələrindən tutmuş doğuşhallarını anbaan təsvir edən serialların yayımlandığı, hər gün şou-biznes əhlinin heç kimə lazım olmayan şəxsi həyatından bəhs edən bir çox televiziya kanalları əxlaq mücəssəməsidir? Kinolarda, hətta cizgi filmlərində ailəvi şəkildə baxdığımız öpüş səhnələri normaldır, amma iki gəncin haradasa öpüşməyi anormal?
Köhnə, lakin sağlam düşüncəli nəslin nümayəndələri də etiraf edər ki, sovet Bakısında gənclər daha rahat, daha sərbəst idi...
Mövzunu acı-bağırsaq kimi uzatmaq, gəncləri təhqir edənlərə çox cavab vermək olar. Lakin bu suala normal cavab tapan olsa, məsələyə bir də qayıdarıq: "Gənclər harada öpüşsünlər, qucaqlaşsınlar?" Heç yerdə? Bəs onda nə etsinlər?
Küçədə əndazəni aşmaqla öpüşməyin mən də tərəfdarı deyiləm, amma əleyhinə olmaqla, təhqir etməklə problemi həll etmək olmur. Əgər məsələni həll edə bilmiriksə, yaxşı olar ki, bu mövzuya heç toxunmayaq, bu qədər ajiotaj yaradıb özümüzü biabır etməyək.
Bu, yemək və içmək kimi təbii bir ehtiyacdır və bu təbii ehtiyacı ödəyə bilməyən əksər gənclər çox aqressiv olurlar. Bu aqressiya onları müxtəlif pis vərdişlərə, hətta cinayət əməllərinə sürükləyir. Bəlkə heç olmasa sonuncu suala cavab verək: hansı daha təhlükəlidir - öpüş, yoxsa cinayət?
Bəxtiyar Hacıyev
milli.az