Dünən metroda 3 nəfər zahirindən dindar olduqları görünən cavan oğlanın söhbətinə qulaq müsafiri oldum. Peyğəmbər (s) səhabələrinin buraxdığı səhvlərdən başladılar, sonda da müasir din alimləri və müctəhidlərin "günahlarını" müzakirə etdilər. Hətta biri daha irəliyə gedərək hazırda dinin elə alimlər tərəfindən təhrif edildiyini söylədi. Eyni zamanda gündəmə Hacı Filankəs moizəsində belə dedi, Hacı Bəhmənkəsin bu addımı yanlış idi kimi söhbətlər də oldu. Bir neçə sual yarandı qəlbimdə. Görəsən bizim bu gün vəzifəmiz nədir? Alimlər, müctəhidlərdə səhv tutmaqmı? Yoxsa ruhanini ittiham etməkmi? Bəlkə özümüzü kifayət qədər ağıllı saymaqmı?
Mən iddia etmirəm ki, alim, ruhani lap elə müctəhid məsumdur və səhv edə bilməz. Bu mümkündür. Onu da iddia etmirəm ki, biz gördüyümüz səhvlərə göz yummalıyıq ki, filankəs ruhanidir. Amma əvvəl gərək özümüzə heç olmasa əvvəlcə bir güzgüdə, sonra isə daxilən baxaq. Axı mən kiməm? Nəyə qadirəm? Nə qədər bilirəm? Belə sualları özümüzə verək. Özümüz üçün aydınlaşdıraq ki, hələ özümüzü düzəldə bilmişikmi? Bu suala cavab tapandan sonra ən yaxınlarımıza baxaq. Baxaq görək doğma qardaşımızı, bacımızı, lap elə ailəmizi Allahın inayəti ilə hidayət yoluna çatdıra bilmişikmi? Yaxud da səhər evdən çıxanda, axşam evə gəlib süfrəmizdə oturub isti yeməyimizi yeyəndə qonşumuzdan xəbərimiz varmı? İbadətlərimizi vaxtında yerinə yetirikmi? Axı biz nəyə qadirik?
Yoxsa ordan-burdan eşitdiyimiz 5-10 kəlimə ilə söz döyüşünə girib elə ilk əks-hücumda geri çəkilənlərdənik? Təəssüflər olsun ki, bu gün sosial şəbəkələrdə din adına olunan müzakirələrin əksəriyyətinin heç birimizə faydası yoxdur. Heç kim bizdən qəbrin ilk gecəsi filan hacının hansı əməli necə etdiyini soruşmayacaq. İslam ehkamının ibtidaisini bilməyən birinin müctəhid, ruhani alim barədə fikir yürütməsi nəyə bənzəyir? Axı biz niyə həmişə əsas hədəfə doğru deyil ortalığa atılan lazımsız işlərin ardınca gedirik?
Bu gün əsas hədəfimizin nə olduğunu bizə izah edənlərin dalınca danışır, özümüzü hamıdan ağıllı hesab edirik. Axı niyə gözümüzün önündə qəsdən yerləşdirilmiş pərdələri görmürük? Dünyaya niyə gözümüzün ölçüsü olmayan eynəkdən baxırıq?
P.S. Bütün bu sualların bir cavabı var. Biz hələ təvəkkül etməyin mənasını anlamamışıq. Biz hələ zənn edirik ki, qıldığımız namazlar, ac qalmaqdan başqa faydası olmayan oruclar, yaxud verdikdən sonra 10 adama haqqında danışdığımız 10 qəpiklər bizi qurtaracaq. Bunamı ümid edirik?