Bu gün bəzi şəhər sakinlərimiz Ümumdünya Bakılılar Gününü qeyd edir.
Düzdür, bu bayram rəsmi şəkildə keçirilməsə də, bakılılar özləri belə bir günün olduğunu iddia edir. Məsələn, Azərbaycanın xalq artisti Ağaxan Salmanlı feysbuk səhifəsində həmşəhərlilərini Ümumdünya Bakılılar Günü münasibətilə təbrik edib.
Ümumiyyətlə, təqvimdə belə bir gün varmı? Bu bayramı kim, harda, necə qeyd edir? Bakılıların özəlliyi nədir? Köhnə Bakı ilə yeni Bakı arasındakı fərq nədədir?
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, bakılılar və Bakı barədə sualları xalq artisti Ağaxan bəy belə cavablandırıb:
"Əvvəla onu deyim ki, bir Bakılı kimi bütün rayonları kəndbəkənd gəzmişəm. Heç vaxt bakılı olduğuma görə də rayon adamları ilə problemim olmayıb. Düzdür, bu gün əvvəlki Bakıdan əsər-əlamət qalmayıb. Bakı əhli həmişə kənardan gələnlərə səxavətli olub. Amma illər, əsrlər keçsə də, Bakıda dəyişməyən bir şey var: böyük-kiçik məsələsi. Mən adicə küçədə, ictimai nəqliyyatda gördüyüm insanın xırda bir hərəkətindən tuta bilirəm ki, o haralıdır. Gözünün içindən, baxışından anlayıram ki, əsli-nəsli nədir. Məsələn, bir cavan gəlin keçirsə, bakılılar tez üzünü sağa, ya sola döndərirlər. Elə ki, döndərmədi, əksinə, gözünü zilləyib baxdı, demək ki, o gəlmədir. Bakılı belə hərəkət eləyə bilməz!"
Bakılı müğənni Elariz isə deyib:
"Həyatım boyu bakılı olmağımla fəxr etmişəm. İçərişəhəri həmişə sevmişəm. Beynəlxalq Bakılılar Günündə həmyerlilərimi təbrik edirəm. Bəli, Bakı hər gün dəyişir, inkişaf edir, meqapolisə çevrilir. Buna sevinmək lazımdır. Mənim kənddən gələn qohumlarım Bakıya çatanda əsəbiləşirlər. Deyirlər ki, maşın sürə bilmirik, tıxacdır, sıxlıqdır. Ürəkləri sıxılır, şəhərdən getmək istəyirlər. Amma mən publikanı sevirəm.
Şəhər həyatı başqadır, kənd həyatı başqa. Ona görə də kənddən şəhərə gələnlərin davranışlarında, danışığında, hətta geyimində fərqlər olur. Bu normaldır, amma heç kimə əsas vermir ki, kiməsə yuxarıdan aşağı baxa. Ümumiyyətlə, əsl bakılı kənddən gələnə əyri baxmaz və baxmır da! Elə bir şey yoxdur, ola da bilməz!"
Tanınmış bakılı teleaparıcı Yeganə Cansail isə bildirib:
"Bakılılar Günü neçə ildir ki, iyulun 1-də qeyd edilir. Yəqin ki, bakılı olmayanlar bunu qəbul etmək istəmirlər. Düzünü desəm, Bakılılar Günü kimi tanınan bu tarixin dəqiq nə vaxtdan bayram kimi qeyd olunduğunu bilmirəm. Amma Bakılılar Günüdür də! Onsuz da bakılılar azalıb. Niyə onların xüsusi günü olmasın ki? Düzdür, Azərbaycanı bölgələrə bölməyi sevmirəm. Amma Bakı ayrı aləmdir, onun öz koloriti var. Bir bakılı balası kimi bu günü xüsusi olaraq qeyd etməsəm də, bakılıları təbrik edirəm. Mən bilirəm ki, bakılılar üçün köhnə Bakı daha əziz idi. Bugünkü Bakı bir az yadlaşıb. O deyil... Amma istənilən halda Bakı mənim üçün dünyadakı bütün şəhərlərdən əziz və doğmadır. Bakılıların özləri üçün bayram kəşf etmələrinin də nəyi pisdir ki?! Yaşasın Bakı! Yaşasın Bakılılar!"